10 İyun 2015 0:00

Bakı 2015-in alovu Bakı Metropoliteninə səyahət etdi

Vitali Rəhimov məşəllə «28 May» stansiyasına daxil olaraq, stansiya platformasına endi.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarının alovu Azərbaycanın bütün rayonlarını dolaşıb gəzdikdən sonra, təntənəli şəkildə Bakıya gətirilərək, iyunun 12-də açılış mərasimi ilə start götürəcək yarışlara qədər paytaxtın diqqətçəkən məkanlarına aparılır.

Bu gün Bakı 2015 alovunun səyahəti şəhərin əsas mədəniyyət və istirahət mərkəzlərində oldu. Müasir İncəsənət Muzeyi, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Sarayı və qarşısındakı parkın ardınca, Nizami küçəsi, Fəvvarələr meydanı, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi və Qış parkına səyahət edən məşəl daha sonra 28 May meydanına gətirildi.

Burada estafeti güləş üzrə dünya çempionu Arif Abdullayevdən qəbul edən SSRİ Xalq artisti, pianoçu, bəstəkar Fərhad Bədəlbəyli Bakı metropoliteninin “28 May” stansiyasının qarşısında Vitali Rəhimovа ötürdü. Yunan-Roma güləşçisi olan Vitali Rəhimov 2005-ci il Avropa çempionu, 2008-ci ilin avqustunda Pekində keçirilmiş Yay Olimpiya Oyunlarının 60 kq çəki dərəcəsində gümüş medalının sahibidir. 2009-cu və 2010-cu illərdə dünya çempionatının bürünc medallarını qazanıb. O, məşəllə «28 May» stansiyasına daxil olaraq, stansiya platformasına endi.

Məşəl estafeti “İçərişəhər” stansiyasına qədər davam etdirildi. Beləliklə, Bakı 2015-in alovu paytaxtın ən çox istifadə olunan ictimai nəqliyyatı ilə səyahət edərək, hava və su məkanlarımızla yanaşı, yeraltı polad magistralımızla da tanış oldu.

Estafet daha sonra Filarmoniya bağından funikulyora qədər davam etdirildi.

Qeyd edək ki, 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə ilk dəfə keçiriləcək çox maraqlı və innovativ yarışlardır. Birinci Avropa Oyunları, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək və bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Yarışlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.





Bütün xəbərlər