z

Metronun inkişaf planı

İnkişaf sxemi 2030

İnkişaf sxemi 2030

İnkişaf strategiyası
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, Bakıda 10 yeni metro stansiyası tikiləcək. 4 yeni stansiya Yaşıl xəttin üzərində yerləşəcək. Bu stansiyalar Ağ şəhər (“Y-14”), NZS (“Y-15”), keçmiş Bakı Avtomobil Zavodunun (“Y-16”) yerləşdiyi ərazilərdə inşa ediləcək, həmçinin "Həzi Aslanov-2" şərti adı ilə tanınan stansiyanın (“Y-17”) tikintisi tamamlanacaq. 6 yeni stansiya Bənövşəyi xətt üzərində olacaq. Bu stansiyalar 1 saylı Şəhər Kliniki Xəstəxanasının ("B-04"), "Nizami" stansiyası, "Sahil" stansiyası, "Neftçilər" xəstəxanası, "Xətai" stansiyası və Babək prospektində Ağ şəhər layihəsinin hazırda inkişaf edən ərazilərində inşa olunacaq.

Dövlət Proqramına uyğun olaraq, Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi üzrə 200 metrədək birləşdirici tunellərin, 2 yeni dartı elektrik yarımstansiyasının, “Cəfər Cabbarlı və “28 May” stansiyaları arasında pilləkənin inşası, daha bir elektrik yarımstansiyasının yenidən qurulması işləri aparılacaq. 2025-2023-cu illərdə Yaşıl xəttin “Dərnəgül” və Bənövşəyi xəttin "Xocəsən" elektrik depolarının inşasının başa çatdırılması nəzərdə tutulub.

Bənövşəyi xətt
Gələcəkdə 18,5 km uzunluğunda olacaq xətt müstəqillik dövrünün ilk metro xətti kimi tarixə düşüb. Hazırda 4 stansiyası və bir elektrik deposu (“Xocəsən”) var. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, xəttin daha 6 stansiyası inşa ediləcək. “Memar Əcəmi” stansiyası Yaşıl xəttə keçid funksiyasını daşıyır.

Yaşıl xətt
Gələcəkdə 41,8 km uzunluğu və 23 stansiyası olacaq. Hazırda 10 stansiyası fəaliyyət göstərir. Xəttin bir elektrik deposu (“Dərnəgül”) inşa olunur, daha biri isə gələcəkdə tikiləcək. Qırmızı xətlə müştərək sahə də (“28 May-Həzi Aslanov”) daxil olmaqla, qatarlar “Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edir. Dövlət Proqramına əsasən, xətlərin ayrılması layihəsi başa çatdıqdan sonra qatarlar Yaşıl xətt üzrə “Dərnəgül-Xətai” istiqamətində müstəqil hərəkət edəcək. “Memar Əcəmi” stansiyası Bənövşəyi xəttə, “28 May” stansiyası isə “Cəfər Cabbarlı-Xətai” məkik hərəkət sahəsinə keçid funksiyası daşıyırlar.

Qırmızı xətt
Ümumi uzunluğu 20,01 km olan xətt 6 noyabr 1967-ci ildən fəaliyyətdədir. Hazırda 13 stansiyası və bir elektrik deposu (“Nərimanov”) var. Xətdə qatarların hərəkəti “İçərişəhər-Həzi Aslanov”, "İçərişəhər-Bakmil" və əksinə olmaqla təşkil edilir. “28 May” stansiyası Qırmızı xətdən Yaşıl xəttin "Cəfər Cabbarlı-Xətai" məkik hərəkət sahəsinə keçid funksiyasını daşıyır. Dövlət Proqramına əsasən, xətlərin ayrılması layihəsi başa çatana qədər “28 May-Həzi Aslanov” Qırmızı və Yaşıl xətlərin müştərək hərəkət sahəsi kimi fəaliyyət göstərir.