z

Yeni təsərrüfat qatarı istismara verildi

Yeni təsərrüfat qatarı istismara verildi

03 NOYABR / 2015 / 00:00

Metropolitendə gecə-gündüz qatarlar hərəkət edir. Hər bir sərnişinin görməyə adət etdiyi metro qatarları gecələr baxışa, təmirə göndərilir və həmin vaxt xəttə fərqli qatarlar çıxır. Gündüz saatlarında səsi əsasən, depo yollarında eşidilən, gecələr isə tunellərə material, avadanlıq, maşın və mexanizmləri, müxtəlif ölçülü relsləri, şpalları daşıyan; növbə işçilərini - təmirçiləri, yoxlama-baxış dəstələrini aparan; tuneldən tullantıları, dəmir-beton qırıntılarını və s. çıxaran bu qatarlar cəmi 3 saat ərzində yollarımızda müxtəlif xidmətlərin işinin sürətini təmin edən əsas vasitələrdir. Metropolitendə bu işlər üçün nəzərdə tutulmuş daha bir qatar istismara verilib.
Ötən il alınmış eyni tipli qatardan fərqli olaraq, budəfəki təsərrüfat qatarı Rusiyanın Udmurtiya Respublikasının Kambarka şəhərində yerləşən «Kambarsk maşınqayırma zavodu» Ticarət evi» MMC-nin istehsalıdır. MTK-1-038 markalı dartı modullu yeni motovozun gücü, manevr qabiliyyəti rəvan hərəkətə şərait yaradır. Bu mənada sürət qutusunun avtomatlaşdırılması az rol oynamır. Səs-küyün azalması, ekoloji cəhətdən daha səmərəli olması onun xüsusi üstünlükləridir. Müasir güc qurğularının qoyulması dəmir yol nəqliyyatı üçün nəzərdə tutulmuş «Avro-3» və «Avro-4» standartlarına tam cavab verir.
Motovozda təhlükəsizlik, eləcə də yanğın əleyhinə sistemlər quraşdırılıb, hərəkətin parametrləri üzrə registratorla təchiz olunub. Radiorabitə şəbəkəsi və işıqlanması müasir sistemlərə əsaslanır. Vacib elementlər sırasında 50kVt-lıq generatoru, 1 ton yükü qaldırmaq iqtidarında olan hidroqaldırıcı kran qurğusunu qeyd etmək də lazımdır. Bu sıraya ehtiyac yarandıqda, generatordan verilə biləcək 380 V gərginliyi də əlavə edə bilərik.
Maşinist idarəetməsi tam kompüterləşdirilib. Bu, təkcə hərəkətdə olan maşını idarə etmək üçün deyil, həm də onun vəziyyətini qiymətləndirmək baxımından əhəmiyyətli yenilikdir. Proqram özü motovozda yarana biləcək çatışmazlıqları, nasazlıqları təyin etməyə və vaxtında aradan qaldırmağa kömək edir.
Motovozun iki müasir tipli mühərriki var. Onlardan biri, hər hansısa nasazlıq halında, motovozu tuneldən 5 km/saat sürətlə çıxarmağa kömək edəcək.