15 Dekabr 2017 0:00

Əvvəlki kimi səmimi Səfər Qurbanov

Gənclərə hər yerdə örnək

Bakı kəndlərini şəhərlə ən rahat şəkildə birləşdirən elektrik qatarları evlərinin lap yaxınlığından keçirdi. Belə ki, ötüb keçən qatarları həyətlərindən görmək olurdu. Ötən əsrin 50-60-cı illərində, ümumişlək adı ilə desək, "elektriçka" indiki metro qatarlarının hərəkət intervalından bir qədər artıq olan zaman fasiləsi, amma elə metro dəqiqliyi ilə işləyirdi. Buna görə də Bakı "elektriçka"sının xalq arasında nüfuzu çox böyük idi. Ətraf qəsəbələrdəki yeniyetmələrin çoxunun qəlbindəki gənclik arzularında bu mavi qatarlara da yer ayrılırdı. Belələri özünü o qatarların maşinisti kimi görmək istəyirdi. Dəmiryolu məktəbinə bu niyyətlə gələnlərin hamısına maşinist olmaq nəsib olmasa da, bu yoldan dönməyib, talelərini polad magistrallara bağlamaq qisməti ilə barışırdılar, həm də çox vaxt Səfər Qurbanov kimi birdəfəlik.

Safar_Qurban_ Səfər gözünü açandan bəlkə də eşitdiyi qatarların fiti, polad relslərlə vaqon təkərlərinin duetindən yaranan və elə indi də arabir qulaqlarında cingildəyən səslər olub. Orta məktəbdə oxuduğu illərdə texnika ilə maraqlanırdı. Neftçi dayısının neft-qazma əməliyyatları barədə söhbətlərini maraqla dinləyir, onu arası kəsilməyən suallarla yorurdu. 12 yaşında elektrik açarını dövrəyə qoşmağı dayısından öyrənmişdi.
1964-cü ildə 8-ci sinifi bitirdikdən sonra, qatar maşinisti olması üçün 2 saylı dəmir yolu məktəbinə yollanır. Amma bir qədər yubanmışdı, maşinist qruplarında artıq yer yox idi.

Teplovoz təmirçisi olmaq təklifi isə onu böyük tərəddüd qarşısında qoydu. Evə dönüb, valideynləri ilə məsləhətləşdikdən sonra, qərar belə oldu ki, təkliflə razılaşsın, qismət belə imiş, sonrasına baxarıq...
Təhsilə həvəslə başladı, bir o qədər çəkmədi ki, əlaçı təqaüdünə layiq görüldü. Burada texnikaya olan həvəsin də rolu böyük idi. Lokomotiv təsərrüfatını dərindən öyrənməyə çalışır, verilən tapşırıqların öhdəsindən yetərincə gəlirdi. Beləcə, birinci kursu başa vurdu.
İkinci kursun ilk dərs günü məlum oldu ki, Səfərgilin qrupunun təyinatı dəyişilib. İndi qrup metro vaqonlarının təmiri üzrə ixtisaslaşacaq. Bu xəbəri hamı razılıqla, hətta sevinclə qarşıladı. Metro haqqında təsəvvürü, demək olar ki, yox dərəcəsində olan tələbələrin bu sevincinə səbəb indiyə kimi görmədikləri bu nəqliyyat növünün onlara qapalı olan sirrində, müəmmalarında idi.

1966-cı ilin noyabrında qrup Moskva metropoliteninə təcrübə məşğələlərinə göndərildi. Səfər qatarların pnevmatika sahəsinə təhkim olundu. Sonra eskalator maşinistinin köməkçisi kurslarında 3 ay sehirli pillələrin dilini öyrəndi. Uzun illər "Xətai" maşın zalında böyük usta vəzifəsində çalışmış Əbülfəz Mehdiyevlə birlikdə Moskva metrosunun "Taqansk" stansiyasında istehsalat təcrübəsi keçdilər. Maşın zalının ustası Yuri Şmelyovun onlara göstərdiyi qayğı və diqqəti sonralar hər ikisi böyük ehtiramla xatırlayırdılar. Səfər Qurbanovun əmək salnaməsi 1967-ci ilin aprelindən "Bakı Soveti" stansiyasından başladı. Safar_Qurban_2

