2016-cı il sentyabrın 18-də metropolitendə Milli Musiqi Günü münasibəti ilə növbəti sosial layihə həyata keçirilib. “İçərişəhər”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarında sərnişinləri canlı musiqi ifası qarşılayıb. Stansiyaların əsas vestibüllərində sərnişinləri Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının musiqi kollektivlərinin ifası feyziyab edib.
«Elmlər Akademiyası» stansiyasında saat 11:00-də, «28 May»da 12:15-də, «İçərişəhər»də isə 13:30-da simli kvartetin canlı konserti başlanıb. Onlar bir saat ərzində dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələrini ifa ediblər.
Kvartetin çıxışı başa çatdıqdan sonra aksiya milli musiqi üçlüyünün ifası ilə davam etdirilib. Bu dəfə sərnişinlər Azərbaycan folkloru və milli musiqisinin ən gözəl parçalarına qulaq asmaq imkanı əldə ediblər.
Layihənin əsas məqsədi Azərbaycan və dünya musiqi sənətinin bənzərsizliyini gənc nəslə bir daha xatırlatmaq və sərnişinlərə xoş ovqat bəxş etmək idi.