12 Dekabr 2017 0:00

Ümummilli liderin vəfatından 14 il ötür

Metropolitençilərin qəlbində ulu öndərin əziz xətirəsi daim yaşayacaq

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Doğum günündə olduğu kimi, bu günlərdə də onun məzarı xalqımızın kütləvi ziyarətgah yerinə çevrilir, ruhuna dualar oxunur.
“Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişimizdən miras qalıbdır. Ancaq eyni zamanda bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə Bakı Metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir”, - deyən Heydər Əliyevin xatirəsi hər bir metropolitençi üçün çox əzizdir. Çünki 1967-ci ildə istismara verilmiş Bakı metropoliteninin inkişafının əsas mərhələsi məhz onun adı ilə bağlıdır. Sovet dövründə istər Azərbaycan, istərsə də SSRİ rəhbərliyində yer alarkən o, paytaxtın yeraltı nəqliyyat səltənətinin inkişafına təkan verən addımlar atıb və şəhərin bu gün ən böyük yaşayış sahələrinə metronun uzanması məhz Heydər Əliyevin qətiyyəti sayəsində mümkün olub. Müstəqillik illərinin ilk dövrlərində də Heydər Əliyevin bu nəqliyyat növünə verdiyi önəmin nəticəsidir ki, metropoliten mövcudluğunu qoruyaraq, ən nümunəvi nəqliyyat vasitəsinə çevrilib.
Bu gün "Bakı Metropoliteni" QSC-nin kollektivi öz ənənəsinə sadiq qalaraq, Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, onun məzarı önünə əklil və gül dəstələri qoyub.





Bütün xəbərlər