16 Yanvar 2017 0:00

Vaqonların təmir sexi müasir standartlar səviyyəsinə qaldırılıb

Nasaz qatarların azalmasının və təmirin keyfiyyətinin artırılmasının əsas səbəbləri haqqında

Metropolitendə sərnişinə yüksək xidmət mədəniyyətinin və təhlükəsizliyin təminatında dayanan mühüm məsələlərdən biri qatarların daim saz vəziyyətdə olmasıdır. Buna görə də vaqon təmiri metropolitendə daim diqqət mərkəzində saxlanılır. «Bakı Metropoliteni» QSC yaradıldıqdan sonra mütərəqqi yeniliklər lokomotiv təsərrüfatının ən yüksək və müasir standartlar səviyyəsinə qaldırılmasından ibarət olub.
Əvvəlcə, diqqət qatar vaqonlarının təmiri prosesində xroniki problemlərin aradan qaldırılmasına yönəldilib. Qısa müddət ərzində vaqonların elektrik, pnevmatik və mexaniki hissələrini əhatə edən 20-dən artıq yenilik əsaslı dönüşün başlanğıcı olub. Məhz bu dövrdə daha bir əhəmiyyətli qərar verilərək, müəssisəyə daxil olan ehtiyat hissələrindən asılılığı minimuma endirmək məqsədilə bir çox mexaniki detal və qovşaqların yerli şəraitdə hazırlanmasına başlanılıb. Əvvəllər 113 adda mexaniki detal və qovşaq kənar müəssisələrdən alınırdısa, hesabat dövründə onların sayı 37-yə endirilib. Qalan hissələr isə məhz metropolitenin istehsal sahələrində hazırlanır. Nəticədə, kənar müəssisələrdən alınan məhsulların sifarişinə, onlara çəkilən xərclərə kifayət qədər qənaət əldə olunub. Bu, metropoliten şəraitində istehsalın inkişafına əlavə stimul olmaqla yanaşı, eyni zamanda mütəxəssis potensialının güclənməsinə, onların nəzəri-praktiki bilik və bacarığının, həmçinin mühəndis-konstruktor sahəsinin inkişafına təkanverici qüvvədir. Bu məhsulların etibarlı saxlanmasını təmin etmək və onlara olan tələbatın vaxtında ödənilməsinə şərait yaratmaq üçün metropolitendə müasir standartlara cavab verən anbarlar inşa olunub. Ümumiyyətlə, bu və ya digər kompleks tədbirlər sayəsində 2014-cü ildə cəmi 35 vaqon 3 saylı (digər adı - qaldırma) təmirə dayandırılmışdırsa, 2015 və 2016-cı illər ərzində depo tarixində rekord sayda – 140 vaqon 3 saylı təmirdən çıxarılaraq xəttə qaytarılıb. Həmçinin bu proses zavod şəraitində təmirin növü hesab edilən orta təmir bazasında aparılaraq, qatarların istismar ömrünün uzadılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Görülən işlərlə yanaşı, nasazlığa görə xətdən çıxarılan qatarların sayı iki il ərzində 3 dəfədən artıq azaldılıb. 2014-cü il ərzində 520 qatar vaxtından əvvəl depoya qaytarılmışdısa, görülən işlər nəticəsində 2015-ci ildə 212, ötən ildə isə cəmi 152 hərəkət tərkibi xətdən çıxarılıb.
Həmçinin 2014-cü ildə metropolitenin normal iş rejimi19 dəfə pozulmuşdusa, 2015-ci ildə 13, keçən ildə 9 belə hala yol verilib.
Qeyd-şərtsiz, bu yeniliklərin təməlində, ilk növbədə, insan faktoru dayanır. 2015-ci il yanvarın 9-dan qatarların təmir bazasının gücləndirilməsi, təmirin keyfiyyətinin artırılması məqsədilə başlanmış irimiqyaslı silsilə tədbirlər başa çatdırılaraq depoda yeni işgüzar mühit yaradılıb.
İşlər çərçivəsində depo qanovlarının və təmir sexinin dam örtüyü müasir dövrün ixtirası hesab olunan rezin qatqılı bitumla əvəzlənib, beləliklə sahənin xroniki probleminə çevrilmiş yağıntılardan qorunması təmin edilib. Qatarların qanovlara texniki keçid yollarının asfalt örtüyü, texniki tələblərə uyğun olaraq, metal örtüklə bərkidilib, yolun səviyyəsi nizamlanıb. Hər birinin uzunluğu 120 m olan qanovlarda relslə yol divarı arasındakı aralıq təmizlənərək, yenidən örtülüb, izolə qovuşuqları yenidən yığılıb, yararsız yol altlıqları dəyişdirilib, ara məsafəsi tənzimlənib, bununla da təhlükəsizlik ən yüksək həddə çatdırılıb.
