z

Müstəqillik dövrünün ilk deposu və ardıcıl iki il yeni stansiya

Müstəqillik dövrünün ilk deposu və ardıcıl iki il yeni stansiya

31 YANVAR / 2023 / 14:42

“COVID-19” pandemiyası elan ediləndən sonra dalbadal iki il ərzində sərnişindaşıma fəaliyyətinə məhdudiyyətlər qoyulan Bakı metropoliteni üçün 2022-ci il bir çox qadağaların aradan qaldırılması dövrü olub. Bu müddətdə ən mühüm hadisələr metro inşaatı ilə bağlı baş verib. Ard-arda ikinci ildir yeni stansiya, ən əsası, metropoliten tarixinin ikinci deposu istismara verilib. Bununla yanaşı, bir çox sahələrdə tətbiq edilən yeni texnika və texnologiyalar, yenidənqurma, təmir-bərpa işləri, hərəkət təhlükəsizliyi və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər davamlı olaraq planlı şəkildə aparılıb. Qeyd edilənləri nəzərə alsaq, 2022-ci ilin Bakı metropoliteni tarixində xüsusi yer tutacağı şübhə doğurmur.

Tarixin ən əhəmiyyətli layihələrindən biri
Müstəqillik tarixinin ilk, 55 ildən artıq tarixin 2-ci elektrik deposunun istismara verilməsi xüsusi qeyd olunmalıdır. Onun inşası xəttin gələcək inkişafına uyğun, 3 mərhələdə aparılacaq. Hazırda istismar olunan birinci mərhələ üzrə bütün lazımi infrastruktur obyektləri ən müasir standartlar səviyyəsindədir.
Birinci depodan fərqli, metropoliten üçün xüsusi əhəmiyyətə malik bu infrastruktur layihəsi ötən onilliklər ərzində yetişdirilmiş yerli mütəxəssislərin zəhmətinin və mühəndis düşüncə tərzinin məhsuludur. Onun layihələndirilməsi “Bakımetrolayihə” İnstitutu, inşası isə Cəmiyyətin Tikinti departamenti tərəfindən aparılıb. Bu depo həm də yeni texnologiyaların tətbiqi sahəsidir. Dünyanın aparıcı istehsalçılarının məhsulllarının burada tətbiqi də məhz Bakı metropoliteninin müxtəlif istismar sahələrinin mühəndis-mütəxəssis heyətinin uğuru hesab olunmalıdır.
Hələ Bakı metropoliteninin konseptual inkişaf sxemi hazırlanarkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, bütün işlərdə ən müasir standartlar və texnologiyaların tətbiqi məqsədilə kadr bazasının hazırlanması xüsusi nəzərə alınıb. 2014-cü ilin may ayında Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı keçirilən Azərbaycan-Fransa biznes forumunda bağlanılan müqavilələrdə məhz texniki yeniliklərin tətbiqi və bu sahədə kadr hazırlığı da xüsusi yer tutub. 2019-cu ildə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Fransaya rəsmi səfəri çərçivəsində isə məhz elektrik deposunda hərəkətin təşkili, eləcə də Bənövşəyi xəttin dispetçer idarəetməsinin həyata keçirilməsi ilə bağlı müqavilələrin imzalanması dövlətin Bakı metropoliteninin yeni tarixi inkişaf mərhələsinə xüsusi diqqət və qayğısının göstəricisi idi.
Məhz müvafiq tapşırıqlar və müəyyən edilmiş bu xəttə əsasən, “Xocəsən” elektrik deposunda bütün sahələrdə ən müasir standartlı yeniliklər tətbiq olunub. Qatarların hərəkəti inşa edilmiş ən müasir idarəetmə mərkəzindən yönləndirilir. Depo yollarında yerli istehsal olan dəmir-beton şpallar, “ox sayğacı” bazasında idarəetmə qurğuları, müasir tipli yoldəyişdirici, yeni tipli, daha səmərəli və qənaətcil təmas relsi, yeni tipli elektrik yarımstansiyası, müasir tipli təmir-baxış və yük terminalı sahələri və digər infrastruktur layihələri bu xüsusda sadalana bilər.
Bu layihə bir daha əyani nümayiş etdirir ki, Bakı metropoliteninin mütəxəssis-kadr potensialı kifayət qədər böyük təcrübəyə malik olmaqla, gələcəkdə bu kimi layihələri müstəqil şəkildə icra etmək iqtidarındadır.

