16 Oktyabr 2017 0:00

Şərqin ilk metropoliteninin ilk rəisi

O, tarixdə bu adla yaşayacaq

Bu gün metropolitençilər arasında onu çox az adam xatırlayır. Şəxsən tanış olanlar, yaxından görənlər isə daha azdır. Onun adı metropolitençilər nəslinin ən yaşlı nümayəndələri üçün bu gün də çox əzizdir. Çünki bu ad gözəl mütəxəssis, bacarıqlı rəhbər işçi kimi yüzlərlə insanın ehtiram və rəğbət ünvanı olub. Söhbət Bakı metrosunun ilk rəisi Lütfəli Cahangir oğlu Nuriyevdən gedir. Lütfəli Nuriyev 1916-cı ildə Gəncədə, Qarabağ bəylərindən olan Cahangir xan Nurubəyovun ailəsində anadan olub. 1881-ci ildə Şuşada doğulan Cahangir xan barədə ilk rəsmi məlumat Şuşanın 1886-cı il üzrə imtiyazlı təbəqələrinə məxsus şəxslərinin siyahısında verilir. Siyahıda onun adı Cahangir xan Hacı Böyükbəy oğlu Nuribəyov kimi gedir.

Ailənin beşinci övladı olan Lütfəli Bakı Elektromexanika Texnikumunu bitirdikdən sonra, təhsilini Tbilisi Dəmir Yolu Mühəndisləri İnstitutunda davam etdirib. 1938-ci ildə Şimali Qafqaz Dəmiryolu Rostov regionunun Taqanroq stansiyasında rəis müavini kimi işə başlayan 22 yaşlı gənc bir ildən sonra Azərbaycana qayıdaraq, «Azneftçıxarma» müəssisəsinin nəqliyyat idarəsində mühəndis vəzifəsində çalışır. Amma burada cəmi dörd ay işləyir. 1940-cı ilin avqustunda isə onu «Biləcəri» dəmir yolu stansiyasına rəis müavini təyin edirlər. Sonrakı illərdə L.Nuriyev operativ dispetçer bölməsində böyük dispetçer, istismar şöbəsində rəis müavini, 1954-cü ildə isə şöbə rəisi vəzifəsində çalışır. Onun dəmiryolçu kimi fəaliyyətinin məsul dövrlərindən biri də Azərbaycan Dəmiryolu İdarəsində hərəkət xidmətinin rəisi işlədiyi illəri əhatə edir. 1963-cü ilə kimi respublika dəmir yollarında hərəkətin təşkilinə bacarıqla rəhbərlik etməsi onu Zaqafqaziya Dəmir Yolu İdarəsinə rəis müavini vəzifəsinə layiqli namizədə çevirir və həmin ildən L.Nuriyev o vaxtlar Azərbaycan Dəmir Yolunun bir bölmə kimi daxil olduğu Zaqafqaziya Dəmir Yolu İdarəsinə rəis müavini təyin edilir. Lutfeli_Nuriyev_1

 3 il bu vəzifədə Azərbaycan dəmir yollarının işini istiqamətləndirir, ona rəhbərlik edir. 1966-cı ildə Azərbaycan KP MK-nın oktyabr plenumunun qərarı ilə L.Nuriyev tikintisi başa çatmaqda olan Bakı metropoliteninə rəis təyin edilir.

Lutfeli_Nuriyev_2

Bu vəzifədə çalışdığı 10 il ərzində L.Nuriyev tezliklə nümunəvi və yüksək xidmət mədəniyyəti müəssisəsi kimi tanınan böyük, həm də Bakı üçün o vaxtlar ekzotik sayılan bir nəqliyyat sahəsinin təməlini qoydu. İlk günlərin ən çətin vəzifəsi çoxprofilli təsərrüfatı ixtisaslı kadrlarla təmin etmək idi. Buraya dəmir yolu sahəsində iş təcrübəsi olan kadrlar - sərnişin və təsərrüfat qatarlarının maşinistləri, hərəkəti idarə etməyi bacaran peşəkarlar, yol işçiləri, energetiklər, siqnal və rabitə mütəxəssisləri, tunelçilər və neçə-neçə yardımçı peşələr üzrə kadrlar lazım idi. 

