z

Arayış

Arayış

25 AVQUST / 2022 / 11:33

Bakı metropoliteninin təlim-tədris mərkəzinin binası SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolunun təkib hissəsi olan Sabunçu vağzalının elektrik deposu kimi 1926-cı il sentyabrın 24-də istifadəyə verilib. 1966-cı ildə bina Bakı şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə Bakı metropoliteninin sərəncamına keçib. Müvafiq infrastruktur qurulmaqla, o vaxtlar "Rabitə evi" adlandırılan binada qatarların hərəkətinin təşkili və idarə edilməsində  ən mühüm sahələr hesab edilən dispetçer mərkəzləri cəmləşdirilərək fəaliyyət göstərib. Bu binada qatar, elektrik təchizatı, sanitar qurğular və eskalator dispetçerləri, eləcə də işarəvermə və rabitə xidmətinin rəhbər-mühəndis heyəti fəaliyyət göstərib. 2014-cü il sentyabrın 16-da “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə “Rabitə evi” adlandırılan texniki-inzibati binada müəssisənin təlim-tədris mərkəzi fəaliyyətə başlayıb. Ümumən, dörd tədris mövsümünün yekunu olaraq mərkəzdə kurslara cəlb edilənlərin sayı 4800 nəfərdən artıq olub.

Yeniləşən mərkəz
Təmir dövründə binada tədris prosesinin daha keyfiyyətli, səmərəli və metropoliten sahələrinin hər birinin tələblərinə uyğun olaraq təşkili məqsədilə zəruri yeniliklər edilib. Binanın tarixi və memarlıq üslubu qorunmaqla, ötən onilliklər ərzində pərakəndə şəraitdə yaradılmış otaqlar ləğv edilib və tədris prosesinin təşkilinin xüsusiyyətləri nəzərə alınmaqla, yeni tədris mərkəzi qurulub. Bir vaxtlar dəmir yolu vağzalının saxlama deposu olmuş bina tarixi ab-havasına uyğunlaşdırılıb və bu xüsusda orta zalda müasir metro vaqonlarından ibarət qatarı xatırladan guşələr yaradılıb. Yan hissələrdə isə akt zalı, tədris auditoriyaları, texniki kabinetlər və yardımçı otaqlar yer alıb. Mərkəzin mərkəzləşdirilmiş havalandırma, isitmə-soyutma, həmçinin müasir yanğın təhlükəsizliyi, yanğın su hovuzu sistemləri qurulub. Binanın onilliklərlə pərakəndə vəziyyətə düşmüş, baxımsız qalmış, səliqə-sahmanına diqqət edilməmiş zirzəmisi əsaslı şəkildə təmizlənərək yenidən qurulub. İşıqlandırma sisteminin qurulmasında tədris prosesinin tələbləri, daxili interyerin və tədrislə bağlı əyani vəsaitlərə olan tələblərin nəzərə alınması, mərkəzin estetik görkəmini daha effektli edib. Dartma tavan və onun işıqlandırılması müasir sistemlərlə milli memarlıq üslubunda yerinə yetirilib. Binanın giriş sahəsi yeni dizaynda qurularaq müasir qapılarla təchiz edilib. Foyeyə aparan pilləkənlər boyunca yan divarlarda Bakı metropoliteninin tarixi-memarlıq özəlliklərini əks etdirən tablolarda stansiyaların foto görüntüləri yerləşdirilib, onlar barədə məlumatlar verilib. Hər sahə üzrə fərdi tədris otaqları da müvafiq vəsaitlərlə, auditoriyalar lazımi avadanlıqla, o cümlədən kompüter və audiovizual texnologiyalar, elektron, multimedia və digər müasir texniki vasitələrlə təmin edilib, təlimatçı-müəllimlərə otaqlar və guşələr ayrılıb. Metodiki laboratoriya, kitabxana, audio-videoteka tədris prosesinin mükəmməl səviyyədə təşkilinə imkan yaradıb.

