15 Oktyabr 2018

MDB metropolitenlərinin Bakı müşavirəsi

Bakı metropolitenində yeni texnologiyaların tətbiqinin təcrübəsi öyrənilir

Bakıda "Bakı Metropoliteni" QSC-nin üzvü olduğu “Metro” Beynəlxalq Assosiasiyasının MDB məkanı ölkələri metropolitenlərində və dəmir yollarında tətbiq edilən yeni texnika və qabaqcıl texnologiyalara və sistemlərə həsr olunmuş növbəti müşavirəsi keçirilib. Tədbirdə assosiasiya üzvləri olan metropolitenlərin işarəvermə və rabitə xidmətlərinin rəhbərləri, həmçinin dünyanın aparıcı şirkət, təşkilat və müəssisələrinin, tanınmış elmi-tədqiqat institutları və mərkəzlərinin rəhbər-mütəxəssis heyəti iştirak ediblər.
Müşavirənin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 mart 2011-ci il tarixli "Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına, eləcə də dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, Bakı metropolitenində tətbiq edilmiş ən müasir və yüksək dünya standartlarınn tələblərinə cavab verən yeni texnika və qabaqcıl texnologiyaların təqdimatı, son illərdə həyata keçirilən yeni layihələrlə bağlı geniş təcrübə və fikir mübadiləsi aparmaq olub.
Tədbir çərçivəsində, oktyabr ayının 4-də müşavirə iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb. Sonra 20 Yanvar tarixinin günahsız qurbanlarının və Vətən uğrunda canını fəda etmiş qəhrəmanların uyudugu Şəhidlər xiyabanı ziyarət edilib. Şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, əbədi məşəl önünə əklil qoyulub.
"Park İnn" otelinin konfrans zalında keçirilən tədbir iştirakçılarını “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov salamlayıb və müşavirədə müzakirə olunacaq məsələlərin həllində onlara uğurlar arzulayıb.
”Metro” Beynəlxalq Assosiasiyasının baş texnoloqu Vyaçeslav Kurışev cıxışında müşavirənin məqsəd və vəzifələri barədə məlumat verərək bildirib ki, bu toplantının iştirakçılarını Bakıya gətirən başlıca səbəb Bakı metropolitenində son illər, xüsusən də işarəvermə və rabitə sahəsində tətbiq edilən yeni texnologiyalarla tanışlıq, onların verdiyi texniki, iqtisadi səmərə və bunun nəticələrinin şahidi olmaqdır.
Bu barədə geniş məlumatla tədbir iştirakçıları qarşısında “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov çıxış edib. Onun “Bakı metropoliteninin inkişafında yeni texnologiyaların tətbiqi” mövzusunda çıxışı müşavirə iştirakçılarının böyük marağına səbəb olub. Metronun işarəvermə və rabitə xidmətinin son illərdəki fəaliyyəti ilə qonaqları xidmətin rəisi Elçin Məmmədov tanış edib. ”Nəriman Nərimanov” elektrik deposunun rekonstruksiyası, Bənövşəyi xəttin avtomatika, “Tetra”, multiservis rabitə şəbəkələri, SCADA idarəetmə sistemləri barədə məruzələrlə işarəvermə və rabitə xidmətinin baş mühəndisi Fəxrəddin Əmirov, xidmətin mütəxəssisləri Rüfət Səmədov, Şahin Vəliyev, Nadir Osmanov, Taleh Məmmədov çıxış ediblər.
İki gün davam edən müşavirədə “Metro” Assosiasiyasına daxil olan metropolitenlərdə hərəkət təhlükəsizliyinin möhkəmləndirilməsi, hərəkətin təşkili və idarə olunması sahəsində tətbiq edilən ən son yeniliklər barədə çıxışlar edilib, problemli məsələlər üzrə fikir mübadiləsi aparılıb. Müşavirə iştirakçıları Bakı metrosunun “Avtovağzal”, “Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyalarına baxıblar, əmək şəraiti, əməyin elmi təşkili, müasir texnologiyalardan faydalanmaq imkanları ilə tanış olublar.
Müşavirənin gedişində "Metro" Beynəlxalq Assosasiyasının baş texnoloqu Vyaçeslav Kurışev "metro.gov.az"a verdiyi müsahibədə Bakı müşavirəsinin yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Müşavirə iştirakçıları Bakı metropolitenində işarəvermə və rabitə sahəsində əldə olunan nailiyyətlərlə tanış olublar və burada maraqlı yeniliklərin olduğunu qeyd ediblər. Elə bu müşavirə üçün Bakının seçilməsi təsadüfi deyildi. Biz Assosiasiyada bu uğurlarınızı çoxdan izləyirik. Hazırkı müşavirənin Bakıda keçirilməsi ideyası hələ 3 əvvəl yaranmışdı. Bakı metrosunda SCADA sisteminin və "Tetra" şəbəkəsinin tətbiqi uğurla davam etdirilir ki, bu da digər metropolitenlər üçün yaxşı nümunədir və onu öyrənməyə dəyər. Bakı metropolitenində CBTC sistemləri ilə bağlı maraqlı layihələr üzərində iş aparılır. Ümid edirəm ki, bu yeniliklər tez bir zamanda həyata vəsiqə alacaq və biz də sizin təcrübənizi öyrənmək üçün bir daha gözəl şəhərinizdə toplaşacağıq".





Bütün xəbərlər