25 Yanvar 2022 14:14

Aparıcı dünya standartları səviyyəsində mühəndis-texniki yeniliklər

Bakı metropoliteni 2021-ci ildə - beşinci məqalə

2021-ci il Bakı metropolitenində ən mühüm sahələr olan hərəkətin təşkili, nizamlanması, o cümlədən enerji təminatında sistem və avadanlıqların yenilənməsi, mühəndis-texniki innovasiyaların tətbiqi baxımından xüsusi olub.

Hərəkət təhlükəsizliyi yenilikləri
Ən yeni texnologiyaların tətbiqi müasir dövrün tələblərinə uyğun innovativ layihələrdən biri -  hərəkətin təşkilində SCADA (dispetçer idarəetmə sistemi) və CBTC (qatarların hərəkətinin radiokanal əsasında idarə edilməsi) sistemlərinin tətbiqi üzrə işlərdir. Bu istiqamətdə əsas işlər “Nərimanov” elektrik deposunda aparılıb. Yeni sistemin mühüm tərkib hissəsi “ox sayğacları”nın qurulmasıdır. Bununla depo yollarında hərəkətin təşkili, idarə olunması və optimal tənzimlənməsi mərkəzləşmə məntəqəsindən aparılır, təhlükəsizlik tələbləri maksimum səviyyəyə çatdırılıb. Bu mənada “8 Noyabr” stansiyası da daxil olmaqla əsas yeniliklərin Bənövşəyi xətdə tətbiqi davam etdirilib və burada metro tarixində ilk dəfə qatarların avtomatlaşdırılmış hərəkət qrafiki tətbiq edilib.
Hərəkətin təşkili və tənzimlənməsi baxımından 2021-ci ildə Qırmızı xəttin rabitə sahələrinin, Yaşıl xəttin bir sıra avtomat-nəzarət sahəsinin qurğularının, 9 stansiyasının birləşdirici qutularının sxemləri tərtib edilib və elektron formatda yığılıb. Bir çox sahələrdə svetoforların söndürülməsi ilə əlaqədar prinsipial və montaj sxemlərində dəyişikliklər aparılıb. Ümumən, 2021-ci ildə Qırmızı xəttin və “Nərimanov” elektrik deposu yollarının, Qırmızı xəttin rabitə sahəsinin sxematik planının elektron formada yenidən işlənib hazırlanması başa çatdırılıb. Hazırda davam etdirilən rabitə magistral kabellərinin sxemlərinin elektron formada tərtib edilməsində Qırmızı xətdə aparılan işlər tamamlanıb.
Yola saldığımız ildə 5500 rele və 450 SAT aparatı, 5500 qoruyucu dəyişdirilib, 16 svetofor söndürülüb və demontaj olunub. “Nərimanov” deposunda bütün yoldəyişdiricilər texniki normalara uyğun tənzimlənib, elektrik intiqallarındakı friksiya mexanizmi sökülüb yağdan təmizlənib. Metropolitendə 9 köhnə mexaniki saat şəbəkə ilə işləyən yeni müasir tipli, daha dəqiq və etibarlı elektron dispetçer saatları ilə əvəz edilib. Bir sıra kross otaqlarında müasir  dolablar tətbiq edilib.

Enerji və yanğın təhlükəsizliyi yenilikləri
Elektrik təchizatı metropolitenin həyat funksiyalarını təmin edən damarlardır. 2021-ci ilin əsas energetika hadisəsi metropoliten tarixində ilk dəfə fərqli layihə əsasında 35 kV-luq yarımstansiyanın istifadəyə verilməsidir. Bununla Bənövşəyi xətdə enerji sisteminin optimallıq və təhlükəsiz baxımından təkmilləşdirilməsi, müasir avadanlıqla təmin edilməsi həyata keçirilib. Alternativ enerji mənbəyi ilə təchizat məsələləri də məhz yeni xətlərin layihələndirilməsinin tərkib hissəsidir. Bənövşəyi xətdə bu funksiyanı daşıyan 16 MVA gücə malik dizel-generator stansiyası buna nümunədir. Dizel-generator stansiyasında hər birinin gücü 2 MVA olan 4 dizel-generator istismara verilib. Onu da əlavə etmək lazımdır ki, "Bakı Metropoliteni" QSC-nin texniki tələbləri əsasında “Rolls-Royse Power Systems AG MTU" GmbH şirkətinin istehsalı etdiyi ümumi gücü 39 MVA olan 17 modul dizel-generator isə paytaxtı enerji ilə təmin edən qurumların elektrik yarımstansiyalarında quraşdırılıb. İl ərzində dizel-generatorların fəaliyyəti bir neçə dəfə sınaqdan çıxarılıb, onların normativ sənədlər əsasında baxışı, qulluğu, xidmətini aparan sahələrin təlimat əsasında yoxlanılması həyata keçirilib.
Mövcud xətlərdə yeniləşmənin davamı isə qatarlara dartı gücünü verən yarımstansiyanın yenidən qurulması əsas uğurlardandır. Yarımstansiyada “Siemens” şirkətinin  istehsalı olan yeni avadanlıqlar yerləşdirilib. Bununla daha bir sahədə enerji təhlükəsizliyi tələbləri tam yeni standartlar səviyyəsinə çatdırılıb.
Müxtəlif sahələrdə müasir yanğınsöndürmə və yanğın xəbərdarlığı sistemlərinin quraşdırılması işləri 2021-ci ildə davam etdirilib. “8 Noyabr” stansiyasında ilk dəfə “NOVEC-1230” müasir qazlı yanğınsöndürmə sistemi, kabel kollektorunda “Termokabel” yanğınxəbərverici sistemi quraşdırılıb. Elektrik mühərriklərinin əsaslı təmiri sexində və əsaslı təmir olunmaqla modernləşdirilmiş dartı yarımstansiyasında daha bir müasir “UNİPOS” avtomatik yanğın xəbərverici sistemi, eyni sistemlə təmin edilib. “Nərimanov” deposunun inzibati binasının yanğın təhlükəsizliyi isə “Vers Leon” sistemi ilə təchiz olunub.

