08 Dekabr 2017 0:00

17 stansiyanın layihələndirilməsində iştirak edən mütəxəssis

“Təbii proseslər layihədə dəyişiklik etməyimizə səbəb olurdu”

Bakı metropoliteninin layihələndirilməsi və tikintisinin böyük tarixi var. İkinci dünya müharibəsindən sonra, 1947-ci ildə Bakıda metropolitenin tikintisi haqqında qərarın qəbulu heç də təsadüf olmayıb. Çünki o vaxt SSRİ-də Bakı əhalisinin sayına görə üçüncü şəhər idi. Başqa sözlə, Moskva və Leninqraddan sonra Bakı gəlirdi. Moskva metropoliteni istifadəyə veriləndən sonra çox əhalisi olan şəhərlərdə metronun nə qədər vacib olduğu aydın görünürdü.
1948-ci ildə “Metrolayihə” Ümumittifaq Layihə-Axtarış İnstitutu SSRİ Nazirlər Sovetinin 4 dekabr 1947-ci il tarixli qərarına müvafiq olaraq, Bakıda tikiləcək metropolitenin layihə tapşırıqlarını hazırlayıb başa çatdırdı. 1949-cu ildə işçi çertyojların hazırlanması, yerli şəraitlə uyğunlaşdırılması və operativ məsələlərin qısa müddətdə həlli üçün “Metrogiprotrans” Dövlət Layihə-Axtarış İnstitutunun Bakı filialı - “Bakımetrolayihə” yaradıldı.
“Bakımetrolayihə”yə gənc kadrlar politexnik institutundan cəlb olunurdu. Hələ 1949-cu ildə Tbilisi Dəmiryol Mühəndisləri İnstitutunun filialı, sonradan Azərbaycan Politexnik İnstitutunun dəmiryolu fakültəsində körpü və tunellərin inşaatı qrupunun təməli qoyuldu.1951-ci ildə yol işçiləri hazırlayan qrupun təmayülünü körpü və tunel tikintisinə dəyişərək təhsil müddətini 6 ay uzatmaqla metro tikintisi üzrə mühəndis hazırlığına başlanıldı. Oradan Bakı metrosunun tikintisinə nəzəri cəhətdən yüksək hazırlığı olan tunel mühəndisləri göndərilirdi.

Onların sırasında “Bakımetrolayihə” İnstitutunun sabiq rəisi Yusif Yaqubov, baş mühəndislər Yavər Əliyev, Vahid İsmayılov və Əhmədağa Ağayev, Bakı metropoliteni rəisinin müavini Şərqi Xanbəyov, 3 saylı TQİ-nin rəisi İslam Kazımov, tikinti idarəsinin rəisi Osman Qasımov, 2 saylı tikinti idarəsinin rəisi Bəhmən Əliyev və bir çoxları var idi. Təcrübəli layihəçi, 17 stansiyanın layihələndirilməsində iştirak etmiş Arif Əliyev bir çox tarixi hadisələrin canlı şahididir. Arif_Ali

“Bakımetrolayihə” İnstitutunun yaşı qədər ömür yolu olan Arif Əliyev 1949-cu ildə Bakı şəhərində anadan olub. Orta məktəbi qızıl medalla bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olub. Layihəçi kimi fəaliyyətə 1971-ci ildə “Bakımetrolayihə” təşkilatında başlayıb.

 

“Layihəçilərimizin sorağı SSRİ məkanlarından gəlirdi”

Arif_Ali - İnstitut illərində ilk təcrübə meydanımız Peterburq metropoliteninin “Lomonosovskaya-Yelizarovskaya” mənzili oldu. 3 aylıq sınaq dövründə tunel qazmaçısının işinin və peşənin əziyyətinin nə olduğunu anladım. Onu da deyim ki, Bakıda metro tikintisinin ilk illərində Moskva və Sankt-Peterburq mütəxəssislərinin köməyi danılmazdır. Tikintinin davam etdiyi illər ərzində yerli kadrların arasında ixtisaslı mütəxəssislər yetişdi, qazma işini incəliklərinə qədər bilən fəhlə və mühəndislər nəsli yarandı.

