30 İyul 2020 17:00

Qurban bayramınız mübarək!

Dualarınızın və kəsdiyiniz qurbanların Uca Tanrı dərgahında qəbul olunmasını arzulayırıq

Dünya sivilizasiyasına mənəvi paklıq, gözəl əxlaq, Uca Yaradanın varlığını ərmağan edən  İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb, onun demokratizmi, humanizmi və mütərəqqi mənəvi dəyərləri bütün bəşəriyyət üçün əxlaqın təməl prinsiplərinin əsasını qoyub. 
İslamın bir din kimi təşəkkülünün, insanların  Uca Allaha sədaqətinin ifadəsi olan  Qurban bayramı bütün müsəlman aləmində olduğu kimi, ölkəmizdə də böyük təntənə ilə qeyd edilir. Bu mübarək gündə müsəlmanlar Rəhman Allaha yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevincini yaşayır, Yaradana iman  və sədaqətlərini, onun hökmlərinin icrası üçün hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.
Bu bayram cəmiyyətimizin mənəvi dayaqlarını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.
Dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə hamınızı ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimizi yetiririk.
Bu əziz günlərdə xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı, torpaqlarımızın düşmən tapdağından azad olması naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Uca Yaradanın dərgahında qəbul olunmasını arzulayırıq.Bütün dünyanın mücadilə apardığı COVİD-19 pandemiyası insan sağlamlığı ilə yanaşı, mərhəmət, birlik və bərabərliyin bəşəriyyətin böyük dəyəri olduğunu, Qurban bayramının da tərənnüm etdiyi insani keyfiyyətlərin əhəmiyyətini bir daha hər birimizə xatırlatdı. Bu böyük bəlaya tezliklə qalib gələrək fiziki və mənəvi sağlamlığımızla yanaşı, əbədi insani keyfiyyətləri özündə ehtiva edən bu dəyərlərin də  təntənəsinə inanırıq.
Qoy bu nurlu bayram ölkəmizə firavanlıq, xalqımıza əmin–amanlıq, ailələrimizə xoşbəxtlik,  süfrələrimizə xeyir-bərəkət gətirsin.

Qurban bayramınız mübarək olsun!





Bütün xəbərlər