Metronun dünəni, bu günü, sabahı
Foyenin mərkəz hissəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il martın 18-də imzaladığı Sərəncamla təsdiq edilmiş Bakı metropoliteninin konseptual inkişaf sxemi, daha sonra ölkə başçısının  “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, "Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncamları yer alıb.
Yan divarlarda Bakı metropoliteninin inkişaf tarixi öz əksini tapıb. Sol divar boyunca yerləşdirilmiş stendlərdə paytaxt yeraltı polad magistralının inkişafı və yüksəlişində, metropolitenin Bakının tarixi rəmzlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynamış Ümummilli lider Heydər Əliyevin qayğı və diqqətini əks etdirən fotolar və tarixi sənədlər sərgilənir. Bu sənədlər arasında ən qiymətlisi  Ulu Öndərin SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsində çalışdığı dövrdə onun başçılığı ilə keçirilən geniş tərkibli müşavirənin SSRİ metro sənayesinin inkişafına böyük töhfə kimi dəyərləndirilən qərarlarını özündə ehtiva edən  tarixi protokoldur.
Sağ divarda yer alan stendlərdə Bakı metropoliteninin yeni inkişaf tarixinin memarı kimi yeraltı ictimai sərnişindaşıma nəqliyyatına müasir texnologiyaların tətbiqi ilə yeni nəfəs gətirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin metropolitenin inkişaf etdirilməsi ilə bağlı tarixi sənədlər, foto-faktlar yerləşdirilib.
Orta zalın metro vaqonları üslubunda qurulmuş guşələrə paralel olan divarlar boyunca tədris prosesini əks etdirən məlumat və elan lövhələri, Bakı metropoliteni stansiyalarının texniki və tarixi özəlliyini əks etdirən fotolar və statistik göstəricilər, qarşı divarlarda isə dünyanın bütün coğrafi regionlarının, eləcə də Bakı metropoliteninin də üzv olduğu "Metro" Beynəlxalq Assosiasiyasına daxil olan dünyanın böyük metropolitenləri barədə statistik və maraqlı özəl faktları əks etdirən fotostendlər yer alıb.
Əvvəlki konfrans zalının yerində müasir üslubda konfrans-rabitə sistemi, keyfiyyətli avadanlıqla təmin olunmuş sinxron tərcümə kabinetinin qurulduğu yeni akt zalı yaradılıb. 70 nəfərlik zalda Bakı şəhərinin konkadan tutmuş metroya qədər nəqliyyat tarixini əks etdirən nadir fotolar yer alır. Bu stendlərdə konka, tramvay, avtobus, trolleybus və metro kimi nəqliyyat vasitələrini şəhərin tarixi fonunda seyr etməklə köhnə və müasir Bakıda ictimai nəqliyyatın inkişaf dinamikasını izləmək olar.