Bakının metro inşaatçıları mürəkkəb hidrogeoloji şəraitdə böyük çətinliklərlə mübarizədə elə püxtələşdilər ki, qazma işində yeni texnologiyaların təşəbbüskarları olmaqla, ölkənin ən güclü mütəxəssislərini belə heyrətə gətirdilər, - deyən Arif Əliyev qeyd edir ki, institutu bitirən kimi “Bakımetrolayihə”yə işə qəbul edilib.
İnstitut elə ilk illərindən təcrübəli mütəxəssislərdən ibarət böyük və möhkəm təməl üzərində qurulmuş yetkin təşkilat olub. “Bakımetrolayihə” İnstitutu nəinki paytaxtımızın metro xətlərinin, bütün stansiyalarının layihəsini, eyni zamanda ölkənin bir çox nəqliyyat qovşaqlarının və tunellərinin layihələrini hazırlayıb, belə ki, Bakı funikulyorunun, Lənkəran, Ağdam, Tovuz su anbarlarının, Dərbənd, Şamaxı şərab anbarlarının, Ağdərə (Qərçivan) tunelinin layihə sənədləri, Novosibirsk metropoliteni, həmçinin Moskva və Daşkənd metropolitenlərinin bəzi stansiyaları Bakı layihəçilərinin əməyinin nəticəsidir.

Moskva metropoliteninin Serpuxovskaya xəttinin layihəsi də “Bakımetrolayihə” İnstitutunda hazırlanıb. Bununla yanaşı, Moskva metropoliteninin birinci növbəsinə daxil olan “Kropotkinskaya” və “Krasnoselskaya” stansiyalarının yenidənqurulması üzrə layihələri bakılı layihəçilər işləyiblər: «Vladivostok yaxınlığında Naxodka şəhərinin nəqliyyat qovşağının, Moskva yaxınlığındakı Mojaysk şəhərindəki dəmiryolu xəttinin altında yeraltı keçidin layihələrini “Bakımetrolayihə” İnstitutu hazırlayıb. Arif_Ali

Moldovada şərab anbarının tunelləri, Tacikistanın Vaxş-Yavan hidrotexniki tunelinin rekonstruksiyasını da sadaladıqlarımızın üstünə əlavə etsək, bizim mütəxəssislərin nəyə qadir olduğu aydın görünər» - deyən Arif Əliyev bildirir ki, bütün bunlar yerinə yetirilən işlərin bir qismidir. Bakının layihə institutunun SSRİ məkanlarında sayılıb, seçilməsinə səbəb isə savadlı mütəxəssislərdən ibarət layihəçi kollektivinin olması idi.

 

Unudulmaz xatirələr

 

Arif Əliyev söylədiklərinin - bakılı layihəçilərin bilik və bacarığının Sovet miqyasında qəbul edilməsini nümunə ilə də sübut edir. 1984-cü ildə Moskva metropoliteninin “Kropotkinskaya” stansiyasının yenidənqurulması layihəsinin “Bakımetrolayihə” İnstitutuna tapşırılmasını qeyd edərək deyir:
- Layihəni müzakirəyə təqdim etmək üçün institutun nümayəndələri ilə Moskvaya yollandıq. İşimizlə əlaqədar belə ezamiyyətlərimiz tez-tez olurdu, demək olar ki, bir ayağımız Moskvada idi. Belə günlərdən birində “Metrogiprotrans”ın binasında baş mühəndislə rastlaşdım: “Bu yaxınlarda Heydər Əliyevin keçirdiyi texniki müşavirədə olmuşam. Başa düşə bilmirəm, siyasi büronun üzvü haradan bilir ki, metro tikintisində maye azotun tətbiq olunması çox böyük, səmərəli və effektli metoddur. Bu, o qədər xüsusi bir üsuldur ki, bunu mütəxəssislərin çoxu belə bilmir”,- dedi.
Bildiyimiz kimi, ulu öndər Heydər Əliyev Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi və Siyasi Büronun üzvü olduğu illərdə digər mühüm sahələrlə yanaşı, dəmiryol nəqliyyatına və onun tikintisinə də rəhbərlik edib. Dəmiryol nəqliyyatı, metropoliten, nəqliyyat tikintisi hər bir dövlət üçün, xüsusən Sovet İttifaqı kimi böyük dövlət üçün ciddi və mürəkkəb sahələr idi. Bakı metropoliteninin tikintisi də onun daim diqqət və qayğısı ilə əhatə olunurdu.
- 1981-ci ildə “Elmlər Akademiyası- İnşaatçılar” stansiyaları arası tunellərin qazılması və 43 saylı şaxtanın tikintisi zamanı fövqəltəbii hadisə ilə üzləşmişdik. Bu sahədə güclü yeraltı suların təzyiqi qəza vəziyyəti yaratmışdı. Bunun baş verməməsi üçün təhlükəli sahəni bacardıqca tez keçmək lazım idi, tunellər lil və su ilə dolmuşdu. Bakılı mütəxəssislərin səyi nəticəsində məhz həmin maye azot üsulundan istifadə olundu, qruntu dondurmaqla çətin sahəni keçə bildik. Həmin maye azotun alınmasına Ulu öndər çox köməklik göstərdi.

