18 Dekabr 2017 0:00

“Azərbaycansız özümü heç təsəvvür edə bilmirəm”

Platformadan dispeçter məntəqəsinə qədər

Yeraltı yollarda hərəkəti təşkil edən, onu nizamlayan, stansiyalarda sərnişinləri qəbul edib yola salan, onlarla birbaşa ünsiyyətdə olan, hərəkət qrafikini və cədvəlini tərtib edib onun yerinə yetirilməsini təmin edən kollektivin – hərəkət xidmətinin daha bir veteranı Olqa Mıslitskaya ilə həmsöhbət olduq. Bütün hərəkətçilər kimi, onun da 38 illik əmək yolu - çətinlikləri, istehsalat problemlərini dəf etməklə, qələbə sevinclərini yaşamaqla keçib. Sözsüz ki, ən çətini ilk addımlar olub.
Olqa Mıslitskayanın atası polşalı, anası isə rusiyalıdır. Valideynləri 1932-ci ildə Sovet İttifaqında məlum hadisələrin – kütləvi aclığın baş verdiyi dövrdə Bakıya üz tutub və ömürlük burada məskunlaşıblar. Digər bacıları kimi Olqa da Bakıda anadan olub. 1949-cu il fevralın 18-i Mıslitskilər ailəsinin ikinci övladı – Olqa dünyaya gələndə, anası İnqilab -17 ünvanında yerləşən atelyenin mühasibi idi. Olqanı metropolitenə gətirən tale də elə həmin atelyedən başlayır.

Orta məktəbi bitirdikdən sonra - 1967-ci ildə o, dövlət idarələrinin birində kuryer kimi çalışmağa başlayır. Vaxt tapdıqca anasının iş yerinə də baş çəkir, ona maliyyə işlərində kömək edirdi, çünki hesabdan yaxşı anlayışı vardı. O ilin yayında atelyeyə Bakı metropoliteninin növbətçiləri üçün xidməti geyim formalarının tikilməsi barədə sifariş daxil olur. Şəhər əhalisinin maraqla gözlədiyi nəqliyyat sisteminin fəaliyyətə başlamasında atelyenin işçiləri də zəhmətinin olmasını istəyir, böyük coşqu ilə hazırladıqları geyimdə şəhər sakinlərinin xidmətində dayanacaq metropolitençilərə tamaşa edəcəkləri o günü gözləyirdilər. Olqanın anası hər gün atelyeyə ölçü üçün gələn gənc qızlarla ünsiyyətdə olduqca, ürəyində qızını da metropolitençilər cərgəsində görmək arzusu oyanır: Olqa_Mislitskaya_

- Anam onlarla söhbətləşdikcə, hər gün mənə xüsusi geyim formasının çox yaraşacağını, həm də böyük gəcələyi olan metropolitendə çalışmağın daha məsləhətli olduğunu deyirdi. Mənim cəmi 18 yaşım vardı. Hələ böyük həyat yolunun başlanğıcında idim. Həm də metropoliten idarəsi elə anamın çalışdığı atelyenin yaxınlığında yerləşirdi. Vaxt itirmədən idarəyə yollanıb, iş üçün müraciət etdim. Beləcə, sentyabrın 19-u Bakı metropoliteninin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçi vəzifəsinə qəbul olundum və həyat yolumun 38 ilini doğma metromuza bağladım.

 

Qarğışla baş verən qəza

Olqa_Mislitskaya_2 Olqanın ilk iş yeri “26 Bakı komissarı” (indiki - “Sahil”) stansiyası olur. Bütün buraxılış stansiyalarında olduğu kimi, burada da hazırlıq işləri görülürdü. Artıq metronun istismara verilməsinə az qalırdı.
- Yerin altında həyatın gecə-gündüz necə qaynadığını heç təsəvvür edə bilməzsiniz! İşin ucu-bucağı görünmürdü. Bütün sahələrin fəaliyyətini əlaqələndirmək, material-texniki təchizatda fasiləyə yol verməmək üçün sahələr arasında sıx əməkdaşlıq vardı, - deyən Olqa xanım xatırlayır ki, inşaatçılar deyirmişlər ki, tikintidəki öhdəliklərə əməl olunacağını şübhə altına alanlar çox imiş, - O vaxt Azərbaycan SSR Nazirlər Sovetinin “Bakı metropoliteni tikintisində işlərin sürətləndirilməsi haqqında qərarı”nın rolu böyük oldu.

