24 Yanvar 2017 0:00

Müasir tələblərə cavab verən təlim-tədris mərkəzi

470 nəfər peşə səviyyəsi, 363 nəfər yeni peşə, 1250 nəfər peşə hazırlığı kursu keçib.

Bakı metropolitenində peşə səviyyəsinin artırılması, yeni peşə hazırlığı, yeni biliklərin mənimsənilməsi və tətbiqi həmişə gündəmdə olub. Lakin bununla bağlı təlim-tədris prosesi mərkəzləşmiş qaydada yalnız “Bakı Metropoliteni” QSC-nin yaranmasından sonra təşkil edildi. Bu isə metropoliten üçün belə həssas məsələyə daha səmərəli və keyfiyyətlə yanaşılması təmin etdi. Metropolitendə təlim-tədris mərkəzi 2014-cü il sentyabrın 16-da “Bakı Metropoliteni” QSC sədrinin imzaladığı müvafiq əmrlə yaradılıb. Bundan 14 gün sonra əsasnaməsi təsdiq edilən təlim-tədris mərkəzi “Bakı Metropoliteni” QSC-nin “Rabitə evi” texniki-inzibati binasında fəaliyyətə başlayıb.
Təmirdən sonra binada təlim-tədris mərkəzinin səmərəli fəaliyyəti üçün müvafiq şərait yaradılıb: auditoriyalar məşğələlərin müasir tələblərə uyğun keçirilməsi üçün lazımi vəsait və avadanlıqla, o cümlədən kompüter və audiovizual texnologiyalar, elektron, multimedia və digər müasir texniki vasitələrlə təmin edilib, təlimatçı-müəllimlərə otaqlar və guşələr ayrılıb. Trenajorlar, metodiki laboratoriya, kitabxana, audio-videoteka, konfrans zalı və digərləri ilə bağlı davamlı işlər aparılır.
Müasir sistemlərin tətbiqinə keçid, həmçinin əməyin səmərəli və yeni əsaslarla təmin edilməsi məqsədilə hər il tədris planı təsdiq edilir və kurslar fəaliyyətə başlayır. Keçirilən kurslara peşə səviyyəsinin artırılması, başqa işə keçirilmə, yeni peşə hazırlığı və digərləri aiddir. Tədris xidmət və sahələrin tələblərinə uyğun, həmçinin istehsalatdan ayrılmadan və dinləyicilərin əsas peşə fəaliyyətinə mane olmadan yerinə yetirilir. Təlimlər 5 günlük, 1, 3 və 6 aylıq kursların təşkili yolu ilə aparılır. Təlimatlar əsasında hazırlanmış əyani vəsaitlərdən, təlimatçıların hazırladığı slayd və videoçarxlardan istifadə olunur, interaktiv məşğələlər keçirilir. Ümumilikdə, təlim-tədris mərkəzinin fəaliyyəti dövründə iki mindən artıq metropolitençi kurslara cəlb olunub. Kurslar qatar maşinisti və maşinist köməkçisi, vaqon təmiri üzrə texniki personal, qatar dispetçeri, mərkəzləşmə məntəqəsi növbətçisi, qatarların qəbul edilib yola salınması üzrə növbətçi, avtomat-buraxılış məntəqəsi nəzarətçisi, nasos, ventilyator və eskalator mütəxəssisi, yol və tunel ustaları, usta köməkçiləri, rabitə, işarəvermə, elektrik təsərrüfatı üzrə böyük elektromexanik, ilməkçi, tunel lokomotivi maşinisti, elektrik qaz qaynaqçısı, kran maşinisti peşələrini əhatə edir.
Təlim-tədris mərkəzinin fəaliyyətə başladığı 2014-2015-ci tədris ilində 323-ü mütəxəssis və 119-u fəhlə olmaqla, cəmi 442 nəfər, sadəcə, ixtisasartırma kursu keçmişdisə, növbəti dərs ili müxtəlif peşələrdən 1250 işçi, o cümlədən 555 mütəxəssis və 219 fəhlə, həmçinin yeni işə qəbul edilənlərdən 74 nəfər nəinki ixtisasartırma, həm də yeni peşə hazırlığı kurslarına cəlb ediliblər. Onlardan 363-ü məhz yeni peşə hazırlığı kursu olub. “Bakı Metropoliteni” QSC yeni işə qəbul edilənləri ödənişsiz peşə hazırlığı kurslarına cəlb etməklə həm bu sahədə yeniliyə səbəb olub, həm də onların metropoliten kimi strateji sahədə çalışmaları üçün münbit şərait yaradıb. Yeni peşə hazırlığı kurslarına qatarların qəbul edilib yola salınması üzrə növbətçi, eskalator təsərrüfatı üzrə növbətçi dispetçer və mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri vəzifələri daxil olub. Kursun sonunda imtahanda yüksək nəticə göstərənlər müvafiq peşə üzrə metropolitendə işlə təmin olunublar.
