z

«Xətai» stansiyası və mənzil yolu sağlamlaşdırılır

«Xətai» stansiyası və mənzil yolu sağlamlaşdırılır

29 ДЕКАБРЬ / 2015 / 00:00

Yerüstü nəqliyyatın fəaliyyətinin yenidən təşkili ilə əlaqədar şəhərin şərq və cənub-şərq istiqamətindən gələn marşrutların mərkəzə daxil olmadan hərəkət etməsi Bakı metropoliteninin «Xətai-Cəfər Cabbarlı» mənzilinin rolunu da artırmışdır. Bu istiqamətdə aparılan tədbirlər davam edərsə, stansiyanın sərnişin yükü bir qədər də artacaqdır. Lakin bu tələbat yaranmasa belə, metropolitenin ən həssas sahələrindən olan «Cəfər Cabbarlı-Xətai» mənzilində yeniləşmə zamanın tələbidir. Çünki paytaxtın ən kəskin geoloji quruluşa malik hissəsində yerləşən «Xətai» stansiyası və yol mənzilinin tunelləri daim qulluq, həssas yanaşma tələb edir.
«Bakı Metropoliteni»QSC-nin sədri Zaur Hüseynovun 2014-cü il oktyabrın 22-də imzaladığı əmrə əsasən, «Cəfər Cabbarlı-Xətai» mənzilinin birinci yolunda və «Xətai» stansiyasının ikinci dalan yolunda sağlamlaşdırma tədbirləri aparılır.
Sağlamlaşdırma işlərinin ən ağır dövrü olan birinci mərhələsi artıq yekunlaşıb. İnşaatçılar birinci yolda tunel geyimlərinin yenilənməsi və bərpasını başa çatdırıblar. Tunelin dəmir-beton örtüklü sahəsində profilaktik təmir yerinə yetirilib və bu, konstruksiyaları məhvə aparan prosesin qarşısını alıb. Tunellə stansiyanı birləşdirən diafraqmada sağlamlaşdırma və möhkəmləndirmə tədbirləri yerinə yetirilib.
Yolun yararsız hala düşmüş infrastrukturu da sağlamlaşdırılıb. Bu məqsədlə hərəkət mənzili boyunca rabitə, işarəvermə, elektrik təchizatı və digər bütün müvafiq texniki avadanlıqlar yenilənib.
İndi birinci yolun və platformanın təmiri aparılır. Layihə əsasında stansiya və yol divarlarının üzlüyü sökülüb, altındakı tunel geyimləri korroziyadan təmizlənib, axıntılar ləğv olunub və rənglənib. Burada yeni monolit dəmir-beton konstruksiya qurulub.
Platformanın köhnə plitələri sökülüb və beton lövhələrdən yeni platforma yaranıb. Platformaaltı yararsız dayaqlar yenidən sökülüb, alt divar tikilərək suvaqlanıb. Yol divarında yeni dəmir-beton səth yaradılıb.
Növbəti mərhələdə təmir platformadan orta zala keçidlərdə korroziyanın təmizlənməsi istiqamətində aparılacaq. Divarın metal səthi laqunda ilə təmizlənərək, xüsusi məhlulla emal olunacaq, sonradan səthin üzərindən metal təbəqə çəkiləcək.
Sonra stansiyada tağlar layihə əsasında sağlamlaşdırılaraq memarlıq tələblərinə uyğun üzlənəcək. Metal səthin üzərini 10-15 sm qalınlığında beton qatı örtəcək. Bununla da mərmərdüzənlər üçün fəaliyyət sahəsi yaranmış olacaq.
Metropoliten miqyasında bu yeniləşmə hərəkətin təşkilinə, xüsusən intervalın azaldılmasına, hərəkət təhlükəsizliyi parametrlərinə təsiri əhəmiyyətli olacaqdır.