Metropoliten könüllüsü

Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almaqdadır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilmişdi.
Bu layihələrin həyata keçirilməsində əsas məqsəd könüllülük fəaliyyətini təşviq etmək, gənclərin fərdi inkişafına təkan verərək sosial məsuliyyət hissini yüksəltmək, xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafında gənclərin yaradıcılıq  potensialını, rolunu artırmaqdır.
Bakı metropolitenində könüllü layihələri, əsasən, paytaxtda təşkil edilən beynəlxalq miqyaslı tədbirlər zamanı həyata keçirilib. Əsas hədəf müxtəlif sosial, mədəni, idman və digər kütləvi tədbirlər zamanı sərnişin təhlükəsizliyi və rahatlığını təmin etmək, metropolitendən istifadə və gediş haqqının ödənilməsi qaydaları, marşrut istiqamətləri, şəhərin əhəmiyyətli obyektləri və digər barədə məlumatları vermək və bununla sərnişin məmnuniyyətinə nail olmaq, gənclərin cəmiyyətin həyatında rolunu artırmaqla onlara dəstək olmaqdır. Həmçinin gənclərlə təmasın artırılması, onların karyera yüksəlişinə təkan verilməsi də əsas məqsəd və hədəflər sırasındadır. Könüllü gənclərə metropolitenin fəaliyyət sahələrilə yaxından tanış olmaq şəraiti yaradılır.
Bunlardan savayı, könüllü layihələri sərnişinlərlə ünsiyyətin ən optimal formada qurulmasında da əhəmiyyətli rola malikdir. 
Layihələr həyata keçirilərkən, onların miqyası, gənclərlə sistemli əməkdaşlıq prinsipləri nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC özünə güvənən, bacarıqlı, enerjili və təşəbbüskar gəncləri “Metropoliten könüllüsü” layihəsi vasitəsilə özünü təsdiq etməyə dəvət edir.
Elan verilərkən, qeyd edilən şərtlər daxilində layihədə iştirak etmək istəyən gənc “Bakı Metropoliteni” QSC-nin rəsmi saytı vasitəsilə xüsusi müraciət formasını dolduraraq, özü haqqında qısa məlumat təqdim etməlidir.
İctimaiyyətin böyük marağına səbəb olan könüllü layihələri metropolitendə  2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə UEFA Avropa Liqasının final matçı, 2021-ci ilin futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunları, 2022-ci ilin “Teknofest” günləri və digər bir sıra tədbirlər zamanı keçirilib.

Keçirilmiş layihələrin hədəfləri:
•    Metropolitendən istifadə qaydalarının sərnişinlər arasında təbliği;
•    Sərnişinlər arasında müxtəlif sorğuların keçirilməsi;
•    Stansiyalarda müxtəli səpkili tədbirlərin təşkili;
•    Sosial məqsədli layihələrin təşkili;
•    Metropolitendən istifadə imkanları məhdud, habelə yaşlı, əliuşaqlı, uşaq arabası ilə hərəkət edən sərnişinlərə yardım;
•    Şəhərin qonaqlarına, turistlərə, metrodan ilk dəfə və az istifadə edənlərə bələdçilik;
•    Metropolitendə keçirilən təlim və tədris prosesində iştirak etmək;
•    Keçirilən görüşlərdə, tədbirlərdə, təbliğat kampaniyalarında və onların təşkilində  iştirak etmək.