01 Oktyabr 2021 14:21

Metro vaqonlarının təmirində mühüm yenilik tətbiq ediləcək

Avtomatlaşdırılmış sistem yeni keyfiyyət və standartlar deməkdir

Yüksək texnologiyaların sürətli inkişafı Bakı metropolitenində daha bir sahədə irimiqyaslı unikal yeniliyin tətbiqinə imkan verib. “Nərimanov” elektrik deposunda lokomotiv təsərrüfatının avtomatlaşdırılmış təmir, idarəetmə və monitorinqi sistemi qurulur. “Bakı Metropoliteni” QSC-nin texniki şərtləri əsasında həyata keçirilən layihə üzrə işlər beş mərhələyə bölünüb. Xüsusiyyətinə görə bu mərhələlər ardıcıl və ya bir-birinə paralel aparılır.
Birinci mərhələ üzrə işlər yekunlaşdırılıb. Təmirin avtomatlaşdırılması, ilk növbədə, vaqonların pasportlarının rəqəmsal əsaslara keçirilməsini tələb edir. Bununla hər bir vaqon üzrə əsas məlumatlar elektronlaşdırılıb və avtomatlaşdırılması proqram təminatı zamanı aparılacaq. Vaqonun elektron pasportunda lazımi məlumatlar – onun istehsalı, təmirin səciyyəsi, növü, görülən dövrü işlərin həcmi və digər bu kimi xarakterik göstəricilər yer alır. 
İkinci mərhələ müvafiq infrastrukturun qurulmasıdır. Hazırda serverin həcmi müəyyən edilərək qurulur. Elektron şəbəkə yaradılaraq sistemin əlaqəli, ardıcıl və sinxron fəaliyyəti isə təmin edilib. Bu məqsədlə elektrik deposunda naqilsiz lokal ötürücü şəbəkə qurulub. Bundan savayı, işçi heyətinin elektron cihazlarla təmin edilməsi məsələsi həllini tapıb. 
Üçüncü mərhələ vaqonların qaçış məsafələrinin avtomatik hesablanmasını nəzərdə tutur. Bunun üçün texniki-normativ tələblərə uyğun olaraq, müvafiq alqoritm qurulur. Prosesin avtomatlaşdırılması RFİD radiotezlikli identifikasiya qurğusu vasitəsilə həyata keçiriləcək. Qatarlarda və yol davamiyyəti olan stansiyalarda quraşdırılacaq qurğular radiosiqnalları xüsusi serverə ötürəcək.  və bunun əsasında hər qatarın qaçış məsafəsi avtomatik hesablanaraq qeydiyyata alınacaq. Qeyd edək ki, hazırda qaçış məsafəsi mexaniki qaydada xüsusi işlənmiş formullarla, əsasən, qatarların dövrü cədvəlinə görə təyin edilir.
Dördüncü mərhələ  texniki xidmət və təmir prosesinin avtomatlaşdırılmasından ibarətdir. Avtomatlaşdırma sayəsində vaqonlar barədə məlumatlardan savayı, bütün mühüm texniki əməliyyatları təqib etmək mümkün olacaq. Ən vacibi, təmirin keyfiyyətini təmin edən proseslər optimallaşacaq. Qatarlarda nasazlıqların, xroniki problemlərin hesabatını aparmaq və daha çevik həll etmək mümkün olacaq. Nəticədə, vaqonlara xidmət, baxış və qulluğun müddətini proqnozlaşdırmaq asanlaşacaq. Bu xüsusda materialların əvvəlcədən optimal hesablanıb qeydiyyatının aparılması və sifariş olunması, müvafiq ehtiyat hissələr bazasının yaradılması və sərfiyyatı təmir növlərinə uyğun daha dəqiq aparılacaq. Burada hətta təmirin kim tərəfindən yerinə yetirilməsi də xüsusi qeyd olunacaq. Beləliklə, hər bir təmir, eyni zamanda, nəzarət sahəsinin, rəhbər heyətin elektron cihazlar (kompüter, noutbuk, planşet və s.) vasitəsilə bütün məlumatlara birbaşa çıxışı olacaq. 
Gələcəkdə elektron imza prinsiplərinə uyğun olaraq, qeydiyyat üçün çoxsaylı jurnallar aparılmasınıa sərf olunan vaxtı minimum həddə endiriləcək və iş vaxtının səmərəli təşkilinə şərait yaranacaq. Sahəyə məsul, nəzarəti təmin edən sahələrin və rəhbər şəxslərin hər birinin elektron jurnallara nəzarəti avtomatlaşdırılacaq. Bu isə təmirin, xidmətin, texniki qulluğun və onların nəticələrini nəzarətdə saxlamağa imkan verəcək. Beləliklə, təmirin keyfiyyətini yüksəltməyə, işçi heyətin məsuliyyətini artırmağa, əmək məhsuldarlığına nail olunacaq.
Yuxarıda qeyd edilən mərhələlər “Bakinity” şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır.
Beşinci mərhələ qeyd edilən bütün mərhələləri özündə ehtiva edərək vahid sistemin proqram təminatının qurulmasını nəzərdə tutur. Proqram qurulmuş sistemlərin bir-birinə inteqrasiya olunmuş sinxron və ardıcıl fəaliyyətini təmin edəcək.
Layihə Bakı metropoliteni üçün xüsusi əhəmiyyətlidir. Bununla sərnişindaşımada xüsusi rol oynayan qatarlar və xidmət personalı ilə bağlı sistem də optimallaşdırılmaqla avtomatlaşdırılacaq. Nəticə olaraq, təmirin keyfiyyəti, lokomotiv təsərrüfatının idarəetmə səmərəsi və məsuliyyəti mümkün yüksək həddə çatdırılacaq.
Yekun mühüm nəticə, iqtisadi səmərədir. Yenilik gələcəkdə vaqonların təmirinə ayrılan vəsaitin daha səmərəli yönləndirilməsinə, optimal qənaətə nail olmağa imkan verəcək.





Bütün xəbərlər