14 İyul 2019

Ümummilli liderin iqtisadi inkişaf konsepsiyası və Bakı metropoliteni

Metropoliten digər nəqliyyat növlərindən fərqlənir və ən sevimli nəqliyyat vasitəsidir

Azərbaycana XX əsrin ən inkişaflı tarixini bəxş etmiş ulu öndərin hakimiyyətə gəlişindən 50 il ötür. Bu elə bir tarixdir ki, sadəcə, böyük yüksəliş çiçəklənmə illəri deyil, bu həm də Azərbaycanın saysız-hesabsız dirəniş, özünü təsdiq, düşmən qüvvələrin məkrlərinin qarşısının alınaraq, oyanış və artıq əbədi olacağına heç bir şübhə qalmayan azad, müstəqil bir ölkənin yüksəliş tarixidir. Və bu tarixin memarı Heydər Əliyev şəxsiyyətidir.
O illərin tarixinə qısa nəzər salsaq, İkinci dünya müharibəsinin SSRİ adlı nəhəng bir ölkəyə vurduğu ağır yaraların tədricən sağaldığı, bərpa dövrünün əsas vəzifələri yerinə yetirildiyi ötən əsrin 60-cı illərində bütün müttəfiq respublikalarda iqtisadi inkişafın yeni bir mərhələsi başladı. Ölkənin hər yerində olduğu kimi Azərbaycanda da böyük quruculuq işləri gedirdi. XX əsrin 50-60-cı illərində Azərbaycan sənayesinin inkişafı, sahə və ərazi quruluşunun təkmilləşməsi sahəsində mühüm irəliləyişlər baş vermişdi. Azərbaycan sənayesinin inkişafında mühüm rol oynayan Sumqayıt boruyayma, alüminium və sintez-kauçuk zavodları, Daşkəsən Filiz Saflaşdırma kombinatı, Mingəçevir su-elektrik stansiyası və sairə iri müəssisələr tikilib istifadəyə verilmişdi. Ağır sənayenin, energetika, kimya və neft-kimya, neft emalı, qara və əlvan metallurgiya, cihazqayırma və elektrotexnika kimi sahələrin geniş inkişafının əsası qoyuldu. Bununla belə 1960-cı illərin sonu bir sıra obyektiv və subyektiv səbəblərə görə həm sənayedə, həm də kənd təsərrüfatında inkişafın sürəti orta ittifaq göstəriciləri ilə müqayisədə  geri qalırdı və bu gerilik ildən ilə artırdı. Kənd təsərrüfatı xüsusilə ağır vəziyyətə düşmüşdü. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda, demək olar ki, tətbiq olunmurdu.
Yaranmış bu vəziyyət çox tezliklə respublikada ciddi dəyişikliklərə ehtiyacın olduğundan xəbər verirdi. Nəhayət, belə bir dəyişiklik 1969-cu ilin iyul ayının 14-də baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk illərində sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmağın proqramını müəyyən edib, onun reallaşdırılması üçün  zəruri olan ən vacib məsələlərin həlli barədə Sov. İKP MK səviyyəsində əlverişli qərarların qəbul edilməsinə nail oldu.
Nəticədə, 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Sovet Azərbaycanının sənaye və kənd təsərrüfatının inkişafında yüksək göstəricilər əldə edildi və həmin illər respublikamızın tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Həmin dövrdə yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Sənayenin inkişaf səviyyəsinə görə bütün respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. İstehsal olunan məhsulların keyfiyyəti əvvəlki illərlə müqayisə olunmayacaq dərəcədə yüksəldi.
Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı.
1970-1985-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi.
XX yüzilliyin 70-ci illərində Azərbaycanda  milli azadlıq hərəkatı yeni mərhələyə - yüksəliş mərhələsinə qədəm qoydu.
Beləliklə, Heydər Əliyevin doğma xalqı qarşısında ən böyük xidmətlərindən biri də bu idi ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunarkən Şimali Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi.
Bu gün Avropa ilə Asiya, Rusiya ilə Yaxın və Orta Şərq ölkələri arasında Qızıl körpü rolu oynayan Azərbaycanın azad yaşaması, getdikcə güclənməsi Azərbaycanı dünya miqyasında çox qüdrətli beynəlxalq qüvvələrin mənafelərinin çarpazlaşdığı  areallardan birinə çevirdi. Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan müstəqil Azərbaycana qarşı siyasi, hərbi, iqtisadi, mənəvi təzyiqlər ara vermək bilmir. Son dərəcə məkrli düşmənlərin Azərbaycan xalqına qarşı yüzillərlə sınaqdan çıxarmış olduqları "erməni kartı"ndan heç zaman indiki qədər fəal və geniş miqyasda istifadə olunmayıb.