Arif_Ali Həmin illər metro inşaatçılarının bir problemi tübinqlə fasiləsiz təchizat idi. Heydər Əliyev vəziyyətdən xəbər tutan kimi, dərhal tədbir görürdü. Arif Əliyev qeyd edir ki, o vaxt Leninqradın “Lentrublit” zavodu bir müddət yalnız Bakının metro inşaatçılarının tübinqə olan sifarişləri üzrə işləyib. Ümumiyyətlə, Heydər Əliyevin nəinki Bakı metropoliteninin inkişafında, eləcə də bütün MDB ölkələrində yeraltı nəqliyyatın inkişaf etdirilməsində, keçmiş SSRİ məkanındakı metroların fəaliyyətinin təmin olunmasında müstəsna rolu və xidmətləri olub.

- Hazırladığımız Moskva metropoliteninin“Kropotkinskaya” stansiyasının yenidənqurulması layihəsində iki tunel arasından qruntun götürülməsi və orada ventilyasiya kamerasının inşası nəzərdə tutulmuşdu. Layihəyə müvafiq müzakirələrdən sonra rəy verildi və layihə təsdiq olundu. Tikintiyə yenicə başlanmışdı ki, bizə Moskvadan təcili teleqram gəldi: “Bakımetrolayihə”nin nümayəndəsi sabah saat 11:00-da tikinti meydançasında olmalıdır”. Gecəylə mən Moskvaya yollandım. Səhər saat 11:00-da tikinti meydançasında iclas təyin olunmuşdu. Moskva İcraiyyə Komitəsi sədrinin müavini Yuri Şilobreyevin rəhbərliyi ilə Moskva metropoliteninin tikinti idarəsinin rəisi və metropolitenin digər məsul şəxsləri ora toplanmışdılar. Y.Şilobreyev məndən layihə barədə məlumat verməyi xahiş etdi. Layihəni təfərrüatı ilə nümayəndə heyətinə təqdim etdim. Y.Şilobreyev iclasın nümayəndələrinə üz tutaraq dedi ki, Moskvanın mərkəzində, Kremlin divarlarının yanında bu cür obyekti bakılılar niyə layihələndirib, bəs, Moskvanın müvafiq layihə təşkilatları niyə bu işlə məşğul olmayıb? Y.Şilobreyev mənə baxanda isə cavabım belə oldu: «Yəqin Moskva layihəçiləri özlərinə inandıqları qədər bizə etibar edib və belə məsul obyektin layihələndirilməsini tapşırıblar, - hazırcavablığım Y.Şilobreyevi qəzəbləndirdi və məndən soyadımı soruşdu.
«Əliyev» deyə verdiyim cavab ab-havanı tamamilə dəyişdi. Mənə yaxınlaşıb, bu yaxınlarda Heydər Əliyevin sədrlik etdiyi iclasda olduğunu, həmin iclasda nəqliyyatın tikintisində vacib qərarların qəbul olunduğunu bildirdi. Ulu öndər haqqında o qədər fəxrlə danışdı ki, bir anlıq düşündüm ki, çox güman, mənə soyadıma görə belə diqqət yetirir.
Arif Əliyev qeyd edir ki, layihə barədə heç bir iradı olmadığını deyən Y.Şilobreyev tikinti meydançasına yaxın beşmərtəbəli yaşayış binasını deformasiyadan qorumaq üçün iş icraçılarına tapşırıqlar verdi. Binanın təhlükəsizliyi məqsədilə layihədə ehtiyat tədbirlərin nəzərdə tutulduğunu Y.Şilobreyevə bildirdim. Moskvada bakılı layihəçilərin nüfuzu belə yüksək idi.