Yeni maşinistlər nəslinin mayakı
Təlim-tədris mərkəzinin ən əhəmiyyətli texnoloji yeniliklərindən biri qatar trenajorudur. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2015-ci ildən başlayaraq, Bakı metropoliteninə yalnız ən müasir, texnoloji innovasiyalar baxımından sonuncu – 4-cü nəslə mənsub qatarlar alınır. Artıq Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin istehsalı olan 11 belə yeni qatar paytaxt metrosunda sərnişinlərə xidmət göstərir. Onlardan 6-sı məhz bu il alınıb. Gələcəkdə də bu strateji xətt davam etdirilərək, istismar müddətini başa vuran qatarlar yalnız bu standartlara cavab verən müasir qatarlarla əvəz olunacaq. Bu səbəbdən qatar maşinistlərinin avtomatlaşdırılmış qatarların tələblərinə uyğun yenidən ixtisaslaşdırılması, eləcə də yeni nəsil maşinistlərin hazırlığı prosesi "81-765" tipli qatarların bazasında yaradılmış trenajorda aparılacaq. Rusiyanın bu sahədə ixtisaslaşmış "Loqos" şirkətinin məhsulu olan trenajor tam interaktiv şəkildə Bakı metropoliteninin xətlərinin real məkan və zaman rejimində müasir qrafik təsvirlər vasitəsilə işlənib. Proqram təminatında Bakı metrosunun özəllikləri ilə yanaşı, qatar maşinistinin qarşısına çıxa biləcək bütün təlimat tapşırıqları, qəza vəziyyətləri də yer alıb. Təlimatdan irəli gələn tapşırıqlar, qəza vəziyyətləri maşinist kabinasının yaxınlığında qurulmuş idarəetmə mərkəzində təlimatçı tərəfindən verilir, əyani şəkildə izlənilir. Proqrama insan müdaxiləsi qeyri-mümkündür. Proqram təminatı özü maşinistin bütün hərəkətlərini qiymətləndirir. İlkin bacarıqların mənimsənilməsi, peşə vərdişlərinin artırılması və möhkəmləndirilməsi, yenilərinin yaradılması, peşə qabiliyyətinin gücləndirilməsi, maşinistlərin zəif cəhətlərini aşkarlayaraq islah edilməsi istiqamətində müvafiq işin aparılması, tədris prosesinin daha kamil və fərdi proqram üzərində qurulması baxımından bu trenajor əvəzsiz vasitədir.
Trenajorun yaxınlığında isə xüsusi displey ekranında qatarın sərnişin salonları yer alıb. Hər vaqon tam orijinal idarəetmə avadanlıqları ilə təmin edilmiş real təsvirli paneldən ibarətdir. Maşinist burada da müvafiq tapşırıqları alaraq, bilik və bacarığını yoxlaya, qiymətləndirə biləcək.
Kabinada sükan arxasında olan maşinistin bütün hərəkətlərini onun həmkarları da quraşdırılmış proyektor vasitəsilə əyani şəkildə izləyib, sonradan müzakirələr apara biləcəklər.

"Vaqon guşələr"
Mərkəzin orta sahəsində yerləşdirilmiş vaqon tipli guşələr təlim-tədris mərkəzində təlimlərin həyata keçiriləcəyi ən əhəmiyyətli sahələrdir. Hər bir guşə əhatə etdiyi sahənin özəlliklərini, texniki xüsusiyyətlərini özündə əks etdirməklə ən müasir texnoloji tələblər səviyyəsində  əyani vəsaitlərlə təchiz edilmiş nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməyin ideal məkanıdır. Burada divarlar boyunca sahələrin və struktur vahidlərinin fəaliyyət spektrini əhatə edən və ən çeşidli məlumatlarla zənginləşdirilmiş statik lövhələr yerləşdirilib. Hər guşədə monitorlar quraşdırılıb və bu, informasiya-kommunikasiya texnologiyalarının müasir imkanları çərçivəsində  mümkün formatların köməyi ilə tədris prosesinin daha canlı və dərindən, bütün detalları ilə mənimsənilməsinə şərait yaradır. Ən mühüm əyani vəsaitlər sırasında xüsusi sifarişlə hazırlanmış və tədris prosesində hər sahənin özəlliklərini əks etdirən maketlər və əyani istehsalat nümunələri də yer alıb. Bu isə tədris prosesinin istehsalat şəraitinə daha da yaxınlaşmasına kömək edəcək. Tədris mərkəzində, ümumilikdə, xüsusi sifarişlə hazırlanmış 15 maket və 100-dən artıq əyani-praktiki tədris vəsaitləri yer alır.

