z

8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür

8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür

06 NOYABR / 2015 / 00:00

48 il əvvəl ilk metro qatarının hərəkətə gətirilməsi paytaxt Bakının tarixinə əlamətdar gün kimi daxil oldu. Çox keçmədi ki, metro və onun memarlıq üslubu ilə seçilən möhtəşəm yeraltı sarayları şəhərin rəmzləri sırasında layiqli yerini aldı. Həmçinin paytaxt sakinlərinə və qonaqlarına göstərilən yüksək xidmət mədəniyyəti sayəsində yeraltı polad magistral paytaxtın sevilən ictimai nəqliyyatına çevrildi.
Bu xidmət dövlət tərəfindən də həmişə yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 oktyabr 2006-cı il fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür. Bu əlamətdar gün 10-cu dəfə rəsmən qeyd edilir.
Bu gün Bakı metropoliteninin istismara verilməsinin 48-ci ildönümü və 8 noyabr – metropoliten işçilərinin peşə bayramı münasibətilə «Bakı Metropoliteni» QSC-nin kollektivi ənənəsinə sadiq qalaraq, ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, metropolitenin inkişaf tarixində əvəzsiz xidmətləri olmuş Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Metropolitençilər Şəhidlər xiyabanında «20 Yanvar» tarixinin günahsız qurbanları və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini də ehtiramla yad edərək, onların, o cümlədən «20 Yanvar» tarixinin metropolitençi şəhidi İlqar Qarayevin məzarları önünə güllər düzüblər.
Metropolitenin fəaliyyətə başlamasının ildönümü və peşə bayramı münasibətilə «Bakı Metropoliteni» QSC-nin iclas zalında təntənəli yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə açan «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynov dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla bir qrup metropolitençinin «Əməkdar mühəndis» fəxri adına və «Tərəqqi» medalına layiq görülməsini qeyd edərək sərəncamların mətnini oxudu.
Bu yüksək etimada layiq görülənləri təbrik edən QSC sədri metropolitenin daim dövlətin diqqət və qayğısının mərkəzində olduğunu qeyd etdi. O, metropolitenin tarixindən söz açaraq, istər Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, istər SSRİ kimi nəhəng dövlətin yüksək rəhbərliyində yer alaraq Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən, istərsə də müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin metronun inkişafına, genişlənib böyüməsinə göstərdiyi diqqətdən, onun metropolitençi əməyinə verdiyi yüksək qiymətdən danışdı. Həmin ənənələrə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla metropoliten işçilərinin peşə bayramının 10-cu dəfə rəsmən qeyd edilməsinin qürurverici bir hadisə kimi dəyərləndirən Zaur Hüseynov bu illər ərzində metropolitenin inkişafı naminə dövlətin qayğısı və diqqətindən də ətraflı bəhs etdi.
O, 2008-ci ildə metropolitenin inkişafına dair dövlət proqramının hazırlanması barədə, həmçinin 2011-ci ildə perspektiv inkişaf planını və müvafiq Dövlət Proqramını təsdiq edən sərəncamların imzalamasını xüsusi qeyd edərək, bunu yeraltı yollarımızın inkişafına istiqamətverici töhfə adlandırdı.
O bildirdi ki, 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə «Bakı Metropoliteni» QSC-nin yaradılması ilə həm metro istismarının, həm də inşaat işlərinin bir mərkəzdə cəmlənməsi bu iki mürəkkəb sahədə daha nizamlanmış, ardıcıl və keyfiyyətli iş aparılmasına, hər sahədə təchizatın gücləndirilməsinə, müasir standartlara cavab verən texnologiyaların geniş tətbiqinə şərait yaradıb.
Dövlətin daimi qayğısı və diqqətinin hər bir metropolitençini daha əzmlə və fədakarlıqla çalışmağa ruhlandırdığını bildirən QSC sədri yarım əsrə yaxın bir müddət ərzində paytaxt sakinlərinə nümunəvi nəqliyyat xidməti göstərən metropolitençilərin bundan sonra da dövlətin yüksək etmadını doğruldaraq, əmək cəbhəsində buna layiqli cavab verəcəyinə, bacarıq və qüvvəsini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.
Sonra QSC sədrinin müavini Hidayət Məmmədov, istismar üzrə baş mühəndis Əlixan Osmanov, tikinti departamentinin rəis müavini Şaiq Eyubov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov çıxışlarında bu əlamətdar gün münasibətilə hər bir metropolitençini təbrik edərək fikirlərini bölüşdülər.
MİHİ-nin sədri nitqini “İlin ən yaxşı qatar maşinisti” mükafatının təsis edilməsi ilə bağlı məlumatla bitirdi. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovla birlikdə o, nominasiyanın qalibi, bu ada layiq görülən Tərlan Gülhəsən oğlu Hüseynova mükafatı təqdim etdilər.
Tədbiri yekunlaşdıran QSC sədri Zaur Hüseynov peşə bayramı münasibəti ilə təbriklərini çatdıraraq, hər bir metropolitençiyə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğma Vətənimizin qüdrəti və çiçəklənməsi naminə uğurlar arzuladı.