z

"Dərnəgül"

  • İstismara verildiyi tarix:

    29 iyun 2011-ci il

  • Xətt:

    Yaşıl

  • Yollarının uzunluğu:

    100 m

  • Ünvanı:

    S.S.Axundov küçəsi

"Dərnəgül"stansiyası

Açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə keçirilən stansiyanın yerüstü sahəsini əhatə edən 10,2 hektarlıq ərazidə yeni park salınıb, abadlıq və yaşıllaşdırma işləri görülüb, sel suları üçün kanalizasiya sistemi tikilib, su kəməri çəkilib, suvarma sistemi yaradılıb. Sakinlərin istirahəti üçün 34 oturacaq, xarici işıqlandırma sistemi üçün 120 işıq dirəyi quraşdırılıb, asfalt örtüyü salınıb.
Stansiyanı elektrik enerjisi ilə 10 kilovoltluq yarımstansiya təmin edir.
Bakı Metropolitenində platforması sütunsuz olan ikinci stansiyadır. Buraxılış kompleksinin ümumi uzunluğu 1548, stansiya kompleksinin ümumi uzunluğu isə 302 metrdir. Stansiyanın girişlərinin üzərində informasiya monitorları quraşdırılıb. Stansiyaya daxil olmaq üçün iki yeraltı keçid və dörd giriş-çıxış var.
Müasir üslubda inşa olunmuş stansiya bədii-memarlıq tərtibatı ilə diqqəti cəlb edir. Obyektdə platforma döşəməsinin və yol divarlarının ornamentlərinin işlənməsində Azərbaycan memarlıq ənənələri əsas götürülüb və təməli hələ SSRİ dövründə qoyulmuş metro inşaatında milli memarlıq məktəbinə yeni cizgilər gətirib.
Stansiya plaftormasında yerləşən oturacaqların yanlarının butaşəkilli ornamentlərlə işlənməsi onu daha zövqlü edir. Stansiyanın üzləmə işlərində Ukrayna, Türkiyə və Hindistandan gətirilən təbii mərmər və qranitdən istifadə olunub. Sütunsuz tağvarı sərnişin platforması Almaniya istehsalı olan yüksək estetik görünüşə malik, yığma lövhəli asma tavan tipli sistem vasitəsilə işıqlandırılır.
Bakı metropolitenində “SOS” həyəcan sistemi ilk dəfə burada işə salınıb. Tunel və stansiyaları tam əhatə edən və birbaşa server mərkəzinə ötürülən videomüşahidə sistemi ilk dəfə burada tətbiq olunub.
Stansiyada platformadan kassa zalına çıxış üçün Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Tugela” tipli üç eskalator quraşdırılıb. Yeni tipli müasir elektron interval saatları ilk dəfə bu stansiyanın platformasında quraşdırılıb.
Stansiyaya daxil olan qatarlarda Vasif Adıgözəlovun “Bakı” mahnısından fraqment səslənir.