Təkər cütlərinin təmirində yeni dövr: «Sıfır xəta» - yüksək keyfiyyət

12.04.2012


Ötən il Bakı metropoliteninin ən uğurlu istehsalat layihələri içərisində təkər cütlərinin yenidən tərtib olunması öndə gəlir. Görülən işlər «Nərimanov» elektrik deposunun təkər cütlərinin təmiri sahəsində əməli dönüş yaratmaqla yanaşı, həm də iş prosesində canlanma yaratdı. Bu prosesin ən böyük təsir göstərdiyi sahə isə birləşmiş emalatxanalar oldu. Təbii ki, metropolitenin «kiçik zavodu»nun rəhbərliyi də bu texnoloji yeniləşməyə yaxından maraq göstərdi və onun prosesi sürətləndirməyə meylli olması da burada əməli işlərin həyata keçirilməsində böyük rol oynadı. İndi bu müəssisəyə hər gəlişimizdə sürətli yeniləşmənin izlərini görmək olur.


Təkər cütlərinin təmiri ilə başlayan prosesin uğurları indi daha möhkəm təməl üzərinə keçirilir. Baş metroloq Ebazer Arslanbekovla bu barədə söhbət əsnasında o, texniki kamilləşmənin ən səlis işləyən zavodların nümunəsində qurulmaq üzrə olduğunu qeyd edərək, deyir ki, burada «sıfır xəta» prinsipinə nail olmaq üçün xeyli iş görülüb. Görülən işləri əyani müşahidə etmək üçün baş konstruktor Fəxrəddin Qurbanovla birləşmiş emalatxanalara kiçik səyahətə çıxdıq.
F. Qurbanov deyir ki, təkcə yeni qeyri-standart tərtibatların sayı 30-a çatıb və bu proses davam etdirilir. İlkin mərhələdə köhnə dəzgahlar üçün tərtibatlar hazırlanıb.


- Bütün bilik və bacarığımızı «sıfır xəta» prinsipi üzrə qururuq. Bu tərtibatlar xətaları tam aradan qaldıracaq və ya onların təlimat tələbləri, eləcə də digər normativ aktlara görə müəyyən edilmiş çərçivədən də aşağı həddə saxlayacaq, - deyən mütəxəssis xarrat dəzgahını göstərir. Avadanlıq, əsasən, pardaxlama işi üçün nəzərdə tutulub. Tərtibatla burada sınaqdan çıxarılan ilk məhsulda 2 mikron səhv qeydə alınıb, halbuki yol verilən xəta həddi 0,5 mm-dir.


- Emalatxanada hazırladığımız bütün tərtibatlarımız unikal sayıla bilər – deyə o, qeyri-stadart tərtibatların bəzi funksional kefiyyətini açıqlayır, - Bu tərtibatlar hər hansısa zavodda və ya hansısa nümunəyə əsasən hazırlanmır, o, texnoloji prosesin tələbi kimi meydana çıxır. Yol verilə biləcək nöqsanlar, iş strukturu və prinsiplər bəllidirsə, onu hazırlamaq da mühəndis zəkası üçün elə də çətin olmamalıdır.


Açığı, mütəxəssisin bu sözlərinin özü təəccüblüdür. Onun sadəliyi və səmimilikdən söylədiyi fikir görülən işin mahiyyətini şişirtməmək istəyindən irəli gəlir. Proseslə tanış mütəxəssis ilk baxışdan bu tərtibatların hazırlanmasının adi məsələ olmadığını dərhal anlayar.


Elə həmin torna dəzgahı üzərində hazırlanmış etalonu göstərən F.Qurbanov deyir ki, onu 2,5 metr həddində ona görə müəyyən ediblər ki, bütün dəzgahlara uyğun gəlsin. Val üzərinə qoyulduqdan sonra həm oxboyu, həm də eninə yoxlama aparılır və beləcə, xətalar aşkarlanaraq aradan qaldırılır. Məhsulun təkrar yoxlamaları və sınaqları da göstərir ki, ideal nəticə əldə olunur.