Vaqonların istismarı və təmiri guşəsi
Birinci guşə lokomotiv parkı ilə bağlı əsas sahələri əhatə edir. Depoda təmir proseslərin, o cümlədən Azərbaycanda ilk dəfə təşkil edilmiş metro vaqonlarının əsaslı təmiri prosesini, həmçinin digər təmir, texniki xidmət və baxış növləri, vaqonların texniki xüsusiyyətlərini yaxından mənimsəmək olar. Bakı metropolitenində istifadə olunmuş tarixi E, həmçinin hazırda xətlərdə işləyən 81-717, 81-760 və 81-765 tipli baş vaqonların və hər birinin yanında yerləşən arabacıqlarının maketləri vaqon təmirçiləri üçün əhəmiyyətli tədris vəsaitidir.

Metro inşaatı guşəsi
Metro inşaatının zəngin, Bakının mürəkkəb geoloji şəraitində əksər hallarda yüksək şücaət hesabına başa gələn tikintisini əks etdirən guşədə isə tarixi və müasir layihələrin nümunələrdən hər dövrün fərqli detallarını, yeraltı tikintinin inkişaf dinamikasını, xüsusiyyətlərini, həmçinin onun texnoloji, Bakının hidrogeologiyasına uyğun aparılan işlərin məzmun və mahiyyətini öyrənmək mümkündür.
Metro inşaatı sürətlə yeniləşir. Tunel qazıntısında Almaniyanın "Herrenknecht" tunelqazma komplekslərinin tətbiqi metro inşaatında yeni, daha sürətli və keyfiyyətli era açıb. S-835 kompleksinin maketi xüsusi hazırlanaraq tədris vəsaiti kimi təlim prosesində istifadə olunacaq. Bununla yanaşı, videodərsliklər də müdavimlərin hərtərəfli biliklərə yiyələnməsini təmin edəcək.

İşarəvermə, rabitə və kommunikasiyalar guşəsi
Müasir metropoliten daha çox işarəvermə və rabitə, eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişaf sürəti ilə seçilir. Bu mənada yeni xətlərin inşası ilə Bakı metropolitenində başlanmış ən müasir metro texnologiyaları hazırda mövcud xətlərdə də mərhələ ilə tətbiq edilir. SCADA dispetçer idarəetməsi, qatarların CBTC radiokanal idarəetməsi, mövcud mikroprosessor sistemləri, qatarların hərəkətinin təşkili və tənzimlənməsini mümkün edən yol və tunel avadanlıqları, rabitə vasitələri daha bir guşənin özəlliyidir. Burada yeni xətlərdə tətbiq edilən sistemlər, "Nərimanov" elektrik deposunda tətbiq edilən ox sayğacı, drossel-transformator, müxtəlif relelər və s. avadanlıqların nümunəsində keçiriləcək dərslər tədrisin optimallığını təmin edəcək. Bu xüsusda qeyd edək ki, Fransanın “Thales SA” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, Bənövşəyi xətdə tətbiq ediləcək SCADA (dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (qataların hərəkətinə radiokanal nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi məqsədilə Bakı metropoliteninin bir qrup işçisi 2014-cü ildə Toronto şəhərində Fransanın “Thales SA” şirkətlər qrupuna daxil olan “Thales Canada”da, daha sonra İstanbul metropolitenində təcrübə keçiblər. Hazırda həmin işçilər təlim-tədris mərkəzində yeni sistemlərlə işləmək təcrübəsini həmkarları ilə bölüşür. Eyni zamanda Azərbaycan-Fransız Universiteti ilə bağlanmış anlaşma memorandumuna əsasən, bu ali təhsil ocağının müvafiq ixtisaslar üzrə tələbələrinin əyani praktiki məşğələləri Bakı metropolitenində, o cümlədən təlim-tədris mərkəzində təşkil edilir.
Onu da əlavə edək ki, bu sahənin mürəkkəbliyi və vacibliyi nəzərə alınaraq, müdavimlərə texnoloji proseslərin əyani öyrədilməsi məqsədilə burada müvafiq yol infrastrukturunun maketi və avadanlıqlarla təchiz edilmiş xüsusi kabinet də fəaliyyət göstərəcək. Yenilikləri xüsusi monitorda nümayiş etdirilən bu kabinet də müasir texnologiyaların tələblərinə uyğun müntəzəm olaraq tədris vəsaitləri ilə zənginləşdiriləcək.

