08 İyun 2015 0:00

«BİLGƏH» SAĞLAMLIQ MƏRKƏZİ METROPOLİTENÇİLƏRİ SÜRPRİZLƏRLƏ QARŞILAYIB

Bilgəh qəsəbəsindəki Sağlamlıq Mərkəzi metropolitençilərin istirahətinin təmin edilməsi baxımından müəssisə üçün əvəzsiz rol oynayır.

Bilgəh qəsəbəsindəki eyni adlı Sağlamlıq Mərkəzi metropolitençilərin sosial-mədəni istirahətinin təmin edilməsi baxımından müəssisə üçün əvəzsiz rol oynayır. «Bakı Metropoliteni»QSC-nin təsis edildiyi ilk gündən işçilərin əmək şəraitinin yüksəldilməsi, məhsuldarlığın artırılması, sıx kollektivçilik ənənələrinin formalaşması baxımından bu sanatoriya-profilaktoriyanın və istirahət mərkəzinin rolu danılmazdır.

Metropoliteninin sağlamlıq mərkəzi yeni mövsümdə metropolitençiləri tam fərqli sima ilə qarşılayır. 40 ildən artıq fəaliyyətdə olan köhnə birmərtəbəli evciklərin ləğv olunması və kottec tipli müasir çoxmərtəbəli evlərə çevrilməsi üzrə işlərin davamı kimi, bu dəfə 5 yeni bina inşa olunub. Onlardan 3-ü dörd (mansard nəzərə alınmaqla), 2-si ikimərtəbəlidir. Bunlardan əlavə istirahət mərkəzində daha 10 ikimərtəbəli və 5 birmərtəbəli evlər var.

Yeni binalar sayəsində, ötən illə müqayisədə, əlavə 32 ailə olmaqla, hər biri 4 nəfərdən artıq olmamaq şərtilə, cəmi 75 ailə bu yay mövsümünün 2 həftəsini burada səmərəli şəkildə keçirə biləcək. Bütün yeni kotteclər ən müasir məişət, mətbəx və s. avadanlıqlar, mebellərlə təchiz olunub. Digər kotteclər isə vəziyyətinə uyğun olaraq, müvafiq əsaslı və cari təmir olunaraq, lazım olan bütün yeni avadanlıqlarla təchiz edilib. Bu il bütün mənzillər kondisionerləşdirilib və isti su ilə təchiz olunub.

İstirahət mərkəzinin qiymətləri də işçilərin maraqları nəzərə alınaraq, münasib edilib. Burada metropoliten işçisi 50 manat ödəyərək evləri 14 gün müddətinə kirayə edir. Bundan əlavə, 100 manat depozit qoyaraq, istirahət müddəti başa çatdıqdan sonra onu geri alır.

Bir yollayışının müddəti 20 gün olan sanatoriya-profilaktoriya isə işçilərə pulsuzdur. Ümumiyyətlə, hər gedişi 90 nəfər olmaqla, dekabr ayına qədər davam edəcək mövsüm boyunca sanatoriyada 850 nəfər dincələ biləcək. Onun müalicəvi xüsusiyyətləri, həmçinin burada sağlamlıq kursu keçənlərin maraqları nəzərə alınaraq, sanatoriyaya 6 yaşdan aşağı uşaqla yollayış almağa icazə verilmir.

Profilaktoriyanın özəlliyi olan tədbirlər sırasında bu il əhəmiyyətli dəyişiklər var. Müalicə üçün işıq, maqnit terapiyaları, impulslu və stimullaşdırıcı elektrik cərəyanından, Naftalan və parafin müalicəsindən, inhalayasiyanın bütün növlərindən, impulsiv masaj, müalicəvi idmandan, ultra səs müayinəsindən və su ilə müalicədən istifadə olunur. Bu məqsədlə əsas avadanlıqlar tam yenilənərək, ABŞ, İlaiya və Çexiya istehsalı olan ən müasir tibbi cihaz və avadanlıqlar alınıb.