 

Bakı metropoliteninin layihələndirilməsi tarixi

Layihə institutunun canlı arxivi adlandıra biləcəyimiz Arif Əliyev qeyd edir ki, “Bakımetrolayihə” İnstitutunun rəisi Yusif Yaqubov dövrünün tikinti sahəsində bacarığı, nəzəri bilikləri ilə fərqlənən yüksək səviyyəli, təcrübəli, müdrik bir mütəxəssisi olub. 1970-1980-ci illərdə Politexnik İnstitutunu tunel ixtisası üzrə bitirən tələbələr Yusif Yaqubovun tədris üsulundan, təcrübəsindən yararlanıblar. 1973-cü ildən 1990-cı ilə qədər instituta rəhbərlik etmiş Y.Yaqubov bu gün də yeraltı tikinti sahəsində layihə işləri ilə məşğul olan insanların çoxunun müəllimi və himayədarı olub.
1990-cı illərin məlum hadisələrindən sonra bacarıqlı kadrlar institutdan uzaqlaşdı. “Bakımetrolayihə” İnstitutuna yeni rəis təyin olunmuş Davud Abdullayev təşkilatın qorunub saxlanılmasında və işlə təmin olunmasında xidmətləri danılmazdır.

Lakin əldə olunan nailiyyətlər heç də asan başa gəlməyib. Sovet dövründə bu və ya digər müəssisənin tikintisinə olan ehtiyacı sübut etmək üçün texniki-iqtisadi əsaslandırma sənədləri də tərtib olunurdu. Bu sənədləri yuxarı təşkilatların maneəsiz qəbul etməsi üçün bütün tikinti prosesini süni surətdə ucuzlaşdırmağa çalışırdılar. Bu da müəssisənin gələcək fəaliyyətində böyük problemlər yaradırdı. Arif Əliyevin bir layihənin təsdiq olunana qədər keçdiyi yol barədə sözləri heyrət doğurur.  Arif_Ali

Bu zəncirə nəzər salaq: metro xətlərinin layihələndirilməsinə gəlincə, müvafiq layihələr ilk növbədə yerli metro inşaatçıları ilə razılaşdırılırdı. Daha sonra layihə “Metrogiprotrans”a göndərilirdi. Oranın texniki şurasında bu məsələyə baxılır, müzakirələr aparılırdı. Bundan sonra layihə SSRİ Nəqliyyat Nazirliyinin Baş Tunel Tikinti İdarəsinə göndərilirdi. Daha sonra SSRİ Yollar Nazirliyinin Baş Metropolitenlər İdarəsində layihəyə yenidən baxılıb rəy verilirdi. Yalnız bu mərhələlərdən sonra layihə Yollar Nazirliyinin Baş Layihə-Smeta Ekspertizası İdarəsinə göndərilirdi. Layihə Ekspertizanın rəyindən sonra SSRİ Dövlət Tikinti Komitəsinə göndərilirdi. Komitə isə razılaşdırılmış layihəni SSRİ Nazirlər Sovetinə təqdim edirdi. Sonuncu mərhələdən, yəni SSRİ Nazirlər Soveti layihəni təsdiq etdikdən sonra tikintinin başlanılmasına qərar verilirdi.
- Bakı metropolitenində iki xəttin bir səviyyədə kəsişməsi bunun nəticəsidir, – deyə Arif Əliyev, növbəti tarixi hadisəni xatırlayır, “28 Aprel” (indiki “28 May”) stansiyasının yenidənqurulması üzrə layihənin təsdiq olunması üçün Moskvaya Bakı Metro Tikinti İdarəsinin rəisi Əlövsət Əbdülrəhimov və “Bakımetrolayihə” İnstitutunun nümayəndəsi kimi mən yollanmışdıq, - layihəçi həmin günü belə xatırlayır, - Layihədə yeni bir stansiyanın inşası - yəni indiki “Cəfər Cabbarlı” stansiyası, eyni zamanda həmin stansiyaya yol tunellərinin birləşdirilməsi nəzərdə tutulmuşdu. Layihə üzrə “Cəfər Cabbarlı” stansiyasının paylaşdırıcı yol tunellərinin diametri birinci təklifdə 6 metr, ikinci təklifdə isə 8,5 metr olması müzakirə olunurdu. “Bakımetrolayihə” İnstitutu layihənin ikinci variantının qüvvəyə minməsini təkid edirdi. SSRİ Nəqliyyat Nazirliyinin Baş Tunel Tikinti İdarəsinin nümayəndələrinin iştirakı ilə müzakirə zamanı mən layihəni təqdim etdim. Lakin iclasın müzakirələrində layihənin ikinci variantının böyük maliyyə vəsaiti tələb etməsi əsas gətirilərək, birinci variantın təsdiq olunması qərara alındı. Onda Ə.Əbdülrəhimov tribunaya qalxaraq çıxış etdi: “Bugünkü günün xərclərini deyil, gələcəyi, bir neçə on illiklər sonranı düşünməyi xahiş edirəm”, - iclasın nümayəndələrinin soyuqqanlı münasibətini görən Ə.Əbdülrəhimov: “Ağarmış saçlarıma inanın ki, vaxt gələcək bu layihənin təsdiqinin qərarına görə peşmançılıq hissi keçirəcəyik”, - dedi. Yerinə əyləşəndə tunel tikintisi sahəsi üzrə dövrünün görkəmli mütəxəssisi, alim V.L.Mokovski ondan sonra tribunaya qalxdı. Əlövsət Əbdülrəhimovun təklifini eyni ilə təkrarladı. Məsələ onda idi ki, zalda əyləşənlərin, bəlkə də 90 faizi V.L.Mokovskinin tələbələri olsalar da, onun məsləhəti və tövsiyələri ilə razılaşmadılar. Beləcə, layihənin birinci variantı qəbul olundu. Nəticəsi də “Cəfər Cabbarlı” stansiyasındakı darısqal paylayıcı keçidlər oldu.