Bu etalonlar təkcə məhsulun kefiyyətinə nəzarət və ya onun standartlar həddində olması üçün deyil. Onlardan, eyni zamanda, dəzgahın vəziyyətinə nəzarət üçün istifadə olunur, onun iş prinsiplərini tənzimləyir. Dəzgah bir müddət işlədikdən sonra oxboyu qaçma müşahidə olunur. Bundan əlavə mərkəz İki mərkəz bir ox üzərində olsun deyə, avadanlıq 0,01 mm-ə qədər tənzimlənir.


Daha bir dəzgahda buks başlıqları təmir olunur. İstismar zamanı bukslar yeyilir və mütəmadi zərbələrdən səthində əyriliklər əmələ gəlir. Oxun vəziyyəti təkər başlığına uyğunlaşdırılır, həm də buks yastıqları oturan hissə pardaxlanır və cilalanır. Tərtibatlar həmçinin dəzgahın vəziyyətinə də nə
Fəxrəddin Qurbanov «kiçik zavod»da təkər cütünün istehsalı üçün də hər bir şərait olduğunu deyir:


- Gələcəkdə burada təkər cütlərini də istehsal edə bilərik. Bunun üçün sadəcə, xammalın alınması yetər. Tam istehsalat şəraiti, işçi potensialı və tərtibatlar artıq buna imkan verir. Təkər cütlərinin təmiri və onun zavod şəraitindən də ideal səviyyədə təşkili belə söyləməyə qəti əsas verir. Əgər isthsal prosesinin texniki əsaslandırılması və onu maliyyə səmərəliliyi aparılarsa, bu işə problemsiz başlaya bilərik.


Təbii ki, təkər cütlərinin təmiri zamanı istehsalatın bütün şərtlərinə əməl olunursa, iqtisadi səmərəsi olacağı təqdirdə bu prosesə başlamaq məqsədəuyğun sayıla bilər. Çünki istehsalçı müəssisələrdən alınmış bəzi təkər cütlərinin vəziyyəti də bu prosesi təşkil etməyin digər vacib məqamlarını da üzə çıxarır. Bu prosesin təşkili metropoliteni ölkə və regionda əsas təchizatçı müəssisələrdən birinə də çevirə bilər və sifarişlər əsasında metropoliten özünümaliyyələşdirmə yolunda əhəmiyyətli addım atmış olar. Daha bir səmərə isə işçilərin iqtisadi-sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına şəraitin yaradılmasıdır. Nəhayət, «Dərnəgül» deposundan sonra Xocahəsəndəki elektrik deposunun istismara verilməsi və hər ikisinin də əsaslı təmir üçün nəzərdə tutulması bu istiqamətdə addımları labüd etməklə yanaşı, onun uğuruna da zəmanət yaradar.


- Təkər cütü üçün lazım olan xammal alındıqdan sonra onu lazım olan texnoloji prosesdən keçirib istehsalata buraxa bilərik, - deyə baş konstruktor vərdənələnmə dəzgahındakı tərtibatlardan da söz açdı, - Təkər cütü oxunun oturaq hissəsi vərdənələnməlidir. Ox üzərinə keçirilmənin normal alınması üçün bu mütləq edilməlidir. Avadanlıqda vərdənə başlığı ilə yanaşı hidravlik qurğu da qoyulacaq. Tezliklə bu proses də tam kefiyyətlə təmin olunacaq.
Fəxrəddin Qurbanov bir neçə metroloji tərtibatın da hazırlandığını söyləyir. Baş metroloq Ebazer Arslanbekov kimi mütəxəssisin də olmasını ümumi işin təşkilində rolunu qeyd edərək, metroloji sahədə dəqiqliyin təmin olunması sayəsində «sıfır xəta» prinsipini uğurla tətbiq etdiklərini deyir.


