25 May 2022 8:40

Məktəblilərin metroya ekskursiyası

Maraqlı məlumatlarla zəngin gəzinti

"Bakı Metropoliteni" QSC korporativ sosial məsuliyyət çərçivəsində Bakının Sabunçu rayonunda yerləşən 72 nömrəli məktəbin 7-ci sinif şagirdləri üçün “Bakmil” stansiyası və “Nərimanov” elektrik deposuna ekskursiya təşkil edib.
Ənənəvi təşkil edilən gəzintidə məqsəd uşaqları metropolitenin fəaliyyəti ilə yaxından tanış etmək, onlarda istehsalata, texnika və innovative yeniliklərə, müxtəlif peşələrə maraq yaratmaqdır.
Ekskursiya “Bakmil” stansiyasından başlanıb, daha sonra depo ərazisində mühafizə xidməti əməkdaşlarının müşayiəti ilə müxtəlif xidmətlərdə davam edib. SƏTƏMM xidmətində hər birinə qoruyucu kaska və jilet təqdim olunub,xidmətin əməkdaşı onları təhlükəsizliklə bağlı təlimatlarla tanış edərək,uşaqların çoxsaylı suallarını cavablandırıb.
Məktəblilər ekskursiya çərçivəsində Elektrik mühərriklərinin və Vaqonların əsaslı təmir xidmətində, Depolar üzrə iş departamentində də olublar. Xidmətlərin əməkdaşları iş prinsipləri barədə geniş məlumat veriblər. Uşaqlar qatarların gecələməsi və təmir şəraiti, hərəkət tərkiblərinin idarə olunması, həmçinin gecə növbəsində əsas hərəkət vasitəsi olan təsərrüfat qatarlarının işi ilə yaxından tanış olublar. Onlar qatarların təmiri sexində görülən işlər, qatarların hərəkətinin idarə olunması üzrə mərkəz barədə məlumatlandırılıblar.
Qatar maşinistinin hazırlanması, biliklərinin artırılması və yoxlanmasında xüsusi rol oynayan trenajor uşaqların diqqətini çəkib. Məktəblilər depo ərazisində yerləşən idman-sağlamlıq kompleksində, yeməkxanada yaradılmış şəraitlə də tanış olublar. Ekskursiya uşaqların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların dünya görüşünün genişlənməsində, təfəkkürünün möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq.
Ekskursiyalar mütəmadi olaraq təşkil ediləcək.





Bütün xəbərlər