21 Yanvar 2020 11:18

Vətən şəhidlərlə var olur!

Qanlı Yanvar tarixindən 30 il ötür

“Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.

İlham Əliyev.

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 30 ili tamam olur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri azadlığı, müstəqilliyi uğrunda mücadiləyə qalxan xalqın iradəsini qırmaq, onu susdurmaq üçün Bakıda dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Lakin bu qanlı cinayət insanları azadlıq yolundan döndərə bilmədi, əksinə milli azadlıq hərəkatının alovunu daha da qüvvətləndirdi. Sovet rəhbərliyi tərəfindən həyata keçirilən təcavüzkarlıq aksiyası, məqsədli şəkildə təşkil edilən terror aktı xalqa sarsıdıcı mənəvi-psixoloji zərbə vurmaq məqsədini yerinə yetirə bilmədi.
Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid oldu, 638 nəfər yaralandı və xəsarət aldı, 841nəfər qanunsuz olaraq həbs edildi. Nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozuldu.
Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırdı. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu bəyanatı onun siyasət aləminin dahi şəxsiyyəti və böyük vətənpərvər olduğunu bir daha təsdiq etdi.
Milli azadlıq hərəkatı boğmaq, xalqı susdurmaq məqsədilə mərkəz Dağlıq Qarabağ probleminin ortaya atmışdı. Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılmasına erməni separatçılarının mərkəzi hökumətlə birləşərək irəli sürdüyü bu cəhd ilk dəfə deyildi ki, edilirdi. Zaman-zaman belə cəhdlər olmuş, amma erməni daşnaklarının bu məqsədi reallaşa bilməmişdi. Mixail Qorbaçovun Sov.İKP MK-nın Baş katibi vəzifəsinə gəlməsindən sonra, Heydər Əliyevi hökumətdəki məsul rəhbər vəzifədən uzaqlaşdırmaqla “yenidənqurma” və “aşkarlıq” şüarları ilə ölkəni xaos və anarxiyaya sürükləməsi nəticəsində belə bir imkan yarandı. 30 il əvvəl Bakıda törədilən bu faciə də həmin xaosun, siyasi özbaşınalığın nəticəsi idi və onun ağır yaraları bu gün də xalqımızın qan yaddaşında yaşayır.
Qanlı yanvar hadisələri Ulu öndər Heydər Əliyevin doğma Azərbaycanına olan övladlıq sevgisinin, qəlbən bağlılığının təcəssümünə çevrildi, xalqının taleyinə və başına gətirilən müsibətlərə can yanğılığını göstərdi. Ciddi təqiblərə məruz qaldığı bir vaxtda imperiyanın mərkəzi Moskvada bu haqsızlığa etiraz səsini ucaltdı. Azərbaycana qayıtdıqdan sonra da, xüsusən də Azərbaycan dövlətinə başçılıq etdiyi ilk günlərdən 20 Yanvar hadisələrini reallığa uyğun şəkildə qiymətləndirməklə həyata keçirdiyi tədbirlər onun rəhbərliyi altında atıldı. Heydər Əliyevin təkidilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi . Parlamentin bununla əlaqədar olaraq keçirdiyi xüsusi sessiyasında hadisələrin əsl səbəbləri və günahkarların adları açıqlandı. Bunun nəticəsi olaraq, elə həmin sesiyada Yanvar faciəsinin xalqımızın tarixində böyük siyasi əhəmiyyətinin təsdiqi və Azərbaycanın azadlığı uğrunda həyatını qurban vermiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda xatirə kompleksinin yaradılması qərara alındı. 20 Yanvar şəhidlərinin ailələrinə dövlət qayğısının göstərilməsi, həmçinin həmin hadisələrdə sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı məsələsinin həlli də Heydər Əliyevin faciə qurbanlarının xatirəsinə böyük ehtiram və diqqətinin nəticəsi idi. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar hadisələrində yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olanlara “20 Yanvar şəhidi” fəxri adı verildi.
Ulu öndərin layiqli davamçısı, siyasi və ideya varisi Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə möhkəmləndirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildi. 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarmızın bütövlüyü uğrunda döyüşlərdə həlak olanların əbədi uyuduğu Şəhidlər Xiyabanı dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə tam təmir edilərək yenidən quruldu.
20 Yanvar xalqımızın yaddaşında 30 ildir yaşayan qanla yazılmış tarixdir. Yaxın keçmişimizin unudulmaz, unudulması mümkünsüz olan, mahiyyəti ildən ilə daha aydın dərk edilən acı, həm də şərəf, qürur doğuran reallığıdır. Hər sətri daş-qaya üzərinə həkk olunmuş yaxın tariximizin səhifəsidir. Orada Bakı metropolitençilərinin həmin gecə göstərdikləri fədakarlıq, hünər nümunələrindən bəhs edən qanlı sətirlər də var.
