17 Yanvar 2022 15:15

Sərnişin təhlükəsizliyi və rahatlığında yeni keyfiyyət standartları

Bakı metropoliteni 2021-ci ildə - dördüncü məqalə

2021-ci ilin ilk beş ayı ərzində pandemiya səbəbilə sərnişin daşımasa da, Bakı metropoliteni üçün iki fərqli mürəkkəb tarixi dövr əlamətdar yeniliklərlə yadda qalıb. Sərnişindaşıma prosesi bu müddət ərzində yalnız qısamüddətli dövrləri əhatə edən qərarlarla davam etsə belə, bir sıra mürəkkəb texnoloji prosesləri düşünülmüş layihələrlə yerinə yetirmək mümkün olub. Metropolitendə ən vacib vəzifə sərnişin təhlükəsizliyi və rahatlığıdır. Bu mənada əsas yeniliklər aşağıdakı tələblərə cavab verməlidir.

Rəvan və səlis yollara doğru
Yollar metropolitendə təhlükəsiz və rahat hərəkətin təməli sayılır. Tunellərdə il ərzində 2034 yararsız ağac şpal, stansiya yollarında 549 gödək ağac şpal dəyişdirilib. Üzərindən normadan artıq yük buraxılmış – 3644.9 p.m R-50 tipli relslər uzunölçülü relslərlə əvəz edilib. Uzunölçülü relslər isə qatarların daha rəvan, səlis hərəkətə, daha az vibrasiyaya səbəb olmaqla sərnişin rahatlığının optimallaşdırılmasına xidmət göstərir. Deponun park yollarında yoldəyişdirici qurğuların 59 ağac çevirici tiri, üzərindən normadan artıq yük buraxılmış R-50 tipli 1/5 markalı 3,  eyni səbəbdən 4 stansiyada, yoldəyişdirici qurğu yenilənib. Tuneldə, park yollarında təmas relsinə 478  yeni kronşteyn qoyulub. Rels-qaynaq sahəsində 3582.835 p.m.rels (146 qovşuq) qaynaq olunub. 
“Bakmil-Portal” mənzilində, deponun park və dalan yollarında 1019 yararsız ağac şpalın dəmir-beton şpallarla əvəz edilməsi də qeyd oluna bilər. Pandemiya səbəbilə sərnişindaşıma fəaliyyəti dayandırıldığı müddətdə park yollarında R-50 tipli 1/5 markalı yoldəyişdirici qurğu dəmir-beton tir üzərinə qoyulub. “Bakı Metropoliteni” QSC mütəxəssislərinin hazırladığı xüsusi layihə əsasında tətbiq edilən bu yenilik də gələcəkdə Bakı metropoliteninin yol qovşaqlarında aparılan əsaslı təmir işləri zamanı  tətbiq ediləcək daha bir mühüm texnoloji proses olub.
Şərti adı “Xocəsən” olan depo da artıq metropolitenin istismar planlarında yer almağa başlayıb. Bu mənada burada R50 tipli 1/5 markalı 3 dəst yoldəyişdirici qurğuda şablon kənarlaşmalar norma daxilinə salınıb. “Avtovağzal-Xocəsən” mənzilinin II yolunda 1425 p.m uzunölçülü rels qaynaq edilib.

Ən müasir yol standartlarına
Bu mənada yolların üstquruluş elementlərinin yenilənməsi xüsusi yer tutur. Metro tarixində ilk dəfə cəmi iki ay ərzində davam edən texnoloji yenilik məhz bu dövrdə həyata keçirilib. Xüsusi tərtib edilmiş qrafik və layihə əsasında “Elmlər Akademiyası” stansiyasının hər iki yolunda ağac şpallar metropolitenin öz istehsal sahəsinin məhsulu olan dəmir-beton bloklarla əvəzlənib. Bu işin mürəkkəbliyi hər an metropolitenin sərnişindaşıma fəaliyyətinin bərpası ilə bağlı qərarın mümkünlüyü fonunda aparılıb. May ayının 25-də bütün işlər yekunlaşdırılmaqla, stansiya yolu istismara hazır vəziyyətə gətirilib.
Əlbəttə, “Cəfər Cabbarlı” stansiyasının təmirə dayandırılmış bir stansiya yolu və ona bitişik platformada da əsaslı təmir və yenidənqurma işlərinin başa çatdırılması da qeyd oluna bilər. Stansiyanın bütün infrastrukturu, o cümlədən yolları tamamilə yeni dövrün tələbləri səviyyəsində qurulub. Bu yol istismara verilməklə işlərə əks tərəfdə də başlanılıb. Bu xüsusda metro tarixində ilk dəfə istismar olunan tunel şəraitində dəmir-beton blokların quraşdırılması mənimsənilmiş daha bir təcrübənin tətbiqinə imkan verib. Bu təcrübə ilk dəfə Bənövşəyi xəttin “8 Noyabr-Memar Əcəmi” stansiyasına qədər olan yeni tikilən tunellərdə tətbiq olunaraq texnoloji proses mənimsənilmişdi. “Cəfər Cabbarlı-Xətai” tunelinin 481 metrlik hissəsinin yolları tamamilə yeni əsaslarla qurulur və 2021-ci ilin ilk rübündə tam başa çatdırılacaq.

