18 Oktyabr 2017 0:00

Bakı Metropoliteninin inkişafında Heydər Əliyev dövrü

Metronun inkişafı ilk dövrlərdən onun nəzarəti altında olub

Ulu öndər Heydər Əliyevin 1969-cu ilin iyul ayından başlayan respublikaya rəhbərlik dövrünün ilk illərindən Azərbaycanda böyük iqtisadi, sosial inkişafın təməli qoyuldu. Respublika cəmi bir neçə il ərzində sənayedə, kənd təsərrüfatında, sosial quruculuq sahəsində, yeni infrastruktur layihələrin reallaşdırılması üzrə əzəmətli planların yerinə yetirilməsi istiqamətində ölçüyə gəlməyən uğurlar əldə etdi.
1970-1980-ci illərdə respublika Sov.İKP MK-nın, SSRİ Nazirlər Soveti və Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının keçici bayraqlarına layiq görüldü, paytaxt Bakı isə 2 dəfə “Lenin” ordeni ilə təltif edildi.
Ötən əsrin 70-80-ci, eləcə də müstəqillik dövrünün ilk illərində Azərbaycanda iqtisadi quruculuğun elə bir sahəsi yox idi ki, Heydər Əliyevin adı ilə bağlı olmasın. Tikinti, nəqliyyat, rabitə və sənayenin digər sahələri, kənd təsərrüfatı yüksək inkişaf mərhələsinə məhz ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə qədəm qoyub.
Bakıda metro tikintisinin sürətlə inkişaf etdiyi ilk dövrlərdən başlayaraq bu sahə Heydər Əliyevin nəzarəti altında olub. Ümummilli lider hələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə metro tikintisində baş verən bütün prosesləri dərindən izləyirdi, Bakıda metro tikintisinin əhəmiyyətini yaxşı başa düşür və buna xüsusi diqqətlə yanaşırdı. Mərkəzi Komitənin birinci katibi kimi işə başladığı ilk günlərdə respublikanın Bakı metrosunun tikintisi qarşısındakı öhdəlikləri müəyyən edildi. Həmin illərdə Bakı Tunel Tikintisi İdarəsinin rəis müavini Dövran Muğanlinski o dövrü belə xatırlayırdı: “Heydər Əliyevin “Bakımetrotikinti”nin rəisi Əlövsət Əbdülrəhimova tez-tez zəng etməsi bizi təəccübləndirirdi. Hər belə telefon söhbətlərindən sonra tikintiyə böyük kömək hiss olunurdu”.
Metronun birinci növbəsinin ikinci buraxılış sahəsində - “28 May”dan “Nizami” stansiyası istiqamətində işlər başlamışdı. Lakin bu sahədə qarşıya çıxan çətinliklər inşaatçıların planında dəyişikliklərə səbəb oldu. Əsas qüvvələr “Nərimanov” stansiyasından sonra başlayan üçüncü buraxılış sahəsində cəmləşdirildi. İki ilə yaxın bir müddətdə “Ulduz” stansiyası istifadəyə verildi. Bu, Heydər Əliyevin respublika rəhbəri kimi açılışında iştirak etdiyi ilk stansiya idi. 1970-ci il aprelin 17-də keçirilən mitinqə toplaşan Bakı sakinlərini salamlayan Heydər Əliyev inşaatçıların işinə böyük qiymət verdi, onlara minnətdarlığını bildirdi. Sonra o, metronun 7-ci stansiyasının qırmızı lentini kəsdi.
Tikinti sahəsində işlər gündən-günə sürətini artırırdı. Metro xətti böyük sənaye rayonunun altında yerləşən “Ulduz” stansiyasından “8-ci kilometr” qəsəbəsinə doğru irəliləyirdi. 1972-ci ilin noyabrın 6-da, Bakı metropoliteni 5 yaşını qeyd etdiyi gün, metro inşaatçıları şəhər sakinlərinə daha 3 stansiya - “Məşədi Əzizbəyov”u (“Koroğlu”), “Avrora”nı (“Qara Qarayev”), “Neftçilər”i hədiyyə etdilər. Bu münasibətlə keçirilən mitinqdə “Bakımetrotuneltikinti” idarəsinin rəisi Ə.Əbdülrəhimov Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə tikintinin başa çatması barədə məlumat verdikdən sonra respublika rəhbəri “Neftçilər” stansiyasının girişi qarşısında çəkilmiş qırmızı lenti kəsdi.