Həmin qərara görə, Bakı metrosunun işinə bütün respublika müəssisələrinin cəlb olunması və işlərin sürətləndirilməsində xüsusi rolu olan şəxslərin mükafatlandırılması nəzərdə tutulmuşdu. Bakı şəhər Partiya Komitəsinin çağırışı ilə şəhər müəssisələrinin minlərlə fəhlə və qulluqçusu, ali məktəb və texnikumlarının tələbələri metropolitençilərə köməyə gəlirdi.
Nəhayət, gözlənilən gün gəlib çatdı, inşaat işləri vaxtında yerinə yetirilsə də, stansiyalar sərnişinləri qəbul etməyə hazır deyildi, hər tərəf toz-torpağın içində, tikinti tullantıları ilə dolu idi.
- Mən işə qəbul olunan gündən hərəkət xidmətinin işçiləri, bütün xidmətlər kimi, növbə ilə stansiyaları silib-süpürür, təmizlik işlərini yerinə yetirir, xidməti otaqları sahmana salır, stansiyalarda yorucu işlərdən sonra dincimizi ala-ala texniki dərslikləri vərəqləyib, təlimatları təkrarlayırdıq. Çünki hər birimiz ilk günlərdən qatarların hərəkətini təşkil etməyin məsuliyyətini dərk edirdik. Əvvəlcədən işlənib hazırlanan qrafikə görə oktyabrın 15-də Bakı metropolitenində ilk sınaq qatarı yola çıxmalı idi. Ondan əvvəl yoxlama qatarı xəttə verildi. Həmin gün sanki ürəyimə dammışdı ki, qatar relsdən çıxacaq, həqiqətən tunel işçilərinin xətası nəticəsində qatar resldən çıxdı. Bir neçə gün sonra, rəisimiz Lütfəli Nuriyev mənə zarafatla “Sən nəhs gətirməsəydin, elə olmazdı”,- dedi.
Yüksək kadr hazırlığı və gərgin iş günlərindən sonra, gözlənilən tarixi gün – 6 noyabr gəlib çatdı, stansiyaların qapıları sərnişinlərin üzünə açıldı. Olqa Mıslitskaya deyir ki, dəfələrlə dilə gətirməyə çalışsa da, o günün sevincini hələ də sözlə ifadə edə bilmir.
- Sərnişinlərin çöhrəsindəki təbəssüm bizi necə də məmnun edirdi. Qatarlararası interval 5-8 dəqiqə təyin olunmuşdu. Bu, stansiyaların azlığı və depodan yola salınan qatarların sayındakı məhdudiyyətlə əlaqədar idi, - deyir Olqa Mıslitskaya.

 

Həyatda öz yerini tapan daha çox uğur qazanır

 

- Unutmadığım daha bir gün metronun istismara verilməsindən sonra indiki “Səadət” sarayında mötəbər tədbirin təşkil olunduğu gündür. Lütfəli Nuriyev metropolitenin istismara verilməsində əməyi olan işçiləri həmin gün bir araya toplamışdı. Mən də tədbirə dəvət almışdım və mükafat alanların arasında idim. Nuriyev işçiyə qarşı çox diqqətli insan idi. Hətta qəflətən stansiyalara baxış keçirərkən, xidməti otaqda işçilərin əyləşdiyi stulları belə yoxlayırdı, çünki kollektivin iş şəraitinin təmin olunmasına və sosial qayğılarına çox diqqətli idi. Olqa_Mislitskaya_3

Nuriyevin rəhbərliyi sayəsində metropolitençilər nəinki öz öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirir, eyni zamanda şəhərin abadlaşdırılmasında da fəal iştirak edirdilər. Həmin illərdə Bilgəhdə, Xəzərin sahilində kollektivimiz kiçik evciklərdən ibarət istirahət zonası yaradılırdı. Mən də işdə olmadığım günlərdə xidmətimizin digər əməkdaşları ilə Bilgəhə yollanır və bizə tapşırılan işləri yerinə yetirirdik, - deyə xatirələrini paylaşan Olqa Mıslitskaya metro işə düşəndən bir il sonra imtahan verib stansiya növbətçisi keçirilir. Metropolitendə çalışan təcrübəli dəmiryolçuların tövsiyələrindən yararlanıb, peşə səviyyəsini artırmağa çalışır. Nəhayət, o, blok-post pultunun arxasında hərəkətin təşkili prosesinə qoşulur.

Olqa_Mislitskaya_4 O.Mıslitskaya deyir ki, əmək fəaliyyəti dövründə dəfələrlə maraqlı hadisələrlə rastlaşıb:
- “Xətai” stansiyasında növbətçi işlədiyim günlərin birində eskalator maşinisti təcili çağırış siqnalı verdi. Sən demə, stansiyaya daxil olan bir məktəbli oğlan eskalatorun pillələrinin arasında qalmış çantasının ipini çıxarmaq istəyəndə, ayağı pilləyə ilişib. Dərhal eskalatoru dayandırdıqdan sonra pilləni qırıb məktəblini xilas etdik. Zədəsi elə də ciddi deyildi.

1985-ci ildə isə “Memar Əcəmi” stansiyasının istismara verilməsi ilə əlaqədar təyinatımı təcrübəli növbətçi kimi ora verdilər. Tale elə gətirdi ki, həyat yoldaşımla da metropolitendə tanış oldum - Adil Cavadov qatar maşinisti idi.
Olqa Mıslitskayanın gözlərindəki sevinc hissi, Bakıya bağlılığı, Azərbaycanın tarixinə marağı diqqətimizdən yayınmadı:
- Bəzən düşünürəm ki, valideynlərim o vaxt Bakıda məskunlaşmasaydı, taleyim necə olardı, görəsən? Azərbaycan mənə o qədər əzizdir ki, onsuz, Bakısız özümü heç təsəvvür edə bilmirəm. Mən xoşbəxtəm ki, bu ölkədə doğulmuşam. İkiqat xoşbəxtəm ki, yeraltı nəqliyyatımızın fəaliyyətində əməyim olub.





Bütün xəbərlər