Eskalator, lift və travolator guşəsi
Metropolitendə sərnişinlərə nümunəvi xidmət göstərən, yeni dövrün tələblərinə uyğun olaraq təchiz olunmuş yeni xətlərdə travolator və liftlərin quraşdırılması ilə zənginləşmiş eskalator təsərrüfatı ən müasir standartların geniş tətbiq edildiyi sahələrdəndir. Təkcə onu demək kifayətdir ki, Bakı metropolitenində eskalatorların 84 faizindən də çoxu müasir nümunələrdən ibarətdir. Bu guşənin stendlərində eskalatorun bir parçasının, eləcə də bir neçə əsas detallarının nümunəsində, statik texniki özəlliklərini görmək mümkündür. Metropolitendə yeni tipli eskalatorların böyük əksəriyyət təşkil etməsi ilə əlaqədar olaraq, xüsusi ayrılmış texniki tədris kabinetində "Thyssen Krupp Fahrteppen" şirkəti ilə əməkdaşlıq şəraitində tədris məqsədilə real iş prinsipləri üzərində qurulmuş stenddən istifadə olunur. Belə bir vəsait "Thyssen Krupp" şirkətinin əməkdaşlıq etdiyi müəssisələr arasında yalnız Bakı metropoliteni üçün hazırlanıb.

Yol və infrastrukturun diaqnostikası guşəsi
Yollar metropolitenin ən mühüm infrastruktur sahələrindəndir. Bu barədə söhbət açan guşədə yol təsərrüfatını fərqli parametrli yoldəyişdirici qurğuların maketləri, yol avadanlıqları və üstquruluş elementləri, alətlər və digər nümunələrlə yanaşı, Bakı metrosunun plan və profildə mürəkkəbliyini, fərqliliyini əks etdirən stendlər vasitəsilə yaxından qavramaq olar. Metropolitenin təhlükəsizliyinin əsas təminatçısı olan diaqnostik və metroloji məlumatların bazası bu sahədə tam olaraq əksini tapıb. Bu xüsusda diaqnostika kompleksinin fəaliyyəti və yol infrastrukturunun yoxlanılması avadanlıqları, eləcə də əsas diaqnostik parametrlər üzrə yoxlamaları barədə göstəricilər  metropolitenin zəngin, eyni zamanda mürəkkəb və diqqət tələb edən bir sahə olması barədə ətraflı məlumat mənbəyidir.
Bakı metropoliteninin özünün istehsalat sahəsində qurulmuş sexində Almaniyanın "Vollert" şirkətinin texnologiyaları əsasında Azərbaycanda ilk dəfə dəmir-beton blokların istehsalı artıq xətlərdə də geniş istifadə olunmaqdadır. Sınaq yolunda əldə olunan təcrübə hazırda Bənövşəyi xəttin "Memar Əcəmi-B-3" mənzil yolunda, "Xətai" stansiyasının baş stansiya yolunda tətbiq edilib. "Xocəsən" deposunun tunellərində də yollar bu bloklar üzərində qurulur. Ağac şpalları əvəz edən bu blokların tətbiqi, dəmir yolların yeni üsul və metodlarla qurulması, yolun yeni tipli üstquruluşu elementlərinə qulluğun mənimsənilməsi və kadrların hazırlanmasında Təlim-tədris mərkəzi əhəmiyyətli rol oynayacaq.