Onilliklər boyunca təhlükəsizliyə təminat yenilikləri
“Cəfər Cabbarlı” stansiyasının əsaslı təmiri çərçivəsində mühüm işlərdən biri yerüstü sahədə tamamlanaraq, onun konstruksiyasının yağıntılardan qorunması məqsədilə üç mərhələli təmiri aparıldı. Burada kommunikasiya xətləri yeniləndi, yeni və daha etibarlı mühafizə qatı quruldu və onun örtüyü ətraf ərazinin memarlıq ansamblına uyğun bərpa edildi.
Bu mənzildə təbii havalandırma imkanlarının genişləndirilməsi baxımından Cəfər Cabbarlı meydanında yeni köşkün quraşdırılması xüsusi əhəmiyyət kəsb edib. Çünki məkik hərəkətin təşkil olunduğu “Xətai-Cəfər Cabbarlı”  mənzili üçün hər belə yenilik onun ağır hidrogeologiyası şəraitində xüsusi əhəmiyyət kəsb edir. 
Bu mənada hərəkətin təşkili baxımından metropoliten üçün müxtəlif infrastruktur vəzifələrin daşıyıcı yükünə sahib olan daha iki şaxtada başa çatan əsaslı təmir və yenidənqurma işləri metropoliten üçün xüsusi əhəmiyyət kəsb edir. Təkcə havalandırma deyil, həmçinin metropolitendə hərəkətin təşkili baxımından 1967-ci ildən fəaliyyət göstərən bu şaxtaların yenilənməsi stansiyaların inşası və əsaslı təmiri qədər vacib və əhəmiyyətli idi. Üstəlik, hərəkətin təşkili dövründə bu işlərin paralel qaydada aparılması da xüsusi mühəndis-texniki qərarların verilməsini tələb edirdi. Yekunda şaxtalardan birinin Süleyman Rəhimov küçəsində avtomobil yolunun ortasında yerləşən köşkünün “Azərbaycan Dəmir Yolları” QSC-nin yaxından iştirakı ilə yerinin dəyişdirilməsi bu küçədə yol-nəqliyyat infrastrukturunun rahat və maneəsiz hərəkətinin təşkili baxımından da şəhərə bir töhfə hesab oluna bilər. 
Şaxta özü isə bundan sonra metropolitendə xətlərin kəsişdiyi bir sahədə növbəti onilliklər boyunca hərəkətin təşkilində təhlükəsizliyin təminatına zəmanətdir.

Havalandırmada daha bir istiqamətdə keyfiyyət mərhələsi başlanıb
2021-ci il metropolitendə son illərdə başlanmış havalandırma sistemlərinin təkmilləşdirilməsi baxımından növbəti mərhələnin də başlanğıcı hesab oluna bilər. 2018-ci ildə bütün havalandırma sistemi Sovet dövrünün ənənəvi olaraq ildə iki dəfə dəyişdirilməsi prinsipindən çıxarılmışdısa, sonrakı dövrdə ventilyatorların da dövrün tələbinə uyğun yenilənməsinə başlanılıb. 2020-2021-ci illər bu mənada əhəmiyyətli yenilik tətbiq edilərək, pandemiya dövrünün məhdudiyyətlərinə rəğmən 10 yeni ventilyator yenisi ilə əvəz olunub. Bu xüsusda onların havalandırma gücü nəinki indiki, eyni zamanda, gələcək dövrün də tələbləri nəzərə alınmaqla tətbiq edilib. Bu qurğular əvvəlkilərdən 2-3 dəfə güclü olmaqla, həm də müasir idarəetmə sistemlərinə tabe etdirilib. Yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi isə xüsusi qeyd olunmalıdır. Əvvəlki ventilyatorlar bir rejimdən digərinə 25-30 saniyə ərzində çevrilirdisə, indi 3-4 dəfə tez qoşulur. “Həzi Aslanov” stansiyasında 2, “Ulduz” stansiyasında 2,  “Ulduz-Koroğlu” mənzilində 1, “Nizami” stansiyasında 2, “Elmlər Akademiyası” stansiyasında 2, “20 Yanvar” stansiyasında 1 ventilyator aqreqatı quraşdırılıb.
2021-ci il isə Bakı metropolitenində daha bir istiqamətdə havalandırma sisteminə köklü baxış və texnoloji yeniliklərin gətirilməsi ilə xüsusi yadda qalacaq. Əvvəlcə qeyd edək ki, hazırda Bənövşəyi xətdə 84 dampfer həm məcburi, həm də təbii hava axınının istiqamətini optimallaşdırır. Bu sahədə dünyanın aparıcı istehsalçılarından olan Avstriyanın “Sirocco” şirkətindən dəvət olunan mütəxəssislərin iştirakı ilə mövcud Qırmızı və Yaşıl xətlərin stansiya və tunellərində ümumilikdə 19 havalandırma dampferinin jalüzləri normalara uyğun nizamlanıb.
Göründüyü kimi, əsas infrastruktur yenilikləri ilə sərnişin rahatlığı və təhlükəsizliyi baxımından yeni texnoloji standartların tətbiqi 2021-ci ili əhəmiyyətli dövr kimi səciyyələndirir.





Bütün xəbərlər