 

L.Nuriyev özü Azərbaycan dəmir yolunun bölmələrini gəzir, tanıdığı, bələd olduğu insanları metroda işləməyə dəvət edirdi. Tez bir zamanda yeraltı nəqliyyatı işə salmağa qadir olan kollektivin, böyük çətinliklər hesabına olsa da, özəyini yaratmaq mümkün oldu. Formalaşma dövründə lokomotivçilər, hərəkətçilər, eləcə də hərəkətin təşkili ilə bağlı olan peşə sahiblərinin metro şəraitində işə uyğunlaşdırılması üçün başqa metropolitenlərə ezam edilməsində, yeni kadrların hazırlanmasında ən vacib məsələlər yoluna qoyuldu. Vaxtında görülmüş tədbirlər nəticəsində Bakı metrosu təyin olunduğu gündə işə salındı. Amma yeraltı nəqliyyatın təsdiq olunmuş hərəkət cədvəli üzrə ritmik işini təmin etmək üçün bunlar az idi. Qarşıda istehsalat sahələrinin və yeni peşələrin mənimsənilməsi, mükəmməl kadr hazırlığı, material-texniki təchizat, əməyin təşkili, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərə xidmət mədəniyyətinin yüksəldilməsi, sosial yönümlü tədbirlərin həyata keçirilməsi kimi vəzifələr dururdu. L.Nuriyevin idarəçilik və təşkilatçılıq bacarığı, kollektivi səfərbər etmək istedadı sayəsində bütün bunları gerçəkləşdirmək mümkün oldu. Hələ yetmişinci illərin əvvəllərində depoda SSRİ metropolitenlərinə nümunə olan istehsalat sahəsi yaradıldı. «Nərimanov» deposunun avtomat sexi SSRİ dəmiryolları şəbəkəsi üzrə ən yaxşı sex kimi tanındı.

Özəyi əsasən təcrübəli dəmiryolçulardan ibarət olan kollektivdə əsl dəmiryolçu intizamı yaradıldı. L.Nuriyevin təşəbbüsü ilə 1970-ci ildə tikilən, sonradan «Bakmil» stansiyası kimi yenidən qurulan «Depo» platforması dəmiryolunun «Keşlə» stansiyası yükboşaltma sahəsinin və ətrafdakı sənaye müəssisələri işçilərinin nəqliyyat problemini həll etdi. 1971-ci ildə depoda 500 nəfərlik fəhlə yeməkxanası, maşinistlərin istirahət otağı, tibb məntəqəsi olan məişət kombinatı, bir il sonra avtomobil parkı, 1973-cü ildə eskalator, transformator və tunel ventilyatorlarının təmiri üçün birləşmiş emalatxanalar tikildi, qatarların qaldırma təmiri başladı. Lutfeli_Nuruyev-3

Həmin illərdə kollektiv, bacarıqlı rəhbərliyin nəticəsi olaraq, Bakının nəqliyyat probleminin həllində metronun əvəzedilməz rolunu təsdiq etməklə yanaşı, şəhərdə aparılan quruculuq işlərində də iştirak edirdi. Metropolitençilər Respublika Sarayının (hazırkı Heydər Əliyev sarayı), Bakı Məişət Kondinsionerləri zavodunun tikintisində də çalışırdılar. Bilgəh qəsəbəsində kiçik evciklərdən ibarət eyni adlı istirahət sahəsini də metropolitençilər öz əlləri ilə tikdilər. Metronun fəaliyyətinin ilk dövrlərində müəssisə əməkçiləri 6 və 7-ci mikrorayonlarda mənzillərlə təmin edildi, «Neftçilər» stansiyasının yaxınlığındakı 169 mənzilli bina metropolitençilərə verildi. Bütün bu nailiyyətlər metropoliten kollektivini sahə müəssisələri arasında keçirilən Ümumittifaq sosializm yarışında fərqləndirdi. Bu göstəriciyə görə, Bakı metropoliteni Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının Fəxri Fərmanına layiq görüldü. Şəhər sərnişin daşımalarında metropolitenin payı 2,4 faizə çatdı. Bakı metropoliteni «Yüksək istehsalat mədəniyyəti müəssisəsi» və «Kommunist əməyi müəssisəsi» adına layiq görüldü. Kollektiv rəhbərinin əməyi də partiya və dövlət orqanları tərəfindən layiqincə qiymətləndirildi. O, «Şərəf nişanı» və «Qırmızı əmək bayrağı» ordenlərinə layiq görüldü.

