z

17 Noyabr-Milli dirçəliş günü

17 Noyabr-Milli dirçəliş günü

17 NOYABR / 2022 / 08:44

Xalqımız 1988-ci il noyabrın 17-də  Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 illik müstəmləkə əsarətinə  qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, vətəndaşlarının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək azadlığa layiq olduğunu  bütün dünyaya sübut etdi. Ermənistanda və o zamankı Dağlıq Qarabağda azəri türklərinə qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi.
Təpədən-dırnağadək silahlanmış erməni quldurları  dinc əhalini amansızlıqla qətlə yetirir, heç kimə aman vermirdilər.
Vəzifə kreslosunu qoruyub saxlamaq naminə Moskva qarşısında yaltaqlanan və acizlik göstərən o zamankı kommunist rəhbərliyi xalqın və vətənin həqiqi mənafeyi keşiyində dura bilmirdi.
Bütün bu ədalətsizliklər və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı nəhayət ki, ayağa qalxdı. Həmin günlərdə "Meydan hərəkatı" adını almış bu hərəkatla Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı.
Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı. Xalq hərəkatı öz əzəməti ilə göz qabağında idi.
Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeridərək komendant saatı tətbiq etdilər. Lakin xalq geri çəkilmədi, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış "Meydan hərəkatı" tezliklə Azərbaycanın müstəqilliyinə çağıran şüarlara keçid aldı. Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayraqları dalğalandı.
Dekabrın 4-dən 5-nə keçən gecə Sovet ordusu "Meydan hərəkatı"nı yatırmağa nail oldu. Minlərlə azadlıqsevər insan həbs edilərək zindanlara salındı. Lakin xalqın mübarizə əzmini qırmaq mümkün deyildi. Müstəqilliyinə doğru uzanan yol məhz Azadlıq meydanından vüsət aldı. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.