Ulu öndərin qayğı və diqqəti, inşaatçıların fədakar əməyi sayəsində Bakıda metro stansiyalarının sayı artmaqda davam edirdi. 1976-cı ildə “Nizami”, 1979-cu ildə “Bakmil” stansiyaları onun xeyir-duası ilə işə başladı.
1982-ci ildə Heydər Əliyev Moskvada yüksək dövlət vəzifəsinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra da Bakı metrosu onun diqqət və qayğısından kənarda qalmadı. Bu barədə Heydər Əliyev özü belə deyib: “Azərbaycana 14 il rəhbərlik etdiyim zaman, sonra 5 il Moskvada Sovetlər İttifaqının rəhbərliyində olduğum zaman mən Bakıda metro tikintisi ilə daim məşğul olmuşam və bu işə nail olmuşam. Buna görə də özümü xoşbəxt hiss edirəm”.
Elə həmin dövrdə metro tikintisinin təchizatında kritik vəziyyət yaranmışdı. Tübinq, rels, şpalın qıtlığı aktual mövzuya çevrilmişdi. Nə Əlövsət Əbdülrəhimov, nə də metro inşaatının təməlində dayananlardan biri, Moskvadakı nazirliklərin qapısı üzünə açıq olan, “Bakıtuneltikinti”nin istehsalat-texniki komplektləşdirmə idarəsinin rəisi Qəmbər İbrahimov heç nə edə bilmirdilər. Təchizat məsələləri ilə əlaqədar Moskvada ezamiyyətdə olan Q.İbrahimov çıxış yolunu ancaq Heydər Əliyevə müraciət etməkdə görmüşdü.
Qəmbər müəllim Heydər Əliyevin hələ Azərbaycana rəhbərlik etdiyi illərdə metro ilə nə dərəcədə yaxından maraqlandığının, metro tikintisinə göstərdiyi qayğının şahidi idi. O, Ə.Əbdülrəhimovla əlaqə saxlayıb, məsələni yalnız Heydər Əliyevin həll edə biləcəyini dedi. Onun təkidi ilə Əlövsət Əbdülrəhimov Moskvaya gəlib Heydər Əliyevin qəbuluna yazıldı. Oradan çıxanda, “Qəmbər, nə yaxşı ki, bu təklifi verdin, bundan sonra yolumuz açıqdır” - dedi. Tunellərimizin təchizat məsələsi o görüşdən sonra qəti həll olundu.
Moskvada işlədiyi illərdə Bakının yeraltı yollarının inkişafına ulu öndərin göstərdiyi qayğı öz əksini ikinci növbənin 1985-ci ildə istifadəyə verilən “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar” (ovaxtkı “XI Ordu”), “Memar Əcəmi”, 1989-cu ildə üçüncü növbənin şərq sahəsinin “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarının, 1993-cü ildə “28 May-Cəfər Cabbarlı” keçid qovşağının istismara verilməsində tapdı. 2002-ci ildə “Həzi Aslanov” stansiyasının yeraltı nəqliyyat konveyerinə qoşulması ilə Bakı Metropoliteni xətlərinin uzunluğu 31,5 km-ya çatdı. Müstəqilliyimizin ilk dövründəki bütün ölkəni bürüyən böhrandan metronun kiçik itkilərlə çıxmasında Heydər Əliyevin rolu xüsusilə qeyd olunmalıdır. Metronun maddi-texniki bazasının möhkəmləndirilməsinə, vaqon parkının yeniləşməsinə göstərdiyi yardım onun Moskvada yüksək vəzifədə işlədiyi illərdə qazandığı nüfuz və hörmətin nəticəsi idi.
Moskva vilayətinin Mıtişşi “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin rəhbərliyi Bakı Metropoliteni üçün o vaxt qüvvədə olan qiymətlərdən aşağı qiymətə vaqon satmağa razı olmuşdu. Bundan əlavə, Moskva metropolitençiləri metromuzu çətin vəziyyətdən çıxarmaq üçün bakılı həmkarlarına haqqı ödənilmədən saysız-hesabsız ehtiyat hissələri göndərdilər.