Bu inkişaf Azərbaycanın  daxili və xarici düşmənlərini çox narahat edirdi. Bu qüvvələr üçün məsələnin daha çox xoşəgəlməyən cəhəti  o idi ki, bunca ağır problemləri olan Azərbaycanın belə yüksək inkişafının başlıca  səbəbi xalqın başında qüdrətli bir siyasətçinin durması idi. Heydər Əliyev düşmənlərin min bir hiyləsindən baş çıxarır, onun siyasi dühası zamanın bütün gərdişlərini qabaqlayır, ən məkrli siyasi oyunların arxasında nələrin baş verdiyini ovcunun içi kimi görürdü.
Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi birinci dövrlə ikinci dövr arasındakı illər, sözün əsl mənasında, tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəri idi. Xüsusilə, Azərbaycanın tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, "olum ya ölüm" dövrü kimi qaldı. 1990-cı il 20 Yanvar qırğınının ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi.
1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı - dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Prezident Heydər Əliyevin qədirbilən xalqımız, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Qurtuluş deməkdir!
Onun 50 ildən artıqdır ki, şəhər ictimai sərnişindaşıma sektorunda nümünəvi xidmət göstərən Bakı metropoliteni  tarixində də özünəməxsus  izi və yeri var. Elə bu səbəbdəndir ki, yarıməsrlik tarixi formalaşmış metropolitençi ordusu məhz bu dahi şəxsiyyəti xüsusi hörmət və ehtiramla anır. "Metropoliten" deyərkən, onun şəhərimizin əsas nəqliyyat arteriyasına çevrilməsində məhz Heydər Əliyev şəxsiyyətinin danılmaz xidmətləri, səyi, zəhməti, əziyyəti düşünülür.
Metropoliten öz quruluşuna görə, xidmət imkanlarına görə - hər şeyə görə digər nəqliyyat növlərindən fərqlənir və ən sevimli nəqliyyat vasitəsidir” deyən bu görkəmli şəxsiyyətin ölkəyə rəhbərliyi dövründəki fəaliyyətində  Bakı metropoliteni xüsusi bir mövzudur. Bakıda metronun tikintisi ilk dövrlərdən başlayaraq ulu öndərin nəzarəti altında olub. O, hələ Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə Bakı metrosunun tikintisi onun nəzarətində idi. O, sonrakı onillikləri əyani görür və Bakıda metro tikintisinin əhəmiyyətinə xüsusi önəm verir və diqqətlə yanaşırdı. Mərkəzi Komitənin Birinci katibi kimi işə başladıqdan sonra isə metro tikintisi qarşısındakı öhdəlikləri  qəti surətdə müəyyən edildi.
O dövrdə onun Azərbaycan rəhbəri kimi böyük fədakarlığı, SSRİ rəhbərliyinə daim sinə gərən qətiyyəti olmasaydı, Bakı metrosu kişik, ekzotik nəqliyyat olaraq qalacaqdı: bax, beləcə, onun Azərbaycana ilk rəhbərliyi dövründə əsas yaşayış rayonlarına çevrilən ərazilərdə metronun əhəmiyyətli bir hissəsi inşa olundu.Həmin vaxt metronun birinci növbəsinin ikinci buraxılış sahəsində – “28 May”dan “Nizami” stansiyası istiqamətində işlər başlamışdı. Lakin bu sahədə qarşıya çıxan çətinliklər, inşaatçıların planında dəyişikliklərə səbəb oldu. Heydər Əliyev müdrik rəhbər kimi perspektivi, şəhərin inkişaf istiqamətlərini dəqiq bildiyindən əsas qüvvələri “Nərimanov” stansiyasından sonra başlayan üçüncü buraxılış sahəsində cəmləşdirdi. Cəmi iki ilə yaxın bir müddətdə “Ulduz” stansiyası istifadəyə verildi. Bu, Heydər Əliyevin respublika rəhbəri kimi açılışında iştirak etdiyi ilk stansiya idi. 1970-ci il aprelin 17-də keçirilən mitinqə toplaşan Bakı sakinlərini salamlayan Heydər Əliyev inşaatçıların işinə böyük qiymət verdi, onlara minnətdarlığını bildirdi.
