z
21 YANVAR / 2026 / 11:01
Bakı metropolitenində 20 Yanvar - Ümumxalq Hüzn Günü qeyd edilib. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə hadisənin mərkəzində yer almış “20 Yanvar” stansiyasında QSC rəhbərliyinin və kollektivin nümayəndələrinin iştirakı ilə anım tədbiri təşkil olunub.
Stansiya Hüzn Günü üçün xüsusi tərtibatda hazırlanıb, vestibüllər və platformada qərənfillərdən ibarət kompozisiya qurulub.
Saat 12:00-da qatarların hərəkəti 1 dəqiqəlik dayandırılıb, Metropolitenin rəhbərliyi və nümayəndələri sərnişinlərlə birlikdə Vətənimizin azadlığı və müstəqilliyimizin bərpası uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələrini sükutla anıblar.
Daha sonra Bakı Metropoliteninin nümayəndələri Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin, o cümlədən hadisə zamanı şəhidlik zirvəsinə ucalmış metropolitençilər - “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımovun məzarını ziyarət ediblər.