Sanatoriyada dincələnlərin, müalicə kursu keçənlərin qidalanması da tam yeni əsaslarla təşkil edilir. Müalicə prinsipləri də nəzərə alınaraq, yeməklərin tərkibi, kalori tutumu balanslaşdırılır, müvafiq energetik normalar tətbiq edilib. Bunu təmin etmək üçün sahə ilə məşğul olan peşəkar qida müəssisələrindən biri ilə müqavilə imzalanıb. Burada İsveç süfrəsinin tətbiqi isə sakinlərə bu mənada seçim imkanının verilməsi deməkdir.

Əmək şəraiti və mədəni xidmətin təşkili nəzərə alınaraq, işçilərin müvafiq, geyim dəsti, avadanlıq və texnika ilə təminatına diqqət ayrılıb.

Ərazidə yeni iri park salınıb, sensorlu fəvvarə qurulub. Parkda uşaqların rahat dincəlməsi məqsədilə qum sahələri, əyləncə qurğuları qoyulub. Böyüklərin rahat daldalanması və istirahəti üçün köşklər, skamyalar, oturacaqlar quraşdırılıb.

Asudə vaxtın səmərəli və maraqlı təşkili məqsədilə yeni süni örtüklü universal (mini-futbol və voleybol), tennis və şahmat meydançaları da inşa olunub.

İstirahət zonasında çayxana, ərzaq mağazası, maşın dayanacağının da fəaliyyət göstərməsi burada dincələnlərə ən yüksək xidmətin təşkilinin daha bir cizgiləridir.

Ərazinin hasarları da baxışdan keçirilərək, təmir-bərpa işləri sayəsində bütün ərazi mühafizə xidməti tərəfindən mühafizə olunur.

Sanatoriyada yeni qazanxanının quraşdırılması mövsüm boyu isti suya olan tələbatı tam ödəyəcəkdir. Yeni elektrik yarımstansiyası isə bu sahədə mümkün problemləri də tam istisna edir. Yeni kanalizasiya xəttinin çəkilməsi və onun mərkəzi kollektora qoşulması ilə sağlamlıq mərkəzinin daha bir problemi də aradan qaldırılıb. Ərazidə yeni yanğından mühafizə hovuzu inşa olunmaqla, bu sistem tam yenilənib. Müvafiq kommunal təsərrüfat təşkilatı ilə müqavilə bağlanaraq, gün ərzində iki dəfə ərazidən məişət tullantılarının daşınması təşkil edilir. Sanitar-epidemioloji mərkəzlə bağlanmış müqaviləyə əsasən, hər 10 gündən bir ərazidə müvafiq dezinfeksiya tədbirləri görüləcək.

Ərazinin internet və Wi-Fi ilə təmin edilməsi, kabel televiziyasının çəkilməsi ilə metropolitençilərin rahatlığının müasir standartlar səviyyəsinə çatdırılmasında əhəmiyyətli rol oynayır.

Ən böyük yeniliklərdən biri artıq «Bilgəh»də dincələn metropolitençilərin özlərinin çiməyrliyinin olmasıdır. Sabunçu rayonu İcra Hakimiyyətindən götürülmüş mövsümlük çimərlikdə artıq çəpərlənmə işi aparılır. Ərazidə müvafiq abadlıq işləri ilə yanaşı, avadanlıq və ləvazimatlarla təchiz olunacaq, modul tipli məişət, soyunub-geyinmə və s. otaqlar quraşdırılacaq. Mühafizə məntəqəsi təşkil olunaraq, metropolitençilərin rahat istirahətinin təşkili də təmin ediləcək. Hər gün səhər 9:00-dan  axşam 20:00-a qədər burada hər saatbaşı avtobus hərəkət edəcək və sağlamlıq mərkəzinin sakinlərini çimərliyə aparıb geri daşıyacaqdır.





Bütün xəbərlər