z
14 APREL / 2026 / 17:46
"Bakı Metropoliteni" QSC Bakı metropoliteninin genişləndirilməsi layihəsi çərçivəsində hazırlanmış Ətraf Mühitə və Sosial Təsirin Qiymətləndirilməsi sənədinin ictimai müzakirəsinə start verib.
Görüşlərdə sakinlərlə yanaşı, əlaqəli müxtəlif dövlət qurumları Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, rayon İcra hakimiyyətləri, Qeyri-hökumət təşkilatlarının təmsilçiləri və Bələdiyyə sədrləri, həmçinin Layihəni icra edən Türkiyə şirkətinin nümayəndələri iştirak ediblər.
İlk dinləmələr paytaxtın 4 rayonunda həyata keçirilib. Yasamal, Səbail, Nəsimi və Xətai rayonlarında təşkil edilən görüşlərdə sakinlərə layihə barədə videotəqdimatlarla geniş məlumatlar verilib.
Tədbirlər zamanı "Ətraf Mühit və Sosial İdarəetmə və Təsirlərin Azaldılması Planı" üzrə təqdimat keçirilib.
Həmçinin, həyata keçiriləcək tədbirlərin potensial təsirləri barədə məlumatlandırma ilə müvafiq müzakirələr aparılıb.
İctimaiyyət nümayəndələrini maraqlandıran suallar Metropolitenin rəsmi təmsilçisi tərəfindən ətraflı və geniş şəkildə cavablandırılıb. Sakinlərin təklif və şikayətləri barədə qeydlər götürülüb.
Qeyd edək ki, Dövlət Proqramına əsasən, 2030-cu ilədək Bakıda 10 yeni stansiya inşa ediləcək.
Yeni stansiyaların tikintisi ilə infrastrukturunun genişləndirilməsi, mövcud xətlərin modernizasiyası və sərnişindaşıma imkanlarının artırılması nəzərdə tutulub.
Əsas hədəflər nəqliyyat axınının optimallaşdırılması, şəhər mobilliyinin yaxşılaşdırılması və ekoloji təsirlərin azaldılmasıdır.