Mühüm dəyişiklik təmir sexlərinin yenidən qurulmasıdır. Məsələyə kompleks yanaşılıb: ərazinin imkanları öyrənilərək təmirin texnoloji ardıcıllığını, uyğunluğunu və sinxronluğunu təmin edən yeniliklər edilib. Layihəyə görə, qaldırma təmiri sexi yeni mahiyyətlə müasir standartlar səviyyəsinə gətirilərək, 3 saylı cari təmir sexinə çevrilib. Bütün ərazidə hava nəzarəti, kanalizasiya, isitmə sistemləri tam yenilənib. Sıx təmir şəraitinə baxmayaraq, sexin boş qalmış 2-ci boks adlanan sahəsi yararlı vəziyyətə gətirilərək vaqon arabacıqlarının və təkər cütlərinin yuyulub yığılması sahəsinə çevrilib. Həm də ilk dəfədir ki, arabacıqlar sökülmədən yuyulur. Ərazidə müvafiq dəmir konstruksiya, yeni tavan örtüyü qurulub, məsafədən idarə olunan 10 tonluq körpülü yeni kran, arabacığın yığılması prosesi üçün xüsusi tərtibatlar quraşdırılıb, arabacıqların yuyulma kamerasına verilməsi üçün yol çəkilib. Yeni buxar xətti səmərə və qənaəti dəfələrlə artırıb. Maksimum ekoloji tarazlığı isə yağ və qələvi turşuların ikipilləli təmizlənməsi prosesi təmin edir.
Yuma proseslərində əl əməyini aradan qaldırmaq üçün arabacıqların və təkər cütlərinin yuyulmasından savayı, daha iki yeni yuma maşını quraşdırılıb. Onlardan biri irihəcmli detalların, digəri isə podşipniklərin yuyulması üçün nəzərdə tutulub. Hər üç maşın proqram təminatlı avtomatik rejimdə işləyir, səmərəli, praktik və qənaətcildir, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının tələblərinə cavab verir.
Genişləndirilmiş mexaniki sexdə usta, soyunub-geyinmə, alətlər, tərtibat və digər detallar üçün yardımçı otaqlar, habelə istirahət guşələri, təxliyə qapısı, sanitar qovşaqları inşa olunub. Hər bir dəzgahın xüsusiyyətləri nəzərə alınmaqla, zavod şəraitinə uyğun iş yerləri qurulub. Dəzgah parkına kombinə edilmiş pəstahların doğranması və ştamplanması üçün daha bir pres-qayçı əlavə edilib. Təkər cütləri sexində yaradılmış yeni iş şəraiti, səmərələşdirici yeniliklər nəticəsində məhsuldarlığı artıran 10-dan artıq stend qurulub və təkliflər həyata keçirilib.
Sexin əsas təmir işlərinin cəmləşdiyi sahə döşəmədən tavana qədər yenilənib. Kabel kollektorlarında aparılan bərpa işləri kabellərin mühafizə etibarlığını artırıb. İllərlə deformasiyaya uğrayan köhnəlmiş döşəmə təbəqəsi tam sökülüb. Özülü möhkəmləndirilməklə yeni dəmir-beton döşəmə yaradılıb. Epoksid əsaslı müasir yer örtüyü döşəməyə parlaq estetik görkəm verib. Yeni ovqata səbəb olan ekoloji cəhətdən təmiz və təhlükəsiz, qulluğu asan başa gələn epoksid örtük təmirin keyfiyyətlə icrasına şərait yaradıb.
Sexin iri çaplı yeniliklərindən biri təkər cütləri ilə arabacıqların təmiri və saxlanılması üçün əlavə 20 metrlik dəmir yol xəttinin - boşaltma məntəqəsinin yaradılmasıdır. Bu sahə ehtiyat baza kimi, deponun arabacıq və təkər cütlərinə təcili ehtiyaclarını ödəyərək, yubanma və ləngimələrin qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
Vaqon gövdələrinin qaldırılması üçün tərtibatın yerinin dəyişdirilməsi sahədə əsaslı genişlənmə yaradıb. Yollar arasında aparılan dəyişikliklə vaqon hissələrinin nəql edilməsi, yerləşmə ardıcıllığı təmin edilib. Vaqonaltı avadanlıqların sökülüb-yığılmasına, həmçinin təcili sağlamlaşdırma tədbirinə əlverişli şərait yaradılıb. Qovşaqların daşınmasında iki yeni transpalet qaldırıcı qurğu əl əməyini tam aradan qaldırıb. Pultla idarə olunan 8 səyyar domkrat əvvəlki stasionar analoqlarından fərqli olaraq, işlərin mütəhərrik, sinxron və sürətli icrasını təmin edir.
Sexdə qaynaq sahəsi üçün xüsusi yer ayrılıb. Bununla, pərakəndəlik aradan götürülüb, texniki standartlara əməl olunub. Qaynaq tüstüsü, həmçinin elektrodun yanması nəticəsində alınan çirkli hava axını, zərərli buxar və qazların süzgəc qurğusu vasitəsilə təmizlənərək sahədən kənarlaşdırılması təmin edilib.
Yerinə yetirilən işlərin sonunda təmir sexinin sıradan çıxmaqda olan qatar yolu qapıları müasir, daha yüngül, etibarlı və asan idarə olunan qapılarla əvəzlənib.





Bütün xəbərlər