z

Ümumi məlumat

Metro xəritəsi pdf faylı

Baku Metro map

XX əsrin əvvəllərindən Bakının mənzərəsi gözəlləşir, şəhər günbəgün böyüyür və inkişaf edirdi. Yeni-yeni sənaye obyektləri, zavodlar, fabriklər tikilib istifadəyə verilirdi. Şəhərə axın sürətlənir, yerüstü nəqliyyat vasitələrinin imkanları məhdudlaşırdı. Məhz buna görə Bakıda metropolitenin inşası qərara alındı.
1949-cu ildə Bakı “Baştunelmetrotikinti” İdarəsi yaradıldı. Bu idarə Bakı metropoliteni tikintisinin baş podratçısı vəzifəsini öz üzərinə götürdü. Layihə işlərinin həllində operativlik yaratmaq üçün 1951-ci ildə Moskva Layihə Axtarış İnstitutu olan «Metrodövlətnəqliyyatlayihə» İnstitutunun ”Bakımetrolayihə” adı altında filialı yaradıldı. Beləliklə, ağır əmək şəraitində inşaatçılar böyük həvəslə üç növbədə işləyir, işin tempinin aşağı düşməməsi üçün gecələr də çalışırdılar.
1966-cı ildə yaradılan Bakı Metropoliteni İdarəsi tərkibində 6 xidmət - hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri olmaqla, Yaxın Şərqdə ilk, postsovet məkanında isə beşinci metropoliten oldu.
1967-ci il noyabrın 6-da 5 stansiyadan ibarət - "Bakı Soveti" (indiki - "İçərişəhər"), "Sahil", "28 Aprel" (indiki - "28 May"), "Gənclik" və "Nərimanov" 9,2 km-lik yeraltı xətt istifadəyə verildi. Üçü dərin özüllu olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başladı. Bununla da, “28 May” stansiyası “Nəriman Nərimanov” və “Xətai” stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrildi.
Metro tikintisinin ikinci və üçüncü növbələrində isə işlər öz ahənginə uyğun olaraq davam edirdi. “28 May” stansiyasından “Nizami” stansiyasına qədər olan 2,26 km-lik sahə ikinci növbəyə, “Nəriman Nərimanov” stansiyasından “Neftçilər”ə qədər olan 6,3 km-lik sahə isə üçüncü növbəyə aid idi.
Lakin ikinci sahənin tikintisində qarşıya çıxan böyük çətinliklər, əsas diqqəti üçüncü sahəyə yönəltdi və bu xətti tikib istifadəyə vermək barədə qərar qəbul edildi.
1970-ci il aprelin 22-də Bakının sənaye rayonunda “Nəriman Nərimanov”dan sonrakı ”Ulduz” stansiyası istifadəyə verilməklə xəttin uzunluğu daha 1,5 km artdı.
İnşaatçılar isə yeraltı yolları şəhərin böyük yaşayış massivi olan “8-ci kilometr” qəsəbəsinə doğru aparırdılar. 1972-ci il noyabrın 6-da bu istiqamətdəki 5,3 kilometrlik metro xətti qəsəbənin mərkəzi hissəsinə gəlib çıxdı. Həmin gün “Məşədi Əzizbəyov” (indiki - “Koroğlu”), “Avrora” (indiki - “Qara Qarayev”) və “Neftçilər” ilk sərnişinlərini qəbul etdi. 120 min əhalisi olan yaşayış massivi şəhərin mərkəzi ilə birləşdirildi.
Metro 1975-ci ildən Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin tabeliyindən çıxarılaraq, SSRİ Yollar Nazirliyinin idarəçiliyinə verildi.
1976-cı ildə ikinci növbənin “28 May-Nizami” mənzilində işlər davam edirdi. Uzunluğu 2.26 km olan bu xəttin “Nizami” stansiyası qapılarını sərnişinlərin üzünə dekabrın 31-də açdı. Bu xəttin davamı olan 6,5 km-lik “Nizami-Memar Əcəmi” sahəsinin “Elmlər Akademiyası”, “İnşaatçılar”, “XI Qızıl Ordu meydanı”» (indiki - “20 Yanvar”) və “Memar Əcəmi” stansiyaları 1985-ci il dekabrın 30-dan istifadəyə verildi.
Bundan sonra tikintidə üçüncü növbənin Şərq sahəsində işlərin sürəti artırıldı və 1989-cu il aprelin 28-də “Xalqlar Dostluğu” və “Əhmədli” stansiyaları açılmaqla metropoliten xətlərinin uzunluğu daha 3,3 km artdı.
Sahənin sonuncu “Həzi Aslanov” stansiyası 2002-ci il dekabrın 10-da istifadəyə verildi. Buna qədər isə 1993-cü ildə “28 May” stansiyasının yenidən qurulması üzrə layihə işlərinin bir qolu olan “Cəfər Cabbarlı” keçid stansiyası istismara verildi.Müstəqillik dövründə ölkə iqtisadiyyatının inkişafında dönüş ili olan 2006-ci ildən metronun yeni xətlərinin tikintisində də müsbət dəyişikliklər yarandı. Şimal sahəsinin tikintisində yarımçıq qalmış işlərə təkan verildi. 2008-ci il oktyabrın 9-da “Nəsimi” stansiyası yeraltı sərnişin konveyerinə qoşuldu. Bir il sonra 2009-cu il dekabrın 30-da “Azadlıq prospekti” stansiyası və “28 May” stansiyasının ikinci çıxışı təhvil verildi. 2011-ci il iyunun 29-da Bakının 7-ci mikrorayonunda növbəti, sayca 23-cü olan “Dərnəgül” stansiyası sərnişindaşıma prosesinə qoşuldu. Bununla da şəhərin yeraltı yollarının uzunluğu 34,63 km-ə çatdı.
Kütləvi şərnişin daşınmasında şəhər əhalisi üçün böyük əhəmiyyət daşıdığını, metropolitendə tikinti və sərnişindaşıma kimi əsas sahələri vahid bir təsərrüfat kompleksində birləşdirməyin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin qarşısında qoyulan əsas vəzifələr idi. Bu vəzifələrin yerinə yetirilməsi məqsədilə əsaslı təmir-bərpa və yenidənqurma işlərinə başlanıldı.
2015-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı oldu. 2016-cı il aprel ayının 19-da isə Bakı metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları sərnişinlərin istifadəsinə verildi.
2021-ci il may ayının 29-da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "8 Noyabr" stansiyası istismara verildi. 2022-ci il dekabr  ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Xocəsən” stansiyası və “Xocəsən” elektrik deposu istismara verildi. Bununla da metropoliten xətlərinin uzunluğu 40,7 kilometr olmaqla, 3 xətt üzrə stansiyalarının sayı 27-ya çatdırıldı.
Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.