Stansiyaya onunla birlikdə Yaqub Ağayev və Mirzəağa Sadıqov da təyin olunmuşdular. Onları maşın zalında böyük elektrik mexaniki Yuri Moryakov qarşıladı. Sonralar bütün eskalator təsərrüfatının normal fəaliyyətində, eskalatorların əsaslı təmiri işinin təməlinin qoyulmasında, indiki birləşmiş emalatxanaların yaradılmasında Y.Moryakovun xidmətləri danılmazdır. O, emalatxanaların tikintisinə rəhbərlik etmiş, sonradan uzun müddət, ağır xəstəlik nəticəsində yatağa məhkum olunaraq ömrünü başa vurana kimi, bu sahənin rəisi vəzifəsində çalışmışdı.
Səfərgil "Bakı Soveti"nə gələndə orada eskalatorların quraşdırılması hələ başa çatmamışdı. Quraşdırma prosesində bilavasitə iştirak etmək, bu işin icraçısı "Bakımetrotikinti"nin 771 saylı təmir-quraşdırma idarəsinin işçiləri ilə birlikdə çalışmaq, gənc mütəxəssislərə eskalatoru praktik şəkildə öyrənmək üçün çox əlverişli bir imkan yaratdı. Eskalatorlar barədə nəzəri biliklərini quraşdırma zamanı daha da təkmilləşdirdilər. Həm də öz əlləri ilə qurduqlarına sonradan xidmət göstərmək də çətin olmayacaqdı.
Distansiya rəisi Krasnobayevi metroya Lütfəli Nuriyev Azərbaycan Dəmir Yolunun parovoz deposundan dəvət etmişdi. Hərtərəfli hazırlığı olan insan idi. Təsərrüfatı tez bir zamanda mənimsəmişdi. Eləcə də Nazim Hacıyev, Nazim Məmmədov, distansiya rəisinin müavini Kamil Hüseynov – uzun müddət metropolitenin komsomol komitəsinin katibi, sonradan distansiyada onu əvəz edən Kamil İsmayılov metropolitenin ilk eskalatorçular nəslinin aparıcı qüvvələrindən idilər.

Safar_Qurban_3 Hərəkətin təhlükəsizliyi baxımından eskalatorlar olduqca məsuliyyətli sahədir. Bunu dünya təcrübəsindən də görmək olur. Təcrübə göstərir ki, burada ən kiçik, ilk baxışda əhəmiyyətsiz görünən adi səhlənkarlığın çox acınacaqlı nəticəsi ola bilər. Bakı metropolitenində ilk belə hadisə 1968-ci ilin yanvar ayının 4-də elə Səfər Qurbanovun işlədiyi "Bakı Soveti" stansiyasında baş verdi.Təmir qrupunun briqadiri Zuyev stansiyanın ikinci eskalatorunda təmir işləri ilə məşğul olarkən, hərəkətdə olan birinci eskalatorda kənar səs eşitdi. 

Gecə yarıdan keçmiş təmir qrupu işi başa vurub, maşın zalına qayıtmalı idi. Hərəkət vaxtı olmadığından eskalatorların üçü də dayandırılmışdı. Zuyev günorta birinci eskalatordakı eşitdiyi səsin səbəbini araşdırmaq üçün heç kimi xəbərdar etmədən pilləkən zolağının aşağı hissəsinə enir. Bu vaxt vestibül qapılarını bağlayıb, aşağı enən stansiya növbətçisi üçün eskalator işə salınır. Stansiyanı bürüyən dəhşətli çığırtıdan sonra maşın dərhal dayandırılır...