Elektrik təchizatı guşəsi
Metropoliten fəaliyyətini təmin edən mürəkkəb və çoxşaxəli quruluşa malik elektrik təchizatı sisteminin əsas istiqamətləri, bu təsərrüfatın fəaliyyətini təmin edən sistemlər, qurğu və avadanlıqların, alətlərin yer aldığı guşədə təmas relsinin fəaliyyətini əks etdirən qurğuların iş rejimi barədə ən müfəssəl məlumatları almaq mümkündür. Bu xüsusda unikal rele mühafizə sisteminin iş prinisplərini əyani nümayiş etdirən stend, həmçinin real tunel şəraitində qurğuların gərginlik altında işini göstərən metropoliten mütəxəssislərinin tətbiq etdiyi əyani tədris vəsaitidir. Bakı metropoliteninin elektrik yarımstansiyalarının  "Siemens" şirkətinin aparıcı texnologiyaları əsasında yenilənməsi nəzərə alınaraq, texnoloji proseslərin mənimsənilməsi, peşə biliklərinin artırılması, kadr potensialının gücləndirilməsi məqsədilə Mərkəz müvafiq əyani praktiki vəsaitlərlə təchiz edilib.

Mühəndis texniki qurğular guşəsi
Mühəndis-texniki qurğular metropolitenin fəaliyyətinin tənzimlənməsində mühüm sahələrdəndir. Ventilyasiya, isitmə-soyutma, su təchizatı sistemləri, müxtəlif təyinatlı suvurma qurğularının fəaliyyətini əks etdirən vəsaitlər bu sahənin özəlliklərini daha əyani şəkildə müdavimlərə çatdıracaq. Eyni zamanda burada yaxın gələcəkdə metropolitendə tətbiqi nəzərdə tutulmuş qabaqcıl sistem və texnologiyalar barədə geniş texniki məlumatlar stendi proqressiv düşüncənin məhsulu kimi dəyərləndirilir. Havalandırma, nasos, su təchizatı kimi sistemlərin dünəni və bu günü, avadanlıqların müqayisəli təhlili üzərində qurulmuş tədris prosesi bu sahədə də ixtisaslaşmış, günün tələbləri ilə ayaqlaşa bilən kadrların hazırlanmasını  təmin edəcəkdir.

Tunel qurğuları guşəsi
Tunellər metropoliten infrastrukturunun təməlini təşkil edir. Xüsusi guşədə stansiya və tunel kəsiklərinin maketləri əsas yeri tutmaqla, tunellərin quruluşu, ölçüləri, eyni zamanda, paytaxtın ağır geoloji şəraitində onlara qulluq, axıntıların qarşısının alınması üçün materiallar, korroziya ilə mübarizədə tətbiq edilən xüsusi boyaq maddələri Bakı metrosunun nə qədər mürəkkəb bir quruluşa malik olduğunu və daim nəzarət, diqqət altında saxlanılmasının vacibliyini göstərir.

Hərəkətin təşkili, idarə edilməsi və tənzimlənməsi kabineti
Metropolitenin əsas vəzifəsi sərnişinləri, təhlükəsizliyin ən yüksək təminatı şəraitində, mənzil başına çatdırmaqdır. Bu xüsusda təlim-tədris mərkəzində hərəkətin təşkili, idarə olunması və tənzimlənməsini təmin edən sahə üçün ən geniş kabinet ayrılıb. Burada hərəkət xidmətinə aid əyani vəsaitlər, mərkəzdə yerləşdirilmiş iri displey idarəetməli plazma monitor yerləşdirilib. Bu monitor vasitəsilə bütün tədris prosesinə aid dərsliklərin əyani nümunələrini, hər bir sahənin özəlliklərini, stansiyalar üzrə bölgüləri müdavimlərə izah etmək mümkündür. Metropoliten xətlərinin əyani sxemi, sərnişindaşıma qrafikası sahənin əhəmiyyətini, mürəkkəbliyini, eyni zamanda əsas iş prinsiplərinin xüsusiyyətlərini tam olaraq açır.
Platforma növbətçilərinin nümunəvi qış və yay geyim formaları, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, əsas işçi alətlər və s. ilə bağlı əyani vəsaitlər biliklərin dərinləşdirilməsinə xidmət edir. Yaxın gələcəkdə həmin otaqda yeni sistemlərin fəal tətbiq olunmağa başlandığı "Nərimanov" elektrik deposu və onu xətlərə birləşdirən park yollarının maketi quraşdırılacaq. Bu isə tədris prosesini bütün çalarları, dərinliyi ilə əyani və aydın şəkildə mənimsəmək üçün mühüm vəsait olacaq.