Metroloji tərtibatlardan birini göstərən baş konstruktor onun vasitəsilə gözlə görünən və görünməyən xətaları yoxlayıb aşkarladıqlarını qeyd edir. Tərtibatın üzərinə indikator qoyulduqdan sonra avadanlığın səthi tam yoxlamadan keçirilir.


Təkər cütünün hazırlanmasında ümumən tərtibatların sayının çox olmasının səbəblərini soruşduqda mütəxəssis dəzgahlardan birinin nümunə çəkir. Dəzgahda dörd böyük tərtibatdan istifadə olunacaq. Onlar maqnitliyin aradan qaldırılması, dişli çarx və labirint oymağın çıxarılması, təmiri, yoxlanılması və yerinə qoylumasında istifadə olunur. Ümumiyyətlə, təkər cütü üzərində hər hansısa bir proses icra olunursa, o, mütləq texniki tələbə və normalara uyğun aparılmalıdır.


- Hər bir detal - çıxarılan, yerinə qoyulan, işçi funksiyası olan və təlimatlarda göstərilən standartlar və ölçülərin hər biri üçün tərtibatlar hazırlanacaq. Tərtibatlar da bunun üçün lazımdır: işin dəqiqliyini, səlisliyini yoxlamaqla bərabər, texnoloji proesə tam riayət olunmasına əminlik yaradır. Nəticədə, metropolitendə hərəkət təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli iş görülür.


İlk baxışda elə görünür ki, bu qədər tərtibatla texnoloji proses xeyli ağırlaşmış olur. Belədə işçilərin keyfiyyəti gündəmə gəlir. Fəxrəddin Qurbanov bununla bağlı, kifayət qədər səriştəli rəhbər kimi, emalatxana rəisi Məmməd Qasımovun tələbkarlıqla yanaşı, daim bacarıqlı işçilərə xüsusi münasibət yaradılmasına çalışdığını qeyd edək deyir:


- Bu gün işçilərimiz, əsasən, peşəkarlardır. Bir neçə işçimiz əvvəllər müxtəlif müəssisələrdə peşəkarlıq tələb edən sahələrdə çalışıblar. Yaxşı tornaçılarımız və çilingərlərimiz var. Yeganə problem belə mütəxəssislərin yeni nəsil arasında az olmasıdır. Bu sahəyə marağı olan gənclər , demək olar ki, yoxdur. Belələri olsa, rəhbərlik böyük məmnuniyyətlə emalatxanalarda onların peşəkarlığının artmasına kömək göstərər. Sadəcə, istək və bacarıq olmalıdır. Bununla yanaşı, bacarıqlı işçilərin əməyinin qiymətləndirilməsi də vacibdir və onları qorumağa çalışmalıyıq. Gələcəkdə iş həcmi artdıqdan, metropoliten böyüyəndən və deproların sayı çoxaldıqdan sonra, təbii ki, yeni işçilərə də ehtiyac olacaq, - deyən Fəxrəddin Qurbanov daha bir dəzgahı göstərir.


Pardaxlama bir neçə cür olur. Ümumən dairə üzrə, çevrə boyunca pardaxlama ilə yanaşı müstəvi pardaxlaması da vacibdir. Bunun üçün lazım olan dəzgah uzun illər idi istifadəsiz qalmışdı. Burada detalların müstəvisi pardaxlanır. Elə profilli detallar var ki, onu yalnız bu avadanlıqda pardaxlamaq və yoxlamaq olur. Həmin dəzgahın işçi vəziyyətinə qaytarılmasında çilingər-elekrtik Valeri Bolnokovun əməyini xüsusi qeyd edən F.Qurbanov avadanlığın təmir üzrə güclü mütəxəssislərə metropolitendə həmişə iş tapılacağını deyir.


Söhəbtimizi elə bu yerdə saxlayırıq, çünki tezliklə burada tətbiq olunacaq yeniliklərdən sonra tam fərqli iş rejimindən də söz aça biləcəyik.


Bəxtiyar MƏMMƏDOV
 


Знакомы ли Вы с правилами пользования Бакинским метрополитеном?