Bir ilin əsas yoxlama-nəzarət tədbirləri
Metronun infrastrukturunda qatarların normal hərəkətinin təşkili ilə tunellərin vəziyyəti arasında bağlılıq möhkəmdir. Tunelin hermetikliyini pozan axıntılara qarşı mübarizə gündəlik olaraq aparılır. 2021-ci ildə tunelçilər 1943 əndazə, 2141 yan axıntını ləğv edib, 48-ni isə kənarlaşdırıblar. Hesabat dövründə 102 bolt dəsti dəyişdirilib, 485 ədəd taxta tıxac çıxarılaraq yeri betonlanıb, 4025 p.m drenaj qanovu duzdan, 1948 p.m qanov lildən təmizlənib. Bərpa edilən qanovların sayı 1217 p.m olub. Tunelin 2870 yuvasında yığılan suları drenaj qanovlarına yönləndirən suaxarlar dağıdılıb, 19324 yuva isə bərpa edilib, 1010 yuva rənglənib. 18905 p.m tunel aqreqatla, 140 min 160 p.m sahə yeni yuma aparatı ilə yuyulub.
İl ərzində tunel köynəklərinin korroziyadan mühafizə tədbirləri də planlı şəkildə aparılıb. 110647 kvadrat metr çuqun tübinq korroziyadan təmizlənib və  96375.15 kvadrat metr korroziya əleyhinə boya ilə rənglənib və tunel köynəyinin arxasına 378.805 kq məhlul vurulub.
Diaqnostika və metroloji təminat mütəxəssisləri 83 min 710,99 kv.m çuqun tübinqlərin korroziyadan təmizlənməsi və 64 min 439,15 kv.m korroziya əleyhinə boya ilə rəngləmə işlərinə nəzarət ediblər, 974 yerdə keyfiyyət göstəricilərini ölçüblər. Tunellərdə, şaxtalarda, tunel keçidlərində və s. obyektlərdə korroziyanın illik aşılanmasını təyin etmək üçün 975 yerdə ölçmə işləri aparılıb. Tunellərdə depo və park yollarında kimyəvi və elektrik-kimyəvi korroziya üzrə 2030 yerdə yoxlama aparılıb. Tunel geyimi ilə hərəkət relsi arasında 230 yerdə, tunellərdə 672 yerdə hərəkət relsinin izolyasiya qovşaqlarında, 370 yerdə “hərəkət relsi-təmas relsi” arasında, 370 yerdə təmas relsi ilə kronşteyn arasında, 26 yolayırıcı qurğuda “hərəkət relsi-tunel geyimi” arasında, 104 yolayırıcı qurğuda izolyasiya müqaviməti ölçülüb.
Diaqnostika kompleksi metropoliten infrastrukturunun yoxlanması üzrə 20 keçid zamanı 1294.4 km sahədə aparılan yoxlamaların nəticəsi barədə hesabat hazırlayıb. Defektoskopiya qrupu 3783 km yola, 2918 yoldəyişdirici qurğuya nəzarət edib. Şifrə açanlar tərəfindən 1555 faylın şifrəsi açıqlanıb. Həmçinin Bənövşəyi xətdə “PT-12M” diaqnostik arabacığı vasitəsilə 88 km yol infrastrukturunun yoxlama hesabatı tərtib olunub.
UD-3-71 portativ defektoskop aparatı vasitəsilə cədvəl əsasında 90, “AVİKON-02” səyyar defektoskopu ilə növbədənkənar 6 yolayırıcı, Bənövşəyi xəttin yollarında təmas relsinin 189 qaynaq qovuşuğu portativ defektoskop aparatı ilə yoxlanılıb. Bunlarla yanaşı, sahələrdəki 5244 elektrik ölçü cihazı yoxlanılıb, bunlardan 132-si təmir edilib, 129-u istismara yararsız hesab olunub. Yoxlanılan 830 təzyiq ölçmə vasitəsindən 22-si təmir edilib, 6-sı yararsız sayılıb. Depoda əsas təmir növlərinə dayandırılmış 9 qatarın 180 təkər cütünün profili, diametri və təkərlər arasında məsafə yoxlanılıb.
“Ölçmələrin vəhdətinin təmin edilməsi” haqqında qanunun 12.1 maddəsinin tələblərinə uyğun olaraq istismarda olan 308 ölçmə vasitəsi 2021-ci ildə dövlət yoxlamasından keçirilib. Eyni zamanda 2021-ci ildə müvafiq maddi-texniki bazanın gücləndirilməsi məqsədilə hidravlik təzyiq kalibratoru, nümunəvi təzyiq manometri, “Transmille 1000A Portable Multi Function Calibrator”, “Avikon-31” ikixətli ultrasəsli defektosop aparatı alınıb.
Qeyd edilənlər il ərzində əsaslı mühəndis-texniki yeniliklər sayəsində sərnişindaşıma xidmətinin təhlükəsizliyi təmin olunmaqla yanaşı, metropoliten infrastrukturunun sağlam vəziyyətdə saxlanması da təmin olunub.





Bütün xəbərlər