13 Noyabr 2019 14:03

Öz peşəsini sevən, öz peşəsi ilə fəxr edən, yorulmadan işləyən adamlar

İşçiyə diqqət diqqət mərkəzindədir

Ulu öndər Heydər Əliyevin təbirincə desək, “Çox vicdanlı, işinə sadiq, öz peşəsini sevən, öz peşəsi ilə fəxr edən, yorulmadan işləyən adamlar” - metropolitençilər bu gün peşə bayramlarını qeyd edirlər.
Əslində bu, təkcə metropolitençilərin deyil, bütövlükdə paytaxt əhalisinin və qonaqlarının bayramıdır. Az adam tapılar ki, hər gün ən azı bir neçə dəfə yeraltı səltənətin xidmətlərindən istifadə etməsin.  Gündə orta hesabla 600 mindən, tədris ilində isə 700-800 mindən artıq sərnişinə xidmət göstərilir. Bu xidmət şərəfli olduğu qədər də məsuliyyətlidir. Bunu sahə işçiləri çox yaxşı dərk edir. Odur ki, həm peşəkarlıq, həm də texniki təchizat baxımından daim təkmilləşməyə böyük diqqət yetirilir.
Təkcə 2019-cu ildə 30 yeni vaqondan ibarət 6 qatar tərkibi alınıb. Beləliklə, yeni tipli vaqonlardan ibarət qatarların sayı 11-ə çatdırıldı. Ötən il Mingəçevirdə istilik elektrik yarımstansiyasında baş verən qəzadan sonra metropolitendə qısa müddətdə dizel-generator stansiyaları quruldu.
“Bakmil”, “Şah İsmayıl Xətai” stansiyaları tamamilə fərqli şəkildə əsaslı təmir olundu, modernləşdirildi.
Uğurlar çoxdur. Bu uğurların qazanılmasında, işçilərin mənəvi, sosial, əmək hüquqlarını qorumaqla, onların sağlamlığının müdafiəsində durmaqla, həmkarlar ittifaqı da iştirak edir. Cəmiyyətin rəhbərliyinin dəstəyi ilə hər il ən qabaqcıl işçiləri qrup şəklində ölkə xaricində istirahətə göndəririk. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, daha sonra Novruz bayramı ərəfəsində işçilərin İstanbul şəhərinə səfərləri ənənəyə çevrilib.
Yay mövsümlərində metropolitençilər təşkilatçılığımızla Lerik, Nabran, Qəbələ, İsmayıllı, Şəki, Qax və s. regionlarda qısa müddətə dincəlirlər.
Hər il sanatoriyalarda 100-120 işçimiz müalicə alır. Bu şəraiti kollektivimiz üçün yaratdığına görə AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevə təşəkkürümüzü bildiririk. QSC-nin Bilgəh qəsəbəsində yerləşən sanatoriya-profilaktoriyada böyük yenidənqurma layihələri gerçəkləşdirilib. Burada dincələnlərin istirahəti və asudə vaxtının təşkili məqsədilə kütləvi-mədəni, sosial aksiyalarımız keçirilir.
Yeri gəlmişkən deyim ki, mərkəzin siması ildən-ilə dəyişdirilir. Yeni kottec tipli müasir binalar tikilib. Binaların mənzillərində hər cür şərait yaradılıb, ərazisində salınan parklarda uşaqlar və böyüklər üçün əyləncə, idman meydançaları düzəldilib, mətbəxi, müalicə avadanlıqları müasirləşdirilib. Xidmət mədəniyyəti yüksəldilib, peşəkar kadrlara üstünlük verilib.
Təbii ki, hər bir metropolitençinin ailəsindəki uğurlar bizim fəxrimizdir. Bu mənada 600 və daha çox balla tələbə adını qazanmış metropolitençi övladlarına böyük qürur və gələcəyə ümid hissi ilə öz mükafatlarımızı təqdim edirik.
Gənc işçilərimizin mənəvi dəyərlərimizə sahib çıxması istiqamətində də az iş görmürük. Muzeylərə, teatrlara, konsertlərə, ədəbi-bədii gecələrə, mədəniyyət ocaqlarına, uşaq-əyləncə mərkəzlərinə kollektiv səfərlərimiz olur.
Davamlı olaraq qaçqın və məcburi köçkünlərlə, əlil və kimsəsiz uşaqlarla bayramlaşırıq. Talassemiyalı uşaqların qayğılarına diqqəti cəlb etmək məqsədilə keçirdiyimiz ənənəvi qanvermə aksiyalarına və başqa aksiyalara çox sayda Hİ üzvü qoşulur.
Metropolitençilər ölkədə həvəskar idmanın fəalları cərgəsindədirlər. “Zenit” İdman Cəmiyyətinin xətti ilə keçirilən Dövlət Müstəqillik Gününə həsr olunmuş spartakiadada son 5 ildə 2 dəfə ümumi komanda hesabında qalib gəlmişik. Hazırda davam edən spartakiada da fəxri yer tutmaq istəyindəyik.
QSC rəhbərliyi ilə sıx əməkdaşlığımız sayəsində idarə aparatında, Bilgəh Sanatoriya-Profilaktoriya Mərkəzində, Depo, “Elmlər Akademiyası”ndakı Tikinti Departamentinin inzibati binasında, Avtonəqliyyat Kolonunda, Dəmir-Beton Konstruksiyaları İstehsalat Sahəsindəki ərazilərdə daimi yeməkxanalar fəaliyyət göstərir.
2015-ci ildən 8 Noyabr - Metropoliten İşçilərinin Peşə Bayramı Günü ərəfəsində “İlin ən yaxşı qatar maşinisti” müəyyən edilərək ona minimum əməkhaqqının 5 misli miqdarında birdəfəlik pul mükafatı ödənilir.
Mən metropolitençilərimizi peşə bayramı münasibətilə tədrik edir, onlara yeni-yeni uğurlar arzulayıram və sözümü ümummilli lider Heydər Əliyevin ibrətamiz sözləri ilə bitirirəm:
“Metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır. Biz bunu qorumalıyıq, saxlamalıyıq, inkişaf etdirməliyik. Bu, bizim hamımızın vəzifəsidir”.

Arif Mərdanov
Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri
"Ülfət” qəzeti
№ 40 (1159) 08 noyabr 2019-cu il





Bütün xəbərlər