28 Dekabr 2018 0:00

METROPOLİTENDƏ TƏCRÜBƏ KEÇƏN TƏLƏBƏLƏRƏ SERTİFİKATLAR VERİLİB

Nəzəri bilikləri möhkəmləndirmək üçün metropolitenin dəstəyi

"Bakı Metropoliteni" QSC ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında kadr hazırlığı üzrə qarşılıqlı anlaşmaya əsasən 2016-cı ildən bu ali təhsil ocağının tələbələri metropolitendə istehsalat təcrübəsi kursunda praktiki bilik və bacarıqlarını artırırlar. Bu günlərdə ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakultəsinin metrologiya standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbələrindən ibarət 2 qrup praktiki kursu başa vurub.
"Bakı Metropoliteni" QSC-nin "Nərimanov" elektrik deposunda keçirilən və iki ay davam edən məşğələlərdə tələbələrə müasir və dünya standartlarına cavab verən texnologiyalarla tanış olmaq və onlarla işləmək təcrübəsinə yiyələnmək imkanı yaradılıb. Bu müddət ərzində tələbələr müasir diaqnostika kompleksinin, birləşmiş emalatxanaların, vaqonların əsaslı təmir, elektromexanika, metrologiya laboratoriyasının , təkər cütləri sahəsinin, SAT-ALİ sahəsinin, qaynaq sexinin, sürtgü yağlarının fiziki və kimyəvi emalı laboratoriyasının, yol təsərrüfatının, dispetçer mərkəzinin, video müşahidə mərkəzinin işi ilə tanış olublar.
Dekabr ayının 27-də idarə aparatının müşavirə otağında iki aylıq təcrübəni uğurla  bitirən 22 tələbəyə sertifikatlar təqdim edilib. Tədbirdə "Bakı Metropoliteni" QSC-nin insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, təlim-tədris mərkəzinin rəisi Fuad Tağızadə və Dövlət Neft və Sənaye Universitetinin dosenti Rafiq Hacıyev iştirak ediblər. Tərlan Dadaşov çıxışında “Bakı Metropoliteni” QSC-nin nəzdində yaradılmış təlim-tədris mərkəzinin yenidən təmir olunduğunu, gələcəkdə peşakar müəllimlərlə əməkdaşlığın davam  ediləcəyini və tələbələrin bu tədris mərkəzinin imkanlarından yararlanacağını qeyd etdi. Təlim-tədris mərkəzinin rəisi Fuad Tağızadə sertifikat almış tələbələrə uğurlar arzulayaraq, onların qarşıdan gələn bayramlarını təbrik etdi.





Bütün xəbərlər