Lutfeli_Nuriyev_4 Əmək fəaliyyətinin metropolitenə qədərki dövründə də L.Nuriyev Vətən qarşısında xidmətlərinə görə «Böyük Vətən müharibəsində fədakar əməyə görə», «Qafqazın müdafiəsinə görə» ordenləri, «Fəxri dəmiryolçu» döş nişanı ilə təltif edilmişdi, «Gürcüstan SSR Əməkdar mühəndisi» idi.
Bir insan kimi də mental cizgilərə, özünə məxsus xarizmaya malik olması, onu ətrafdakılardan fərqləndirirdi. Zəhimli baxışlarının mənasını başa düşmək üçün əlavə sözə ehtiyac yox idi. Onu hələ əsəbləşib, səsini ucaldan, hövsələdən çıxıb, nəzakət qaydalarına etinasızlıq etdiyini görən olmayıb. Bunu təsdiq edən insanlardan biri də hərəkət xidmətinin mütəxəssisi, metropolitenin ilk hərəkətçilər nəslindən olan Ağaismayıl Orucovdur.

- «Bakı Soveti» («İçərişəhər») stansiyasında mərkəzləşmə məntəqəsi növbətçisi işlədiyim vaxtlar idi,- Ağaismayıl müəllim xatırlayır, - Stansiyanın dönmə kamerasında tunel geyiminin tıxacı qopmuşdu. Su, palçıq tuneli bürümüşdü. Lütfəli Cahangiroviç (o vaxtların əsas müraciət tərzi) stansiyaya daxil oldu. Uzunboğaz çəkmələr geyərək, hadisə yerinə getdi. Bir qədərdən sonra, dispetçer məntəqəsinə daxil olub, bir siqaret alışdırdı. Sonra özünə məxsus təmkinlə sakitcə «tapşır, vestibülün vitrin şüşələrinə əl gəzdirsinlər», - dedi. Həqiqətən də onun stansiyaya gəldiyi vaxt şüşələrdə aşkar görünən ləkə izləri var idi.

Məişət kombinatının açılışı ərəfəsində yeməkxana üçün alınmış mebellər quraşdırılarkən metropoliten rəisi də orada olub. İşə başlayarkən məlum olub ki, stol və stulların birləşdirici bolt-qaykaları yoxdur. Rəis material-texniki təchizat xidmətinin rəisi Zaman Şıxzamanova zəng edib, avadanlığın kim tərəfindən alındığını soruşur və həmin ekspeditoru məişət kombinatına çağırır. O vaxtlar həmin xidmətdə ekspeditor işləyən Əli Fərəcov: «Nuriyevin məni nəyə görə çağırdığından xəbərsiz halda, qaçaraq getdim. Yeməkxana mebellərinin hissələri döşəməyə səpələnmişdi. Metropoliten rəisi onları mənə göstərərək, sakitcə «a bala, bəs bunların bolt-qaykası hanı» deyə soruşanda, məsələnin nə yerdə olduğunu başa düşdüm. Oradan çıxıb, dərhal mebelləri aldığım təchizat müəssisəsinə yollanıb, səhlənkarlığımın nəticəsi kimi unutduğum mebel detallarını gətirdim». Lutfeli_Nuriyev_5

