z

Bakı metropoliteninin tarixində bir ilk - “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə 25 yaşadək ödənişsiz istifadə haqqı

Bakı metropoliteninin tarixində bir ilk - “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körp...

08 AVQUST / 2025 / 15:54

Bu gün Bakı Metropoliteninin tarixində ilk dəfə “20 Yanvar” stansiyasında saat 07:40 radələrində körpə dünyaya gəlib. Hadisə zamanı stansiya əməkdaşları tərəfindən dərhal anaya ilk yardım göstərilib və təcili tibbi yardım çağırılıb. Çağırışa gələn təcili yardım briqadası zəruri tibbi müdaxilə edib. Stansiyada zəruri təhlükəsizlik tədbirləri görülüb və sərnişin axınının tənzimlənməsi, tibb işçilərinin fəaliyyətinə maneə yaranmaması üçün lazımi addımlar atılıb.
Uşaq sağlam şəkildə dünyaya gəlib, ilkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar xəstəxanaya aparılmaq üçün saat 08:06-da stansiyadan çıxarılıblar.
“Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Anar Zamanov hadisə zamanı metro əməkdaşlarının operativ müdaxiləsini xüsusi vurğulayıb:
“Bu hadisə bir daha sübut etdi ki, Bakı Metropoliteninin kollektivi təkcə texniki təhlükəsizlik baxımından deyil, insan həyatı ilə bağlı fövqəladə hallarda da hazırlıqlıdır. Dünya təcrübəsində bu kimi hallar az da olsa, qeydə alınır. Hər zaman əsas olan insan həyatıdır və bu baxımdan biz əməkdaşlarımızın peşəkarlığı ilə fəxr edirik”.
A.Zamanov Bakı metropoliteninin “ən gənc sərnişin”i olan bu uşağa 25 yaşadək metrodan ödənişsiz istifadə hüququ və  simvolik hədiyyələrin təqdim olunacağını qeyd edib: “Bu gün metro stansiyasında dünyaya gələn körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq”.
Stansiya növbətçisi Mətanət Cəbrayılova bildirib ki, əməkdaşlar metroda baş verə biləcək fövqəladə hallara daim hazırdırlar: "Stansiya əməkdaşları olaraq biz mütəmadi qaydada ilkin yardım təlimlərində iştirak edirik. Bu da bugünkü hadisədə öz bəhrəsini verdi. Mən və komanda yoldaşlarım hadisə zamanı özümüzü itirmədik. Yardım göstərmək üçün nə etməli olduğumuzu bilirdik və təcili tibbi yardım gələnə qədər qadının yanında olduq. Metro ictimai nəqliyyat vasitəsidir – burada hər an hər şey baş verə bilər. Əsas odur ki, hazırlıqlı olaq”.