07 Noyabr 2021 10:00

Bakı metrosu -54: metropolitençi olmaq məsuliyyəti

Zəfər soraqlı peşə bayramına yeni uğurlarla

Bakı metrosunun müstəqillik illərindəki fəaliyyəti iqtisadi inkişafın həm Azərbaycan modelini, həm də bazar iqtisadiyyatının başlıca qanunlarının tələblərinin sosial əsaslı layihələrlə uzlaşdırılmasını tələb edirdi. 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə Bakı metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti də bu zərurətin diktəsi ilə yarandı. Bundan sonrakı son 8 ilə yaxın dövr Bakı metropoliteninin tarixinə hərtərəfli inkişafın böyük sürəti ilə daxil olub. Bu müddətdə metropolitendəki yenilikləri birəbir sadalamaq mümkünsüz olsa da, bəzi əsas məqamları ümumi şəkildə qeyd etmək zərurətini də danmaq olmaz. 
Buraya, ilk növbədə, hərəkətin təşkili və təhlükəsizliyi ilə bağlı sahələri daxil etmək lazımdır. Hərəkət vahidləri və hərəkətin təşkili, yol, tunel, enerji təminatı sistemi, işarəvermə və rabitə qurğuları müasir dövrün texnoloji yeniliklərinə, korporativ idarəetmə mexanizmlərinin tətbiqi sayəsində elmi-texniki tərəqqinin tələbləri ilə ayaqlaşa bilən kadrlara ehtiyacı daha çox olan sahələrdir. Son illər vaqon təmirinin maddi- texniki bazasının möhkəmləndirilməsi, depoda vaqon təmiri sahələrinin yenidən qurulması və avadanlıq təchizatı, vaqon təmirçilərinin əmək və məişət şəraitinin yaxşılaşdırılması üzrə həyata keçirilən silsilə tədbirlər təmirin keyfiyyətini xeyli yüksəldib. Xüsusi vurğulanmalı olan məsələ daha geniş təmir həcmi - vaqonların əsaslı təmirinin yerinə yetirilməsidir. İndiyə kimi bu işi yerli şəraitdə aparmaq mümkün olmayıb. 1990-cı illərin sonlarında belə bir cəhd edilsə də, baş tutmayıb. 2017-ci ilin noyabrında fəaliyyətə başlayan vaqonların əsaslı təmiri sexi qaçış məsafəsi bu təmirə uyğun olan vaqonlar nəinki müvafiq texniki tələblərin şərtlərinə uyğun təmir olunur, həmçinin ən yeni avadanlıqlar və qurğularla təmin edilir, modernləşdirilməklə zahiri görkəmləri müasirləşir.
Vaqon parkının yeniləşməsi isə bundan əvvəl başlanıb. "Transmaşholdinq” Səhmdar Cəmiyyətinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsal etdiyi yeni vaqonlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub olub, idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Vaqonlararası birbaşa keçidin olması onların sərnişin tutumunu və sərnişinlərin vaqonlarda və platformada bərabər paylanmasını təmin edir. Hazırda vaqon parkında bu vaqonların sayı 95-dir (19 qatar). "Metrovaqonmaş”la 2019-cu ildə bağlanan müqaviləyə görə, vaqon istehsalçıları qarşıdakı ildə Bakı metropolitenini daha 20 vaqonla təmin etməlidirlər.
Əgər ilk vaxtlar yeni vaqonların dövri təmiri istehsalçı şirkətin mütəxəssisləri tərəfindən yerinə yetirilirdisə, indi yerli vaqon təmirçiləri mürəkkəb proses olan qaldırma təmirinin də öhdəsindən gəlirlər. Təmirin uğurlu və ya uğursuzluğunu isə qiymətləndirməyin heç bir çətinliyi yoxdur. Bunun üçün deponun park yollarında xüsusi sınaq yolu yaradılıb. İndi təmirdən çıxan qatarlar, bir vaxtlar olduğu kimi, sərnişindaşıma prosesində xətdə deyil, sınaq yolunda test edilir.
