02 Sentyabr 2016 0:00

İşə qəbulla bağlı ödənişsiz kurslar başlandı

İmtahandan müvəffəqiyyətlə keçənlər metropolitendə işlə təmin olunacaqlar.

İyulun 27-də metropolitendə qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbulla bağlı elan olunan bir aylıq ödənişsiz kurslar artıq başlayıb.
İlkin müsahibəyə müraciət edən 1158 nəfər arasından 229-u dəvət edilib. Metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası müsahibədə iştirak edən 109 nəfərdən seçim edərək, 47 nəfəri kurslara dəvət edib. Dərslər metropolitenin mütəxəssisləri tərəfindən həftə içi hər gün saat 9:00-11:00-dək təlim-tədris mərkəzində keçirilir.
Kursun nəticəsi test imtahanından sonra bəlli olacaq. İmtahandan müvəffəqiyyətlə keçənlərlə qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlanılacaq və onlar hərəkət xidmətində müvafiq işlə təmin olunacaqlar.
Məlumat üçün bildirək ki, hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbul olunmaq üçün elan olunan müsabiqədə seçimlər metropolitenin rəsmi internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə anket forması ilə müraciət edənlər arasından aparılıb.
“Bakı Metropoliteni” QSC-nin vakant vəzifələr üzrə işə qəbul prosesi davamlı olacaq.

 





Bütün xəbərlər