Kadrların yetişdirilməsinin sirləri
Yeniliklər artıq bu tədris mövsümündən başlayaraq müasir sistemlərin tətbiqi ilə yeni əsaslar və metodiki planla kursların təşkilinə imkan yaradıb. Artıq həm peşə səviyyəsinin artırılması, həm yeni peşələrin mənimsənilməsi, yeni peşə hazırlığı və müxtəlif profilli kadrların yetişdirilməsi üçün ən münbit şərait təmin edilib.
Təlim-tədris mərkəzi fəaliyyətini Bakının aparıcı ali və orta-ixtisas təhsil ocaqları ilə sıx əməkdaşlıq şəraitində qurur. Bu isə tədrisin keyfiyyətini artırmaq, eyni zamanda, təcrübə mübadiləsini genişləndirmək, burada təhsil alan gələcək kadrlara ən zəruri texnoloji təcrübənin aşılanmasına, nəzəri biliklərin praktiki cəhətdən dərinləşdirilməsinə şərait yaradılması deməkdir. Bu imkandan faydalanmaqla ölkənin tədris ocaqları daha yetkin və savadlı kadrların hazırlanmasına nail ola biləcəklər.
Hazırda qarşılıqlı razılaşma əsasında bağlanmış memorandumlar çərçivəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. "Bakı Metropoliteni" QSC-nin Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye, Texniki, həmçinin Memarlıq və İnşaat universitetləri, habelə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri  artıq öz bəhrəsini verir.
Bu təhsil müəssisələrinin pedaqoji heyətinin üzvləri metropolitendə kadr hazırlığı prosesinin fəal iştirakçılarıdır. Eləcə də Bakı metropoliteninin istehsalat sahələri bu ali məktəblərin tələbələri üçün təcrübə bazasına çevrilib. Təhsil Nazirliyi ilə “Bakı Metropoliteni” QSC-nin əməkdaşlığının bundan sonra daha da dərinləşdirilməsi isə ölkəmizdə peşəkar kadrların yetişdirilməsinə xüsusi töhfə verəcəkdiÜmumən, metropolitendə kadr potensialının gücləndirilməsi, müəssisəni ixtisaslı kadrlarla təchiz etməyin müasir standartlar səviyyəsində qurulması məqsədilə beynəlxalq təcrübədən bəhrələnmək  da diqqət mərkəzindədir. Metropoliten mütəxəssisləri Türkiyə, Kanada, Böyük Britaniya, Almaniya və Fransada təcrübə keçmişlər və bu ölkələrdə aldıqları bilikləri metropolitençi həmkarları ilə bölüşür, təlim-tədris mərkəzinin işində, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında yaxından iştirak edirlər. Yeraltı xətlərdə yeni idarəetmə sistemlərinin qurulmasında fəal iştirak edən Fransanın “Thales” şirkətinin təcrübəsindən yararlanmaq məqsədilə davamlı kurslar təşkil olunub və hazırda Azərbaycan-Fransa Universtitetinin xətti ilə davam etdirilir. Yenidən qurulmuş təlim-tədris mərkəzi bu imkanları genişləndirməklə, onları dərinləşdirməyə və ölkəmiz üçün ən səmərəli təhsil, peşə və tədris layihələrinin həyata keçirilməsinə yol açacaq.

 

Digər