Tikinti sahəsində işlər gündən-günə sürətini artırırdı. Metro xətti böyük sənaye rayonunun altında yerləşən “Ulduz” stansiyasından 8-ci kilometr yaşayış sahəsinə doğru irəliləyirdi. 1972-ci ilin noyabrın 6-da 3 stansiya – “Məşədi Əzizbəyov” (“Koroğlu”), “Avrora” (“Qara Qarayev”), “Neftçilər”, 1976-cı ildə “Nizami”, 1979-cu ildə “Bakmil” stansiyaları ilk sərnişinlərini qəbul etdi.
1982-ci ildə Azərbaycan üçün tarixi əhəmiyyətli bir hadisə də baş verdi. Heydər Əliyev Moskvada yüksək dövlət vəzifəsinə – SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin olundu. Onun Azərbaycana diqqət və qayğısının bariz nümunəsi elə Bakı metropoliteni idi. Bu barədə Heydər Əliyevin öz xatirələrini yada salmaq yerinə düşər: “Azərbaycana 14 il rəhbərlik etdiyim zaman, sonra 5 il Moskvada Sovetlər İttifaqının rəhbərliyində olduğum zaman mən Bakıda metro tikintisi ilə daim məşğul olmuşam və bu işə nail olmuşam. Buna görə də özümü xoşbəxt hiss edirəm”.
SSRİ kimi nəhəng bir ölkənin ali rəhbərləri sırasında  yer aldığı illərdə onun liderlik xarakteri və Bakı metrosuna xüsusi sevgisi olmasaydı, böyüyən bir nəqliyyatdan söz açmaq olmazdı. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi, dünyanın altıda bir hissəsində 19 müxtəlif sahəsinin məsuliyyət yükünü çiyinlərində daşıdığı bir vaxtda o, Bakı metropoliteninin inkişafı üçün bədxahlarından çəkinmədən nüfuzunu, gücünü buna sərf etdi: tikinti materiallarının qıtlığı yaşanan o illərdə, əzab-əziyyətli inşaat sahəsinə çevrilən "Nizami" stansiyasından "Memar Əcəmi"yə qədər olan mənzillərin tunelləri və 4 stansiyası belə ərsəyə gəldi. Yasamalın, mikrorayonların yolunu asanlaşdırdı, “Xalqlar dostluğu” və “Əhmədli” stansiyaları isə şəhərin metro coğrafiyasını genişləndirdi. Bir sözlə, Heydər Əliyev Moskvada işlədiyi illərdə metronun “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi” (1985), “Xalqlar dostluğu” və “Əhmədli” (1989) stansiyaları, “28 May-Cəfər Cabbarlı” keçid qovşağı (1993) istifadəyə verildi.
Ümumən, Ulu öndərin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə metronun cəmi 6 stansiyası və 8,8 kilometr xətti var idisə, sonrakı dövrdə yeraltı saraylar şəhərimiz iki dəfədən də artıq böyüdü: 21,1 kilometr xətt və 14 yeni stansiya inşa edildi.
Müstəqilliyimizin ilk dövründəki bütün ölkəni bürüyən böhrandan metronun kiçik itkilərlə çıxmasında da Heydər Əliyevin danılmaz rolu olub. Sovet məkanı dağılandan sonra bu nəqliyyatın şəhərimiz üçün əhəmiyyətini dərk etməyənlər ona ögey münasibət bəslədiyi bir dövrdə yenidən müstəqil Azərbaycanın onurğa sütununu yaşadan bir rəhbər kimi o, yenidən əlini metroya uzatdı. Müstəqilliyin əzablı ilk illərində - pərən-pərən salınmaqda olan bir ölkədə ən ağır zərbələrdən birini metropoliten də alırdı. Bu gün isə böyük minnətdarlıq və təşəkkür hissi ilə ulu öndərin fədakarlığından, metronun vaqon parkının gücləndirilməsinə, maddi-texniki bazasının qorunub saxlanılmasına çəkdiyi zəhmətdən söhbət açırıq. Bu, elə də unudulması mümkün olan uzaq keçmiş deyil və yaxın illərimizin tarixi kimi bir çoxumuzun gözləri önündə baş verən hadisələrdir. Elə bu zalda o illəri çox yaxşı xatırlayan fədakar metropolitençilər də az deyil.
Xüsusən metronun maddi-texniki bazasının möhkəmləndirilməsi, vaqon parkının yeniləşməsi Onun Moskvada yüksək vəzifədə işlədiyi illərdə qazandığı nüfuz və hörmətin nəticəsi idi.  Moskvanın Mıtişşi “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin rəhbərliyi Bakı metropoliteni üçün o vaxt qüvvədə olan qiymətlərdən aşağı qiymətə vaqon satmağa razı olmuşdu. Bundan əlavə Moskva metropolitençiləri metromuzu çətin vəziyyətdən çıxarmaq üçün bakılı həmkarlarını mütəmadi olaraq saysız-hesabsız ehtiyat hissələrilə təmin edirdi.