Eskalatorçular təcili surətdə maşın zalının aşağı hissəsinə endilər. Dönmə divarının tiri ilə pillələr arasında qalmış Zuyev tanınmaz hala düşsə də, hələ sağ idi. Təcili olaraq xəstəxanaya çatdırıldı. Səhər metro hələ işə düşməmişdi, Kamil Hüseynov xəstəxanadan ağır xəbərlə qayıtdı: Zuyev artıq yox idi.
Bu stansiyada başqa bir hadisə isə 2005-ci ildə baş verib.O vaxt birinci eskalatorların valında nasazlıq olduğu üçün val çıxarılıb, depoya aparılmışdı. Hərəkətdə olan eskalatorlardan biri dayandığı zaman maşın zalının ustası sərnişinləri birinci hərəkətsiz eskalatorla aşağı düşməyə yönləndirir. 
Safar_Qurban_4

Ehtiyat əyləci qoşulmayan lent zolağı hərəkətə başlayır və getdikcə sürətini artırır və pillələr üzərində dayanan sərnişinlər müvaziməti saxlaya bilməyərək, yıxılırlar. Bu vəziyyət bir nəfərə ölümcül xəsarət toxunduraraq, həyatına son qoyur. Belə oxşar hadisələr başqa metropolitenlərdə də baş verib. Məsələn, Səfər Qurbanov xatırlayır ki, Kiyev metrosunda təmir qrupu eskalatorda işləyərkən maşını işə salıblar, hadisə insan ölümünə səbəb olub. Moskva metrosunda zəncir oxunun metal konstruksiyaya toxunmasına görə bloklama işə düşsə də, maşinist vəziyyəti öyrənmədən eskalatoru təkrar işə qoşub, metal konstruksiyanın böyük bir hissəsi dağılıb. Bu hadisələr eskalatorçular üçün həmişə örnək, ciddi nəticələr çıxarmaq üçün ibrət dərsi olub. Səfər Qurbanov bu sahədə işlədiyi 47 il ərzində, istər adi maşinist, istər maşın zalının ustası, istərsə də distansiya rəisinin müavini və ya qazanxana nəzarəti üzrə müfəttiş işlədiyi illərdə bu sənətə gələn gənclərdə ilk növbədə intizamın, məsuliyyət hissinin möhkəmləndirilməsinə daha böyük diqqətlə yanaşırdı. Deyirdi ki, bizim iş səhlənkarlığı sevmir. Bu sahəyə gələn gənclərə də ilk tövsiyəsi bu idi. Gənclər də daha çox onu özlərinə yaxın, simsar bilir, hər bir çətin məsələdə onunla məsləhətləşməkdən çəkinmirdilər.

Safar_Qurban_5 Əmək bioqrafiyasını başa vurub, hazırda təqaüddə olan Səfər ümumiyyətlə, təbiətən çox sakit, təmkinli insandır. İşlədiyi illərdə də həmkarları onu beləcə görüblər. İşini, sənətini ürəkdən sevib, amma heç vaxt üzdə-gözdə olmağı xoşlamayıb, tərifi, öyünməyi sevməyib. Elə xarakterindəki bu cizgiləri ilə kollektivdə böyük nüfuz sahibi olub.30 il metroda hərəkətin təhlükəsizliyi üzrə baş müfəttiş işləmiş Fuad Ələkbərov kimi, dilindən nadir hallarda tərif eşidilən, son dərəcə tələbkar insan Səfərdən həmişə razı idi. 

Onu həm mütəxəssis, həm də insan kimi, çox yüksək dəyərləndirirdi. Metropoliten rəhbərliyi də Səfərin bu keyfiyyətlərini qiymətsiz qoymayıb. Onun yarım əsrə yaxın əmək fəaliyyəti "Fəxri dəmiryolçu" nişanı, "Tərəqqi" medalı ilə qiymətləndirilib. Noyabrın 8-də Bakı metrosunun 50 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda Səfər Qurbanov da iştirak edirdi. "Belə bir gündə unudulmadığım, göstərilən bu sayqı üçün metropolitenimizin rəhbərliyinə minnətdaram", - tədbirdən sonra veteranın böyük təşəkkür ifadə edən bu sözlərindəki səmimiyyətə onu yaxından tanıyanlar tam əminliklə zəmanət verə bilərlər.





Bütün xəbərlər