01 Dekabr 2021 13:25

“Xocəsən” stansiyasında tikinti-quraşdırma işləri tamamlanır 

İkinci yerüstü stansiya nəhəng  infrastruktura malik olacaq

Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunun ərazisində yerüstü stansiya inşa olunur. Bu, metropolitenin sayca 27-ci və 2-ci yerüstü stansiyası olacaq.
Gələcəkdə xətdə 7 vaqonluq qatarlar hərəkət edəcəyindən bu stansiyanın da platformasının uzunluğu müvafiq ölçüdə - 144 metrdir. Platformada tikinti-quraşdırma tədbirləri tamamlanıb və orada  üzlənmə işlərinə  başlanılacaq.
“Nərimanov” elektrik deposu ərazisində yerləşən “Bakmil” stansiyasından fərqli olaraq, burada platformanı stansiya girişi ilə 59 metrə yaxın uzunluğu olan keçid birləşdirəcək. Sərnişinlər platforma səviyyəsinə iki eskalator və pilləkənlər vasitəsilə qalxa biləcəklər. Eskalatorların quraşdırılması başa çatdırılıb, qarşıdakı müddətdə onların sazlanması, sınaq və tənzimlənmə işləri yerinə yetiriləcək.
Stansiya vestibülü və keçiddə üzlük işlərinin böyük hissəsi başa çatdırılıb. Döşəməyə İtaliya və Ukrayna istehsalı olan qranit, divarlara keramoqranit vurulur. Ümumi uzunluğu 165 metr olan vestibül və buradakı xidməti otaqlarda son tamamlama işləri aparılır. 
Tunellərdən depo ərazisinə girişdən, yəni portaldan stansiyayadək 806 metrlik xəttin yol infrastrukturunun böyük qismi icra olunub. Burada yollara iqtisadi, praktiki eləcə də hərəkətin rəvanlığı, təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malik dəmir-beton şpallar döşənir. Yoldəyişdiricilər də dəmir-beton tirlər üzərində qurulub.   
Stansiyanın əvvəllər tikintinin ikinci mərhələsində inşa olunması nəzərdə tutulsa da, Xocəsən qəsəbəsi üçün əhəmiyyəti nəzərə alınaraq, birinci mərhələnin sonunda tam hazır vəziyyətə gətiriləcək. Bu isə nəinki qəsəbə sakinləri və bura üz tutan sərnişinlərin, eyni zamanda bir sıra yerüstü nəqliyyat vasitələrini bu stansiyaya bağlamaqla şəhərin şimal girişi istiqaməti və 20 Yanvar  meydanındakı nəqliyyat sıxlığına da nisbətən təsir göstərə bilər.





Bütün xəbərlər