Yol təsərrüfatında aparılan yeniliklərə gəldikdə, yolun üst quruluşu elementlərinin müasir texnologiyalara müvafiq ballastsız əsaslar üzərində qurulması, park yollarında ağac şpalların dəmir-beton şpallarla əvəzlənməsi, stansiya yollarında (təmir prosesində) və metro tarixində ilk dəfə istismar olunan tunel şəraitində - “Cəfər Cabbarlı-Xətai” mənzilinin bir hissəsində metronun öz istehsalat sahəsinin məhsulu olan dəmir-beton konstruksiyalardan istifadə olunması qeyd olunmalıdır. Almaniyanın "Vollert” şirkətinin quraşdırdığı cəmiyyətin dəmir-beton konstruksiyaların istehsalı sexində yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur. 
Metro infrastrukturunun əsas hissəsi yer altında, tunellərdə yerləşir və aqressiv hidrogeoloji mühitün, qrunt sularının dağıdıcı təsirindən etibarlı şəkildə qorunmalıdır. Bunun üçün, ilk növbədə, mühitin kimyəvi, həmçinin qatarların dartı cərəyanından yaranan elektrik korroziyasının tunellərə mənfi təsiri gündəlik iş rejimi şəraitində aradan qaldırılır, axıntılar ləğv edilir, yeraltı sular tunellərdən kənarlaşdırılır, orada təbii və məcburi hava axını yaradılır. Xüsusən korroziya əleyhinə mübarizə prosesində metropolitenin mütəxəssisləri tərəfindən sınanan dünya təcrübəsində istifadə olunan müasir boyalardan isifadə edilir.
Bakı metropolitenində formalaşan qrunt sularından səmərəli istifadə ilə bağlı layihə isə illərin arzularını cəm edən və paytaxt üçün ən mühüm layihələrdəndir. “Nizami” stansiya yaxınlığında xüsusi qurğularla yer üzərinə çıxarılan su paytaxtda texniki məqsədlər, ən əsası, yaşıllııqların suvarılmasında səmərəli istifadə olunur. 
Yolun və tunellərin vəziyyəti, orada aparılan təmir və profilaktika işlərinin keyfiyyəti “Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin ilk illərində unikal layihə əsasında qurulmuş diaqnostika kompleksi tərəfindən qiymətləndirilir. Bu kompleks başqa infrastruktur elementlərinin, məsələn, elektrik təchizatı qurğularının, tuneldəki kabellərin, işarəvermə və rabitə sisteminin tunel avadanlıqlarının vəziyyətini və iş keyfiyyətini də yoxlaya bilir.
Hərəkətin qeyri-intensiv olduğu “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarını birləşdirən tunellərdə qruntun qələvi-turşu məhsulları ilə zənginliyi mənzil yolunda tunel geyimlərinə də təsirsiz ötüşmürdü. Ötən əsrin 70-80-ci illərində bu mənzildə hərəkətin təşkili üçün bir yol kifayət idi. Amma qatarların hərəkətinin məkik (o baş-bu baş) rejimdə təşkil olunduğu “Cəfər Cabbarlı-Xətai” mənzilində son illər sərnişin yükünün artması burada hərəkətin intensivliyinin də artırılmasını tələb edirdi. 2016-cı ilin yanvar ayından başlanan işlər nəticəsində “Cəfər Cabbarlı-Xətai” mənzilinin 1-ci yolunda 127 m sahədə tunel divarlarını bərkitmək üçün köhnə örtük səthini təmizləyib tunelin içərisindən yeni səth yığıldı. Eyni zamanda, tunelin sərt özülü bərpa olundu, stansiya yolu yeniləndi. “Xətai” stansiyasının I yolu, sonradan isə bütün stansiya əsaslı şəkildə təmir olundu. 
