Tez-tez verilən suallar

Metropolitenə işə düzələrkən əmək müqaviləsi bağlanırmı?

Bəli. İşçilərin işə qəbulu yalnız əmək müqaviləsinin bağlanması və dövlət qeydiyyatından keçirilməklə aparılır.

Metropolitendə işləmək üçün nə etmək lazımdır?

Bunun üçün "Karyera" bölməsinin "Elektron ərizə" yarımbölməsindəki anketi doldurub, göndərmək lazımdır. Anket tamamlandıqdan sonra ekranda yaşıl fonda təsdiq məlumatının çıxmasına diqqət edin. Bu, ərizənizin müvafiq bazaya avtomatik yerləşdirilməsi deməkdir. Namizədliyiniz uyğun gəldiyi təqdirdə sizinlə əlaqə saxlanılacaq və müsabiqəyə dəvət olunacaqsınız.

Metropolitenlə əməkdaşlıq etmək üçün nə etmək lazımdır?

"Bakı Metropoliteni" QSC ilə əməkdaşlıq etmək üçün "Əməkdaşlıq" bölməsindəki elektron anketi doldurub, göndərmək lazımdır. Əməkdaşlıq təklifiniz nəzərdən keçirildikdən sonra, uyğun bilinərsə, sizinlə əlaqə saxlanılacaq.

Metropoliten necə işləyir?

Bakı metropoliteni hər gün səhər saat 6-dan gecə 12-dək sərnişinlərin girişinə açıqdır. Qatarlar hər mövsümə uyğun hərəkət qrafiki üzrə müəyyən olunmuş cədvəllə hərəkət edir. Hərəkət qrafiki, əsasən, il ərzində iki dəfə dəyişdirilir. Yeni tədris mövsümünün başlanmasından sonuna qədər hərəkətin gur saatlarında qatarlar arasında interval "28 May-Həzi Aslanov" istiqamətində və əksinə, 2 dəqiqə, "28 May" stansiyasında Yaşıl və Qırmızı xətlər birləşdiyindən "İçərişəhər" və "Dərnəgül" istiqamətlərində interval, müvafiq olaraq, 2 dəfə çox olur. Yay mövsümündə qatarlar saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqəyə bərabər olur.

Balansı necə artırmaq olar?

Kartınızı kart oxuyucusuna yerləşdirin. Kartda olan balans ekranda göstərilir. Balansınızı artırmaq üçün yükləmək istədiyiniz məbləği pul qəbuledici dəliyə daxil edin. Daxil edilən məbləğ ekranda göstərilir. Diqqət! Aparat qalıq pul qaytarmır. Daxil edilən məbləğ karta yükləndikdən sonra balans ekranda göstərilir və qəbzin alınması üçün “Bəli”, istənilmədiyi halda “Xeyr” düyməsinə basılaraq əməliyyat sona çatdırılır.

"BakıKART"ı necə almaq olar?

"BakıKART"ı almaq üçün satış və yükləmə aparatına yaxınlaşın. Satış və yükləmə aparatının ekranında “BakıKART” düyməsini sıxın. Ekranda kartın qiyməti göstəriləcək. Məlumatla tanış olduqdan sonra “Davam et” düyməsini sıxın. Kartın qiyməti 2 manatdır. Diqqət! Aparat qalıq pul qaytarmır. Pulu qəbulediciyə daxil edin. Daxil edilən məbləğ ekranda göstərilir. “Davam et” düyməsini sıxın. Daxil edilən məbləğ kartın dəyərindən artıq olduqda, məbləğ karta yükləniləcək. Kartınızı və qəbzinizi aparatdan götürməyi unutmayın.