2015-ci ildə alınmış və yeni texnologiyalara əsaslanan 81-760/761 seriyalı qatarların idarə edilməsini mənimsəmək üçün Moskva metropoliteni ilə bağlanmış müqavilə əsasında maşinist və təlimatçı-maşinist kursları təşkil olunub. 25 maşinist və təlimatçı-maşinist nəzəri və praktiki təlimlərdən sonra sınaq imtahanından keçib və şəhadətnamələr alıblar.
Xüsusi qeyd olunmalıdır ki, 2015-2016-cı illərdə 64 nəfər qatar maşinisti köməkçisi ixtisası üzrə 6 aylıq hazırlıq kurslarına qatılıb və tədris prosesinin yekununda mərhələli imtahan veriblər.
2016-cı ildə diaqnostika və metroloji təminat mərkəzinin, yol, elektromexanika və birləşmiş emalatxana xidmətlərinin 14 işçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikat alması üçün təlim-tədris mərkəzində kurslar təşkil olunub. Komissiya tərəfindən sınaq imtahanı aparılıb, vəsiqələr verilib. Həmçinin 2016-cı ilin sonuna qədər başa çatdırılmış kurslarda tikinti departamenti üçün 10 nəfər tunel lokomotivi maşinisti, 20 nəfər isə sipər maşinisti, 25 nəfər ilməkçi və elektrik qaz qaynaqçısı hazırlanıb və müvafiq sertifikatlarla təmin ediliblər.
Hazırda tikinti və istismar sahələrində 53 nəfər olmaqla, ilməkçi, elektrik qaz qaynaqçısı, qazan operatoru və kran maşinisti kursları yekunlaşıb, sertifikatlar təqdim olunub.
Hesabat dövründə kadrların ixtisasartırma kurslarında, ümumən, 470 metropolitençi peşə səviyyəsini təkmilləşdirib.
2016-2017-ci tədris ilinin birinci yarısında, 135-i yeni işə qəbul edilən olmaqla, 245 nəfər hazırlıq, 387 nəfər ixtisasartırma kursu keçib. İşə qəbul olunmuş 75 işçinin hazırlıq kursu isə 2017-ci ilin iyun ayında başa çatdırılacaq.
Ümumən, 3 tədris mövsümünün yekunu olaraq (2016-2017-ci tədris ili nəzərə alınmaqla) təlim-tədris mərkəzində kurslara cəlb edilənlərin sayı 2362 nəfər təşkil edəcək.
2015-ci ildən etibarən “Bakı Metropoliteni” QSC paytaxtın aparıcı ali təhsil ocaqları ilə qarşılıqlı razılaşma əsasında bağlanmış müqavilələr çərçivəsində əhəmiyyətli tədbirlər həyata keçirir. Hazırda “Bakı Metropoliteni” QSC ilə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqavilələri mövcuddur.
Qeyd edək ki, metropolitendə kadr potensialının gücləndirilməsi, təchizatın müasir standartlar səviyyəsində qurulması məqsədilə beynəlxalq təcrübənin artırılması da diqqət mərkəzindədir. Belə ki, yeni xətlərimizin idarəetmə sistemlərinin qurulmasında fəal iştirak edən Fransanın “Thales” şirkətinin təcrübəsindən yararlanmaq məqsədilə davamlı kurslar təşkil olunub. Metropoliten mütəxəssisləri yiyələndikləri bilikləri artırmaq üçün Türkiyə, Kanada, Böyük Britaniya, Almaniya və Fransada beynəlxalq təcrübə keçiblər. Hazırda tədris prosesini başa vuran mütəxəssislər aldıqları bilikləri metropolitençi həmkarları ilə bölüşür, təlim-tədris mərkəzinin işində, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında yaxından iştirak edirlər.





Bütün xəbərlər