Sovet qoşunlarının şəhərə daxil olduğu vaxt metronun sonuncu qatarı cədvəl üzrə depoya yollanmalı idi. Yeraltı nəqliyyat iş gününü başa vurmuşdu. Şəhərin şimal qapısı sayılan XI Qızıl Ordu meydanında tanklar barrikadaları yarıb, mərkəzə doğru irəliləməyə başladıqda, qatillərin əlindən canını qurtaran insanlar o vaxt həmin meydanın adını daşıyan metro stansiyasına (indiki - “20 Yanvar”) sığınacaq yeri kimi pənah apardılar. Artıq ilk yaralılar da göründü. Platforma üzərində al qan izləri artırdı. Ağrıdan zarıyan, kömək diləyən insanları xəstəxanaya çatdırmaq üçün metro ən rahat vasitə idi. Yuxarıda təcili yardım maşınları belə, atəşə tutulur, yardıma ehtiyacı olanlara yaxınlaşmaq olmurdu. Belə bir vəziyyətdə metropoliten rəhbərliyi qatarların səhərə kimi işləməsi barədə qərar qəbul etdi. Qanlı yanvar gecəsində metropolitençilər həyatlarını təhlükə altına ataraq, sübhədək yaralıları, meyitləri qorxu bilmədən təcili surətdə xəstəxanalara çatdırdılar, ölüm saçan güllələrdən qaçanları qorudular. Bəlkə də metropolitençilər o gecə səhərə qədər iş başında olmasaydılar, hadisələrin tüğyan etdiyi ərazilərdə yerləşən “Koroğlu” (o vaxt – “Əzizbəyov”), “İçərişəhər” (o vaxt - «Bakı Soveti»), xüsusən «20 Yanvar» (o vaxt - «XI Qızıl Ordu meydanı») stansiyaları ətrafında insanların harayına yetməsəydilər, öldürülənlərin sayı dəfələrlə çox olardı.
Sonrakı matəm günlərində təzyiqlərə baxmayaraq, Bakı metropoliteni fəaliyyətini dayandırmadan xalqın yanında oldu. O günlərdə Bakıda əhalinin nəqliyyata olan tələbatını ödəyən əsas vasitə metropoliten idi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığına, müstəqilliyinə yol açdılar...
O günlərin canlı şahidi, neçə-neçə insan həyatının xilaskarı olmuş metropolitençilər bu gün də 20 Yanvar gecəsinin qorxulu xatirələrini qəlbində yaşadır. Yaddaşlardan silinməyəcək bu tarixin hər il xüsusi olaraq qeyd edilməsi Azərbaycanın azadlığının, müstəqilliyinin əbədi olmasının zəruriliyini bir daha hər kəsə aşılayır. Tək metropolitendə deyil, bütün ölkədə qeyd olunan bu tarix əbədi azadlığımızın rəmzidir.
20 Yanvar Ümumxalq Hüzn gününə metropoliten hər il xüsusi ovqatla hazırlaşır. Stansiyalara qərənfillər düzülür, gün ərzində matəm gününün ruhuna uyğun musiqi parçaları səsləndirilir. “20 Yanvar” stansiyasında isə hazırlıq xüsusi tədbirlərlə müşayiət olunur, gül kompozisiyası tərtib edilir. Saat 12:00-da metropoliten stansiyalarında da, ölkə üzrə bütün nəqliyyat vasitələrində olduğu kimi, qatarlardan bir dəqiqəlik fit səsi ucalır. Bunun üçün xətdə olan bütün qatarlar stansiyalara çıxarılır. Metropolitenin rəhbər heyəti, kollektivin nümayəndələri, veteranlar qanlı faciənin qurbanlarının bir dəqiqəlik sükutla yad edirlər.
Metropolitençilərin matəm tədbirləri Şəhidlər xiyabanını ziyarətlə başa çatır. Həmin məzarlıqda "Bakı Metropoliteni" QSC-nin iki əməkdaşı da əbədi uyuyur. 30 il əvvəl Bakıya yeridilən cəza dəstələrinə sinə gərib, "Azadlıq" hayqırtısı ilə yumruğunu düşmənə silkələyən istiqlal mücahidləri arasında metropolitençilər də az deyildi. Onlardan ikisi üçün yanvarın o gecəsi sonuncu oldu. "Nərimanov" elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımovun ailələrində nigaran gözlər yollarda qaldı. Onlar bir gün əvvəl tərk etdikləri evin qapısından bir daha daxil olmadılır.
Ötən illər ərzində metro istismarçıları və inşaatçılar hər iki şəhidi yaddan çıxarmadılar, azadlıq fədailərinin ailələrinə baş çəkdilər. Şəhid ailələrinin hər bir müşkülü qayğı ilə qarşılandı, onlara lazımi kömək göstərildi. İlqar Qarayevin iş yoldaşları, metropoliten həmkarlar ittifaqı komitəsinin üzvləri şəhid anasının sağlığında onunla əlaqəni kəsmədilər. Gözlərinin yaşı qurumayan şəhid anasına əllərindən gələn köməyi göstərdilər.
Əflatun Kazımov “Bakıtuneltikinti”nin 3 saylı Tunel Tikintisi İdarəsində körpülü kran maşinisti idi. “20 Yanvar” günlərinin foto salnaməsində bir şəkil çoxlarının yaddaşına əbədi həkk olub: qərənfil örtüklü tabut qarşısında əlində şəhid atasının şəklini tutmuş 4-5 yaşlı oğlan uşağı ətrafda nələrin baş verdiyini dərk etmək istəyini ifadə edən baxışlarını naməlum bir nöqtəyə zilləyib... O oğlan indi 2 oğul atasıdır, hazırda metropolitençilər cərgəsindədir.
"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi Vətən uğrunda canını fəda edən metropolitençi şəhidlərin xatirəsini daim əziz tutur, onların ailə qayğılarını diqqətdə saxlayır, dəstəyini əsirgəmir. Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə hər il qanlı 20 Yanvar hadisəsinin şəhidlərinin ailə üzvləri, eləcə də o müdhiş gecədə yaralanaraq əlil olmuş metropolitençi Mansur Qocayevə baş çəkirlər.
Əlbəttə, illər ötəcək, nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaq.

 Hidayət Məmmədov
“Bakı Metropoliteni” QSC-nin sədr müavini

"Respublika" qəzeti
  19 yanvar 2020-ci il №11 (6630)





Bütün xəbərlər