z

Bakı metropoliteni TÜRSİD-in fəxri üzvü olub

Bakı metropoliteni TÜRSİD-in fəxri üzvü olub

18 IYUL / 2025 / 18:26

"AZCON Holding" şirkətlərindən olan “Bakı Metropoliteni” QSC şəhərdaxili dəmir yolu sistemləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir mühüm addım ataraq iyulun 17-də Türkiyənin “Tüm Raylı Sistem İşletmecileri Derneği”nə (TÜRSİD) fəxri üzv kimi qoşulub.
Bakı metropoliteninin fəxri üzv olaraq quruma qəbul edilməsi Azərbaycan və Türkiyə dəmir yolu sektoru arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə, təcrübə və bilik mübadiləsinin genişləndirilməsinə imkan yaradacaq. Belə ki, Bakı metropoliteni fəxri üzv kimi istismar, texniki xidmət, rəqəmsallaşma, təhlükəsizlik, sərnişin məmnuniyyəti və digər sahələrdə TÜRSİD-in texniki dialoqlarında fəal iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, bu təşəbbüs Bakı metropoliteninin xidmət keyfiyyətini yüksəltmək, regional nəqliyyat sistemlərinin inkişafına töhfə vermək və beynəlxalq platformalarda daha geniş təmsil olunmaq strategiyasının tərkib hissəsidir.