z

Yeni texniki təcili yardım avtomobili operativliyi və çevikliyi təmin edir

Yeni texniki təcili yardım avtomobili operativliyi və çevikliyi təmin edir

24 IYUL / 2015 / 00:00

«Təcili yardım» ifadəsi təkcə tibbi anlayış deyil. Texniki təcili yardım isə nəqliyyatın istənilən qolu, ələlxüsus da metropolitenin çox vacib olan sahələrindəndir. «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi belə vacib sahələrə diqqəti artırmaqla, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atır.
Elektromexanika xidməti texniki təcili yardım maşını ilə təmin edilib. Xüsusi avadanlıqlarla təchiz olunmuş avtomobil xidmətin geniş profilli hər bir təcili işi üçün nəzərdə tutulub. O, sadəcə vəsaitləri və ləvazimatları daşıyan maşın deyil, həm də kiçik laboratoriya-emalatxanadır. Burada hətta kiçik detalları hazırlamaq, xırda çilingər, təmir işlərini yerinə yetirmək mümkündür.
Sürücü ilə birlikdə 5 nəfərlik iki salonu olan maşında lazım olan bütün vəsait əl altında olur. Şaxtalarda suxaric qurğuları, ventilyatorlardan tutmuş bütün santexnika şəbəkəsi boyunca istənilən çağırışa indi işçilər ürəklə və əminliklə gedə biləcəklər. Çünki hansısa aləti yığıb toplamağa ehtiyac yoxdur.
Arxa salonun bir kənarı boyunca yerləşmiş siyirtmələrdə irili-xırdalı bütün alətlər və digər ləvazimatlar qoyulub. Müxtəlif mexaniki, elektrik vasitələr, pnevmatik avadanlıqlar, təmir-tikinti ləvazimatı, ölçü cihazlarının hər biri öz səliqəsi və ardıcıllığı ilə bölüşdürülüb.
Salonun tavanındakı telfer cığırı isə əməyi xeyli yüngülləşdirən daşıyıcı köməkçidir. O, bir tonluq yük üçün nəzərdə tutulub və hərəkətin çevikliyini təmin edərək, sürəti artırır, əməyin mühafizəsi və təhlükəsizlik texnikası baxımından işin daha səmərəli olmasını təmin edir.
Perforator, laqunda, qaynaq aparatı və 750 Vt-lıq universal əl dreli şaxtalarda, tunellərdə bəzən operativ görülməli olan ağır işlər zamanı əvəzsiz vasitələrdir. Üstəlik, elektrik enerjisi mənbəyi axtarmağa da ehtiyac yoxdur. Çünki maşında həm 220 V, həm də 380 V-luq cərəyan ehtiyacını ödəyən generator da var.
Daşınan əl çantası, altı əl fənəri, əl çırağı, avtomatik quruducu – bütün bunlar müxtəlif, hətta ən çətin şəraiti də nəzərə alaraq, dəqiq hesablanıb.
Bu, təkcə təcili texniki müdaxilə tələb edən təmir işinə deyil, həmçinin fövqəladə hallar zamanı elektromexaniki qurğularla bağlı məsələlərə metropolitençilərin operativ, çevik və sürətli reaksiyasını təmin edən yenilikdir.