02 февраля 2016

Yeni xəttin ilk elektrik yarımstansiyası fəaliyyətə başladı

Bənövşəyi xətdə tam fərqli elektrik qidalanma sistemi tətbiq ediləcək.

Yeni Bənövşəyi xəttin hazırda tikintisinin son mərhələsi aparılan «Avtovağzal» və şərti adı «Memar Əcəmi-2» stansiyalarında həm də quraşdırma işləri sürətlə davam etdirilir. Hər iki stansiyanın dartı və alçaldıcı yarımstansiyaları bir-birindən ayrı tikilib. Bu, Bakı metrosunun istismarında yenilik olmasa da, yeni xəttin texniki tələblərinə görə, daha böyük gücə ehtiyac olduğunu göstərir.
Ümumiyyətlə, yeni xətlərdə ən müasir texnologiyalar istifadə olunmaqla, yeni dövrün idarəetmə və tənzimlənmə sistemləri tətbiq ediləcək. Qatar hərəkətində CBTC, stansiyaların və qurğuların idarə edilməsində isə SCADA sistemlərinin tətbiqi, ilk növbədə, elektrik təchizatının fərqli və daha səmərəli istismarını tələb edir. Eyni zamanda, xətdə yeddi vaqonlu qatarların hərəkəti nəzərdə tutulduğu üçün stansiyaların daxili tələbatı əvvəlkilərdən fərqlənir. Ventilyator, drenaj qurğuları, işıqlandırma sistemi daha müasir olduğundan Bənövşəyi xətt Bakı metrosunda görünməmiş bir gərginliklə – 35 kV-la işləyən yarımstansiyalardan qidalanacaq.
Elektrik təchizatçıları artıq quraşdırma işlərini tam başa çatdırıblar. Bu isə yeni stansiyalarda qızmar iş dövrünün başlandığını göstərir. Ötən müddət ərzində müxtəlif gərginlikli transformatorlar, paylayıcı qurğular, düzləndirici aqreqatlar, akkumulyatorlar stansiyaya tam həcmdə yerləşdirilərək, istismar tələblərinə uyğun quraşdırılıb.
Növbəti mərhələdə buraxılış-sazlama aparılır. Uğurlu sınaqlardan sonra «Avtovağzal» stansiyasına elektrik yarımstansiyasından gərginliyin verilməsinə başlanılıb. 380 və 220 V gərginliklər tam həcmdə təmin edildiyindən işıqlanma, qaldırıcı və santexniki qurğulara gərginlik elektrik yarmstansiyasından verilir. Bundan savayı, akkumulyator sahəsində işlər yekunlaşdırılıb. Artıq dartı sahəsi üzrə transformatorların sınaqları da uğurla başa çatdırılıb. Deməli, yarımstansiyanın tam istismar dövrünə lap az müddət qalıb.





Все новости