27-ci stansiya və ilk yeddivaqonlu qatarlar
Tarixdə ilk dəfə dalbadal iki il ərzində Bakı metropolitenində yeni stansiyanın istismara verilməsi 2008-2009-cu illərdə olub. Həmin dövrdə “Nəsimi” və “Azadlıq prospekti” stansiyaları sərnişin konveyerinə qoşulub. Tarix əsrin üçüncü onilliyində də təkrarlanıb. 2021-ci il mayın 31-də Bənövşəyi xəttin “8 Noyabr” stansiyası ilk sərnişinlərini qəbul etdikdən sonra, 2022-ci il dekabrın 23-də  metro tarixinin ikinci yerüstü, ümumən, 27-ci stansiyası fəaliyyətə başlayıb. Digər yerüstü stansiya kimi “Xocəsən” stansiyası da elektrik deposu ərazisində yerləşir. Lakin xəttin başlanğıcında yerləşdiyindən bu stansiya funksionallıq baxımından “Bakmil”dən fərqlənir. Bənövşəyi xəttin əsas sahəsi hesab olunan “Avtovağzal-8 Noyabr” istiqamətində 8, “Xocəsən” istiqamətində isə 16 dəqiqəlik intervallar tətbiq edilir. Bu isə o deməkdir ki, hər növbəti qatar məhz depo ərazisi istiqamətində hərəkət edir. Bu məqsədlə ehtiyat, təmir, baxış və qulluq prinsipləri də nəzərə alınmaqla, xətdəki qatarların sayı 6-ya çatdırılıb. 
Burada xəttin digər stansiyalarında olduğu kimi, müasir tələblərə uyğun infrastruktur qurulub. Vestibüldən gözləmə zalına qədər 59 metr uzunluğunda keçid tuneli inşa edilib. İki səviyyədən ibarət stansiyanın sərnişin platformasına qalxmaq üçün 4.8 metr hündürlüyə hesablanmış müasir tipli iki eskalator quraşdırılıb. Platforma 144 m uzunluğunda olmaqla yeddivaqonlu qatarları qəbul edir. Yeri gəlmişkən, məhz bu stansiyanın istismara verilməsi ilə xəttə 7 vaqonlu qatarların buraxılmasına başlanılıb. Bu tarixi hadisə 2022-ci il oktyabr ayının 12-də baş verib. Beləliklə, 2016-cı il aprel ayının 19-da Bənövşəyi xətdə hərəkət tərkibləri tam komplektləşdirilməklə - yeddivaqonlu hərəkət tərkiblərinin formalaşdırılması ilə fəaliyyətini davam etdirir.

Daha bir stansiyada əsas inşaat işləri tamamlanacaq
2022-ci il Bənövşəyi xəttin Cəlil Məmmədquluzadə küçəsində yerləşən “B-04” şərti adlı stansiyasının inşası da davam etdirilib. 2021-ci ilin yay aylarında əsas inşaat işlərinə başlanmış və 170 metr uzunluğunda inşaat meydançasını əhatə edən stansiyanın 4-cü səviyyəsinin inşası 2023-cü ildə tamamlanacaq, keçidlər inşa olunacaq və inşaatın tamamlanması mərhələləri başlanacaq.
Ekoloji cəhətdən təmiz, texniki və iqtisadi cəhətdən səmərəli “Qruntda divar” üsulu ilə inşa olunan stansiyanın 1010 və 1021 metr uzunluqlarında iki tuneli hazırdır. 2023-cü il ərzində burada yolların salınması “Bakı Metropoliteni” QSC-nin özünün istehsalat sahəsinin məhsulu olan dəmir-beton bloklar üzərində olmaqla aparılır. Artıq buna qədər “Memar Əcəmi-8 Noyabr” və “Xocəsən-Avtovağzal” tunel mənzilləri məhz bu tip müasir ballastsız yol infrastrukturu ilə təchiz edilib. Bundan savayı, yollarda ən müasir tipli digər üstquruluş elementləri, həmçinin daha səmərəli, qulluğu asan və elektrik enerjisinə qənaətcil təmas relslərindən istifadə olunacaq.
2023-cü il ərzində stansiyanın infrastrukturu və təchizatı ilə bağlı əsas işlərə başlanılması da nəzərdə tutulub. Məhz inşaatın ən mürəkkəb mərhələsi və təchizatla bağlı prinsipial məsələlərin həlli stansiyanın istifadəyə verilməsi ilə bağlı konkret vəzifələri də müəyyənləşdirəcək.