Enerji təminatının etibarlığı, siqnal və rabitə sistemlərinin dəqiqliyi, stansiya və tunellərin səmərəli havalandırılması olmadan, sərnişin texnikası və avtomatikası (eskalatorlar, travolatorlar, liftlər, gediş kartı aparatları, avtomat nəzarət-buraxılış məntəqələri, yanğın-mühafizə, videomüşahidə sistemləri və s.) lazımi səviyyədə işləməsə, hərəkətin təşkilindən, yüksək xidmət mədəniyyətindən, sərnişinlərin rahatlığı və təhlükəsizliyindən söz gedə bilməz. Son 5-6 ildə metronun enerji təminatı bazasının möhkəmləndirilməsi, fövqəladə hallarda yeraltı yolların alternativ enerji mənbələrindən qidalanması sahəsində əsaslı işlər görülüb. Depo ərazisində 2 yarımstansiya yeni bina ilə təmin olunmaqla müasir standartlar səviyyəsində qurulub. Eyni işlər “İçərişəhər”, Sahil”, “Gənclik”, “Elmlər Akademiyası” stansiyalarının elektrik təminatı bazalarında, digər dartı və alçaldıcı elektrik yarımstansiyalarında da yerinə yetirilib. Ən əsası, metropoliten stansiyaları hətta şəhərdə işıqlar yanmayanda belə çalışacaq. Azərbaycan Prezidentinin 2018-ci ildə qarşıya qoyduğu əsas vəzifəyə nail olan metropolitençilər elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranacağı təqdirdə belə ilk əvvəl qatarların stansiyalara çıxarılması və sərnişinlərin təxliyəsini həyata keçirəcək. Daha sonra isə müvafiq qaydalara uyğun olaraq, yeni iş rejiminə keçməklə minimal tələblər çərçivəsində sərnişindaşıma fəaliyyətini davam etdirəcək.
Gələcəkdə metropolitendə hərəkətin təşkili və idarəolunmasında müasir CBTC və SCADA proqram-alət kompleksinin tətbiqinə üstünlük veriləcək. Bu sistemlərin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartlı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsini və stansiyaların işinin təşkilini avtomatlaşdıracaq. Hazırda proqram çərçivəsində yeni Bənövşəyi xətdə və “Nərimanov” elektrik deposunda “ox sayğacı” bazasında sistemin tətbiqi üzrə əsaslı addımlar atılıb və gələcəkdə bu işlər mövcud xətlərdə də davam etdiriləcək. 
Yarım əsrdən artıq bir istismar dövrü yaşayan Bakı metropoliteninin havalandırılması, stansiyalarda iqlim şəraitinin normallaşdırılması üzrə işlərin səmərəsi son 8 ildə daha yüksək vüsət alıb. Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, iş rejimi daha da optimallaşıb, istismar müddətini başa vurduğuna görə faydalı iş əmsalını itirmiş qurğular yenilənib. Elə son iki ildə 17 belə ventilyator yenisi ilə əvəzlənib. 
Stansiyalarda sərnişin axınının təşkilində əhəmiyyətli rolu olan eskalatorlаrın demək olar ki, 80 faizdən artığı artıq yenilənib. Sovet dönəmi eskalatorları Almaniyanın “Thyssen Krupp” şirkətinin müasir nümunələri ilə əvəz edilib.
Metropoliten son illərdə həm də sosial layihələrin geniş meydanına çevrilib. Sərgi salonlarına çevrilmiş “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının keçidləri xüsusi qeyd oluna bilər. Mövzu baxımından Azərbaycan və dünya mədəniyyətinin incilərinin qalereyası olan stansiyada sonuncu sərgi Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarını azad etməsinə həsr olunub. 
Ümumiyyətlə, sosial layihələr baxımından Bakı metropoliteni ölkəmiz üçün ən əhəmiyyətli bir layihəsi ilə günün nəbzini tutub. Metropoliten əlil arabası istifadəçilərinə, ümumən, fiziki olaraq bu nəqliyyatdan faydalana bilməyənlər üçün əlçatandır. 2019-cu ilin martından Bakı metropolitenində əlil arabası ilə daşımalara başlanılıb və bu layihə get-gedə genişlənməkdədir.
Yeni uğurları ilə Bakı metropoliteni fəaliyyətinin 54-cü ilini başa vurur. Çoxminlik metropoliten kollektivi həmişə Bakıda normal həyat şəraitinin təmin olunmasında üzərinə düşən məsuliyyət yükünün ağırlığını dərk edir və şəhər sərnişindaşımalarında özünəməxsus üstünlükləri qoruyub saxlayaraq, daha da artıracağına, sərnişinlərinə xidmətin səviyyəsini daha da yüksəldilməsinə, onların təhlükəsizliyinin, rahatlığının təmin olunmasına inamla zəmanət verir. 





Bütün xəbərlər