z

Bakı metropoliteni «Təhsil və karyera» sərgisində

Bakı metropoliteni «Təhsil və karyera» sərgisində

13 OKTYABR / 2015 / 00:00

Oktyabrın 9-dan 11-nə kimi Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq «Təhsil və karyera» sərgisi keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə keçirilən sərgi yerli ali məktəblərin məzunlarına məşğulluq imkanları təklif edən, eləcə də müxtəlif şirkətlərin işəgötürmə üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyəti təmin edən tədbir kimi son dərəcə böyük əhəmiyyətə malikdir. Artıq 9-cu dəfə keçirilən sərgidə ilk dəfə olaraq Bakı metropoliteni də iştirak etdi.

Sərgi iş axtaranların böyük marağına səbəb olub. Sərgi salonuna daxil olanlar birbaşa iş yerləri təklif edən müəssisələrin stendlərinə istiqamətləndirilir və orada onlara mövcud iş vakansiyaları haqqında ümumi məlumat verilirdi.

«Bakı Metropoliteni» QSC insan resursları şöbəsinin rəisi Azər İsmayılov sərgi iştirakçılarına metropolitendə kadr hazırlığı üzrə yeni texnologiyaların tətbiqi barədə məlumatında bildirdi ki, metropolitendə yaradılmış təlim-tədris mərkəzi artıq bir ildir fəaliyyət göstərir və müəssisədə kadr potensialının gücləndirilməsi,ali və orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması, işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində son dərəcə əhəmiyyətli rol oynayır.

Metropolitenin stendi qarşısında ayaq saxlayıb, təklif edilən peşələrə maraq göstərənlərin sayı da gözlənildiyi kimi az olmadı. 451 nəfər elə oradaca «Bakı Metropoliteni» QSC-nin veb səhifəsində qeydiyyatdan keçirilib. Bunun üçün metropolitenin guşəsində hər bir imkan yaradılmışdı.

Maraqlananlar onların ixtiyarına verilən notbuklardan istifadə etməklə müraciətlərini reallaşdıra bilirdilər.