 

46 illik əmək yolunun təcrübəsi

- 1978-ci ildə “Bakımetrolayihə” İnstitutunda işlərin icrası və tikintinin təşkili şöbəsinə rəis təyin olundum. Moskvaya təyinatımın təsdiqi ilə əlaqədar getdim və orada “Metrogiprotrans”ın rəisi A.S.Luqovsovun mənə verdiyi tövsiyə hələ də yadımdadır: “Əsl layihəçinin tərtib etdiyi layihə elə olmalıdır ki, tikinti prosesində inşaatçılar istəsələr də layihənin keyfiyyətini azalda bilməsinlər”.

Arif_Ali Məlum olduğu kimi, Bakı metropoliteninin ilk buraxılış sahəsi mürəkkəb hidrogeoloji şəraitdə tikilmişdi. 1953-cü ilə qədər tikinti işləri aparıldı və 1953-cü ildə işlər müvəqqəti dayandırıldı, bəzi sahələr konservasiya olundu. 1961-ci ildə metropolitenin tikintisinə yenidən başlanıldı. İşlərin uzun müddət dayandırılması zamanı şəhərin infrastrukturunda dəyişikliklər olmuşdu: Bakının şimal-şərq hissəsində sənaye xeyli inkişaf etmiş, şərqdə isə yeni yaşayış rayonları yaranmışdı. Odur ki, əvvəldən təsdiq olunmuş layihədə də dəyişikliklər edilmişdi.

Sözsüz ki, tikinti zamanı gözlənilməz təbii proseslər layihənin dəyişdirilməsinə səbəb olurdu. Xatirimdədir, belə hadisələrdən biri də “Nizami” stansiyası ilə “Elmlər Akademiyası” stansiyası arasındakı yol tunellərinin inşası zamanı baş vermişdi. Tunelləri qazmaq çox çətin idi, yeraltı qrunt suları tikinti prosesinə imkan vermirdi və qərara alındı ki, layihədə dəyişikliklər olunsun. Bu məqsədlə, trasın ölçüləri yeniləndi, SSRİ Yollar Nazirliyinə yenidən müraciət olundu və istisna hal kimi layihədəki dəyişikliklərin - 60 minlik mailliyin qəbul olunması təsdiq olundu.
Bakı metropoliteni xətlərinin son 25 ildə layihə rəhbəri olan Arif Əliyev hazırda Azərbaycan Tunelçilər Birliyinin əməkdaşıdır. “28 May” stansiyasının yenidənqurulması layihəsi prosesində yaxından iştirak edən bacarıqlı mütəxəssis bu gün də yeraltı xətlərin möhkəm dayanıqlığı və inkişafı üçün bilik və təcrübəsini kollektivdən əsirgəmir.





Bütün xəbərlər