L.Nuriyev günün istənilən anında, istənilən yerdə görünə bilərdi. Tuneldə işləyənlər gecənin bir anında onu qəfildən başlarının üstündə görürdülər. Nə vaxt, haradan tunelə daxil olduğu məlum olmurdu. Stansiyada dayanmış qatarın son vaqonunda boş maşinist kabinasının qapısını öz «üçüzlü» açarı ilə açıb, maşinist kürsüsünə oturar, oradan bütün xətti nəzərdən keçirər, tunelin, tunel avadanlığının, yolun vəziyyətinə bu yolla nəzarət edirdi.
Selektor müşavirələrində stansiya rəisləri ilə yanaşı, stansiyanın növbətçiləri də iştirak edirdilər. Selektor rabitəsi onların da otağında quraşdırılmışdı. Stansiya ərazisində işləyən bütün xidmətlərin işçilərinə aylıq mükafat isə stansiya rəisinin həmin işçi barədə rəyinin nəticəsi əsasında verilirdi. Ondan sonra bu ənənə unuduldu.
Metromuzun veteranı ömrünün 40 ilə yaxın bir dövrünü metroya həsr etmiş, açılış ərəfəsində hərəkətin təşkili üçün tələb olunan vaqonların Bakıya gətirilməsində böyük xidmətləri olan mərhum Mehdi Ağayev xatirələrində yazır:
«Nuriyevin necə hərəkət edəcəyini, bu və ya digər məsələyə necə qiymət verəcəyini əvvəlcədən təxmin etmək mümkün deyildi. Biz elə bilirdik ki, o, gecələr də yatmır – gecənin bir aləmi metronun istənilən, hətta ağıla gəlməyən yerlərində görünürdü. Xəttə çıxan kimi «qaraçı poçtu» işə düşürdü: «Mixaylo trasdadır».

Lutfeli_Nuriyev_6 Bakı metropolitençilərinin dəmiryolçu forması geyinməsi barədə icazəni SSRİ Yollar Nazirliyindən L.Nuriyev almışdı (o vaxtlar Bakı metropoliteni Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyinin nəzdində idi- red.). Tapşırmışdı ki, qatarların qəbulu və yola salınması üzrə işə ancaq gənc və yaraşıqlı qızlar götürülsün: «Biz «Aeroflot»dan geri qalmamalıyıq». Qatarların hərəkət təhlükəsizliyi, metroda və məişətdə təmizlik onun üçün birinci dərəcəli məsələ idi. Bir də təbiətə çox böyük sevgisi var idi. İlk günlərdən depo ərazisinin yaşıllaşdırılmasına başladı. Bunun üçün ayrıca bağban ştatı ayırdı, tez-tez iməcliklər keçirirdi.

Bir dəfə L. Nuriyev xidmət rəisləri ilə birlikdə «Bilgəh» pansionatına baxış keçirərkən çay içməyə oturur. Metropoliten rəisinə çayı çapma qalın stəkanda verirlər. O, stəkanı kənara qoyaraq deyir: «Müharibə illərində çayı konserv bankalarında içərdik, indi artıq o dövr deyil». Ertəsi günü material-texniki təchizat xidmətinin rəisi Zaman Şıxzamanov bütün xidmətləri nazik stəkanlarla təmin etdi».
Lütfəli Nuriyevin yaxın dostu və bağ qonşusu, xidmətinin sabiq rəisi həmin bağda ona qonşu olan mərhum Salman Əliyevin xatirələrindən:
«Onun çox sadə, lakin səliqəli bir bağı vardı. Bu səliqəni də öz əlləri ilə yaratmışdı. Lütfəlinin necə təsərrüfatçı olduğunu göstərən bir epizod: Bir gün onun maşınında harasa gedirdik. Birdən sürücü Nurəddinə «maşını saxla» dedi. Yolun kənarına atılmış 2 azbest-sement dairə əylənməsinə səbəb olmuşdu. Nurəddin onları maşının yük yerinə qoydu. Lütfəli dedi ki, həmin dairələrlə bağda yenicə əkdiyi ağacları əhatələyəcək».
1976-cı ilin mayında Lütfəli Nuriyev vəzifədən azad edildi. Bundan il yarım sonra, Dzerjinski adına mədəniyyət evində (Şəhriyar adına mədəniyyət mərkəzi) Bakı metrosunun 10 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimin iştirakçıları arasında metronun birinci rəisi də var idi. Zalda 10 ilə yaxın birlikdə çalışdığı metropolitençilər arasında oturmuşdu. Bundan 7 il sonra o, 1984-cü ilin 9 dekabrında 68 yaşında vəfat etdi.





Bütün xəbərlər