1995-ci ilin oktyabr ayında vaqon parkında yaranmış bir sıra problemlərin həlli üçün metropoliten rəisi Cəfər Yusifov Moskvaya yollandı. Mıtişşidə “Metrovaqonmaş”ın rəhbərliyi ilə görüşdə Cəfər müəllim Bakı metropolitençilərinin problemlərindən söhbət açaraq dedi ki, Azərbaycan bu gün demokratik yolla inkişaf etməkdə olan suveren respublikadır. Amma biz Rusiya ilə köhnə dostluq əlaqələrini də unutmamışıq. Vaqon təmirçiləri adından çıxış edən “Metrovaqonmaş”ın baş direktoru A.Qulko dedi: “Prezident Heydər Əliyev sovet hökumətində böyük vəzifədə çalışdığı vaxt bizim zavodda olarkən ildə108 vaqon istehsal edən köhnə seximizlə tanış olduqdan sonra, səhəri böyük bir müşavirə keçirdi. Dedi ki, hazırda ölkənin 7 şəhərinin metropoliteni var, 5 şəhərdə yeraltı nəqliyyatın tikintisi başa çatmaq üzrədir. Eləcə də biz 3 xarici ölkəni metro vaqonları ilə təmin edirik. Heydər Əliyev qarşımıza istehsal sahəsini genişləndirmək, metro vaqonlarının istehsal həcmini 500 vaqona çatdırmaq vəzifəsini qoydu və tapşırığın icra müddətini təyin etdi. Sonralar o, sexin tikintisinə şəxsən nəzarət edir, xaricdən avadanlığın alınmasına yardım göstərirdi. İndi biz Heydər Əliyevin o vaxt əsasını qoyduğu işin bəhrəsini görürük. Sizin prezidentinizə minnətdarlıq və hörmət əlaməti olaraq, Moskva Metropoliteni üçün ayrılmış vaqonlardan 5-ni sizə veririk”.
2002-ci ildə Heydər Əliyev Sarayında keçirilən Bakı Metropoliteninin 35 illik yubiley mərasimində çıxış edən “Metrovaqonmaş” SC-nin direktoru Yuri Soldatov da bu məsələyə toxundu. Mıtişşi zavodunun yenidən qurulmasında, istehsalat sahələrinin genişlənməsində Heydər Əliyevin əməyini qeyd edən Y.Soldatov dediklərinin təsdiqi kimi mərasim iştirakçılarına SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin yanında 1983-cü il dekabrın 23-də keçirilmiş iclasın protokolunu nümayiş etdirdi. 16 bənddən ibarət sənədin 15 bəndi vaqon istehsalının artırılması, onların texniki səviyyəsinin yüksəldilməsi, bu sahədə çalışan elmi-tədqiqat institutlarında yeni vaqon layihələrinin hazırlanması barədə göstərişlərdən ibarət idi.
Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra Mıtişşi vaqon istehsalçıları ilə Bakı Metropoliteninin əməkdaşlığı daha da möhkəmləndi. Həmin dövrdən başlayaraq son illərə kimi, Moskva zavodu Bakı Metropoliteni üçün münasib qiymətlərlə 136 vaqon hazırladı.
Heydər Əliyev Bakı Metropolitenini milli sərvət adlandırırdı: “Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişimizdən miras qalıbdır. Ancaq eyni zamanda bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə Bakı Metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir”.
Ulu öndərin Azərbaycan hakimiyyətinə ikinci qayıdışından sonrakı dövrdə də Bakı Metropoliteninə göstərdiyi diqqət və qayğı hiss olunurdu. Belə ki, müəssisədə yeni texnika və qabaqcıl texnologiyaların tətbiqi, hərəkətin idarə olunmasının avtomatlaşdırılması, kompüterləşdirilməsi, təmir-tikinti işlərindəki sürət gündən-günə artmağa başladı.
Avropa Birliyi tərəfindən 4 milyon avro ayrıldıqdan sonra “Həzi Aslanov” stansiyası və orada yarımçıq qalmış işlər yekunlaşaraq, stansiya 2002-ci ilin dekabr ayında təhvil verildi.
Yeni əsrin ilk onilliyinin ortalarında Bakıda metro tikintisi özünün yeni bir mərhələsinə qədəm qoydu. Azərbaycanın iqtisadi-siyasi, mədəni inkişafının Heydər Əliyev tərəfindən müəyyənləşdirilən istiqamətdə yönləndirilməsi vəzifəsini öz üzərinə götürən ulu öndərin siyasi varisi, onun ideyalarının çiçəklənməsi sahəsində böyük uğurlara nail olan Prezident İlham Əliyev metronun uzunmüddətli perspektiv inkişaf planının hazırlanmasına və bu planın reallaşmasına nail oldu və həmin işlər bu gün də davam edir.





Bütün xəbərlər