03 İyun 2015 0:00

«Transport for London»un mütəxəssislərinin Bakı metropoliteni polisi üçün treninqləri təşkil olunub

«Bakı Metropoliteni» QSC-nin dəvəti ilə «Transport for London» mütəxəssisləri polis şöbəsinin əməkdaşları ilə treninqlərə başlayıblar.

İyunun 12-dən 28-nə kimi Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar Bakı metropolitenin də fəaliyyətində bir sıra yeniliklər edilir. Avropa Oyunları ilk dəfə keçirilsə də, olimpiya oyunları təcrübəsi olan şəhərlərin metropolitenlərinin nümunəsi Bakı metropoliteni üçün əhəmiyyətli ola bilər. Çünki Avropa Oyunlarını, miqyasına görə, məhz olimpiya oyunları ilə müqayisə etmək mümkündür. Standartlarına görə, ölkəmizdə keçiriləcək ən böyük idman tədbiri olacaq Avropa Oyunları zamanı metropolitenin təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcəkdir.
Bunu nəzərə alaraq, «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi 2012-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmiş London şəhərinin təcrübəsinə müraciət edib. «Bakı Metropoliteni» QSC-nin dəvəti ilə Böyük Britaniya paytaxtında metropoliten şəbəkəsini də əhatə edən «Transport for London» şirkətinin mütəxəssisləri dünəndən təhlükəsizliyin təminatı ilə bağlı metropoliteninin mühafizəsi üzrə polis şöbəsinin əməkdaşları ilə treninqlərə başlayıblar.
5 gün davam edəcək seminarlarda «Transport for London»un infrastruktur məsələləri və əməliyyat üzrə proqram direktoru Corc Makaynalti (George McInulty) və mütəxəssis Hyu Makkey (Hugh Mackay) London metrosunun təcrübəsi ilə bölüşərək, xüsusi proqram əsasında seminarlar keçir, bu dövrdə işin təşkili və idarə olunması prinsiplərindən söz açır, tövsiyələrini verirlər.
Treninqin ilk təliminin mövzusu polis əməkdaşlarının davranış qaydalarında sosial-psixoloji məsələlərə diqqət edilməsi oldu. Bakıya gələcək turistlərin fərqli ölkəni, fərqli mədəniyyəti, fərqli dünya görüşə malik mühiti təmsil edə biləcəyinin nəzərə alınması və bu zaman davranışın maksimum nəzakət və tövsiyə xarakterli olması vacibdir. Daha bir məsələ polisin iş vaxtı diqqət etməli olduğu məsələlər, onlara kompleks və fərdi yanaşma metodları və konkret məqamları ilə bağlıdır. Stansiyada sərnişinlərin daim hərəkətdə olması, qatara vaxtında minib-düşməsi və s. kimi məsələlər nəzərə alınaraq, mütəxəssislər bəzi təkliflərini, tövsiyyələrini əyani nümunələr əsasında verdilər.
London və Bakı metropolitenləri arasında oxşar və fərqli cəhətlər nəzərə alınaraq, britaniyalı mütəxəssislər diqqətə alınması vacib olan bir sıra məsələlər ətrafında xüsusi dayanaraq, daha geniş və çeşidli metodlarla onların müzakirəsini təşkil edirlər.
Corc Makaynalti London Olimpiya Oyunları zamanı təcrübəsinə əsasən, açılış və bağlanış mərasimləri, eyni zamanda yarışların keçirildiyi arenalar və onlara yaxın metro stansiyalarında iş prinsiplərinin təşkili, bundan başqa həmin arenalarda yarışların başlama və başa çatma saatlarına uyğun olaraq, bəzi məsələlərin polis şöbəsi əməkdaşlarının diqqətinə çatdırdılar.
Ümumiyyətlə, Bakı metropolitenində mühafizə sistemi və təhlükəsizliyin təminatının Avropanın aparıcı dövlətlərinin metroları səviyyəsində və bəzən onlardan da yüksəkdə olduğunu gördükləri üçün məmnun qaldıqlarını ifadə edən Makaynalti, polis əməkdaşlarının hazırlığını və peşəkarlığını da vurğulayaraq, Oyunların ən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini qeyd etdi.
Qeyd edək ki, təlimlər eyni zamanda “Bakı Metropoliteni” QSC-nin digər əməkdaşları üçün də təşkil ediləcəkdir.





Bütün xəbərlər