06 Yanvar 2016 0:00

Bir qrup metropolitençi gənc yeni ili İstanbulda qarşıladı

Əsas məqsəd fəal gəncləri yeni uğurlara stimullaşdırmaq və onların asudə vaxtlarının səmərəli təşkili idi.

Yeni ilin gəlişini bir qrup metropolitençi özünəməxsus tərzdə qeyd edib. «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) ilə birlikdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sosial yönümlü iki mühüm layihəni gerçəyə çeviriblər. QSC rəhbərliyinin təşəbbüsünə əsasən, 40 nəfərdən ibarət gənc metropolitençi yeni ili Avropa ilə Asiyanı qovuşduran İstanbulda qarşılayıblar.
Səfərin təşkil edilməsində əsas məqsəd gənc işçiləri stimullaşdırmaq, onların ruh yüksəkliyi ilə daha səylə çalışmasına, yeni-yeni uğurlarına təkan vermək, həmçinin işçilərin sosial rifahının yaxşılaşdırılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili idi.
Dekabrın 31-dən yanvarın 4-dək İstanbulda olan metropoliten işçiləri şəhərin mərkəzində – Taksim meydanındakı yüksək reytinqli otellərdən birində məskunlaşmaqla, burada keçirdikləri 4 gün ərzində səhər yeməyi ilə də təmin ediliblər. Onlar üçün şəhər turu da təşkil olunub. Bu zaman metropolitençi gənclər dünyada məşhur Sultan Əhməd, Süleymaniyyə məscidləri, Ayasofya muzeyi, akvariumla tanış olmaq şansı əldə ediblər. Metropolitençilər yeni ili şəhərin məşhur mərkəzlərindən birində kollektiv şəkildə qarşılayıblar.
Qeyd edək ki, bu, metropolitençilərin ölkə xaricinə ilk kollektiv səfəri deyildi. 2014-cü ilin yay ayları boyunca kollektivin işçilərindən təşkil edilmiş qrupların Gürcüstanın Kobuleti şəhərində növbə ilə bir həftəlik istirahəti təşkil edilmişdi.
Budəfəki yeni ili, sadəcə, bir qrup gənc deyil, işində fərqlənən təcrübəli işçilər də özünəməxsus tərzdə qeyd etmək imkanı əldə ediblər. QSC rəhbərliyi MİHİ ilə birlikdə çalışdığı sahədə əməyi ilə fərqlənən 91 metropolitençinin yeni ili Azərbaycanın dilbər guşələrindən biri olan Lerikin «Meşəbəyi» istirahət mərkəzində qarşılamasına şərait yaradıb. Gündə 3 dəfə yeməklə təmin edilməklə onlara istirahət məkanında yeni il şənliyi də təşkil olunub. Yanvarın 3-dək davam edən səfər zamanı metropolitençilər üçün müxtəlif istirahət-əyləncə proqramları da təklif edilib.





Bütün xəbərlər