Onun nüfuzu tək bu nümunə ilə kifayətlənmir. Məhz Heydər Əliyevin nüfuzu sayəsində "Həzi Aslanov" stansiyasının inşasına Avropa İttifaqı maliyyə yardımı göstərdi. Beləcə, metro yeni inkişafın təməl mərhələsinə gəlib çatdı.
Bu gün fəxrlə şəhərimizin simasını müəyyən edən rəmzlərdən biri kimi metropolitenin memarlıq üslubundan bəhs edirik. "Nizami" kimi əsrarəngiz sənət incisi ilə yanaşı, Sovet dövrünə xas eynitipli stansiyalarda belə milli memarlıq üslubu elementlərinə məhz onun böyük təşviqi yol açmışdı.
2002-ci ildə Bakı metropoliteninin 35 illik yubileyində çıxış edərkən Ulu öndərin metronun inkişafı, gələcəyi ilə bağlı “Məndə hələ o illərdən metronun tikintisinin birinci, ikinci, üçüncü növbələrinin cədvəli var. Onu o vaxtdan saxlamışam. İndi onları təzələyəcəyik. Bakı metrosunun inşasının davam etdirilməsi üçün mütləq istifadə etmək lazımdır. Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər” deyən Ulu öndərin müəyyən etdiyi iqtisadi-siyasi konsepsiya sayəsində 2000-ci illər Bakı metropoliteninin yeni inkişaf mərhələsini müəyyən edib.
Bu gün ümummilli liderin kurusunu layiqincə davam etdirərək onu yeni mərhələyə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev metronun gələcək konsepsiyasını dünyanın ən yüksək tələbləri səviyyəsində müəyyən edib və bu gün Bakı metropoliteni həmin istiqamətə doğru addımlayır. “Metroda görüləcək işlər çox olacaqdır. Bu, Bakıda yaxın illərdə həyata keçiriləcək ən əsas infrastruktur layihələrindən biri olacaqdır" deyən Prezident İlham Əliyevin təsdiq etdiyi konseptual inkişaf sxeminə uyğun olaraq gələcəkdə Bakı metropoliteni 119.1 km xətləri və 76 stansiyanı əhatə edəcək və şəhərimizin aparıcı nəqliyyat vasitəsi kimi mövqeyini qoruyacaq. Ötən illərdə "Nəsimi" (2008), "Azadlıq prospekti" (2009), "Dərnəgül" (2011) stansiyaları istismara verilib, "28 May", "Elmlər Akademiyası" kimi dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışları açılıb və bu da həmin stansiyalardan istifadə edən on minlərlə sərnişinin rahatlığı və təhlükəsizliyinin ən yüksək səviyyəyə çatdırılmasında əhəmiyyətli rol oynayıb.
Bu illərdə yeni inkişaf tarixinin ən əhəmiyyətli hadisəsi baş verib. Ən müasir dünya standartlarının tətbiq edildiyi və müstəqillik tarixinin ilk xətti olan Bənövşəyi xəttin iki stansiyası ("Avtovağzal" və "Memar Əcəmi") 2016-cı ildə istismara verilib. 2014-cü il metropolitenin inkişafında xüsusi yer tutur. Dövlət başçısının Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyəti yaradılıb. Səhmdar cəmiyyətin yaranmasından ötən 5 il ərzində paytaxtın yeraltı sərnişin konveyeri böyük yeniliklər, texnologiyalar, quruculuq meydanına çevrilib. Bu isə sərnişin təhlükəsizliyi və rahatlığını daha da gücləndirməklə, metropolitenin inkişafına yeni nəfəs gətirib və ən əsası, ən müasir texnologiyaların tətbiqi istiqamətində mühüm yeniliklər edilib. Gələcəkdə də qorunacaq bu tendensiya Bakı metrosunu həm də yeniləşmiş siması və texniki imkanları ilə şəhərin əsas nəqliyyat arteriyası statusunu möhkəmlədəcək və Heydər Əliyevin metropolitenə verdiyi dəyər daim qüvvəsində qalacaq: "Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişimizdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir".

"Respublika” qəzeti
№ 151 (6478) 14 iyul 2019-cu il





Bütün xəbərlər