12 Dekabr 2018 0:00

Bu gün Heydər Əliyevin anım günüdür

Bakı metrosunun inkişafı onun adı ilə bağlıdır

Bu gün, dekabrın 12-si xalqımız Ümummilli lider, müasir Azərbaycanımızın qurucusu Ulu öndər Heydər Əliyevin anım gününü qeyd edir. Artıq 15 ildir əbədiyyətə qovuşmuş bu dahi insanın adı Bakı metropoliteninin inkişaf tarixi ilə sıx bağlıdır.
Bakıda metro tikintisinin sürətlə inkişaf etdiyi ilk dövrlərdən başlayaraq bu sahə Heydər Əliyevin nəzarəti altında olub. Ümummilli lider hələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə metro tikintisində baş verən bütün prosesləri dərindən izləyir, Bakıda metro tikintisinin əhəmiyyətini yaxşı başa düşür və buna xüsusi diqqətlə yanaşırdı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi kimi işə başladığı ilk günlərdə, sonradan Moskvada SSRİ-nin yüksək dövlət vəzifəsində olduğu dövrlərdə Bakı metrosunun tikintisinə və inkişafına əlindən gələn köməyi edirdi. Ulu Öndərin qayğı və diqqəti sayəsində Bakıda metro stansiyalarının sayı artmaqda davam edirdi.
Yeni əsrin ilk onilliyinin ortalarında Bakıda metro tikintisi özünün yeni bir mərhələsinə qədəm qoyub. Azərbaycanın iqtisadi-siyasi, mədəni inkişafının əsas istiqamətlərini müəyyənləşdirən Heydər Əliyevin ölkəmizin, Bakımızın çiçəklənməsi barədə ideyalarını böyük uğurlarla həyata keçirən Prezident İlham Əliyev metronun uzunmüddətli perspektiv inkişaf planının hazırlanmasına və bu planın reallaşmasına nail olub. Həmin işlər bu gün də davam edir, Ulu öndərin Bakı metrosu barədə arzulaları reallaşır.
Bu gün "Bakı Metropoliteni" QSC kollektivinin nümayəndələri Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib, abidəsi önünə gül-çiçək dəstələri düzərək, Ümummilli liderin xatirəsinə dərin ehtiramını ifadə ediblər.





Bütün xəbərlər