z

"Bakı Metropoliteni" QSC-də mülki müdafiə məşqi keçirilib

"Bakı Metropoliteni" QSC-də mülki müdafiə məşqi keçirilib

15 APREL / 2023 / 15:28

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun 4 aprel 2023-cü il 3-1-470 saylı əmrinə əsasən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiənin Təşkili Baş İdarəsi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq, idarənin texnoloji korpusunda hərbiləşdirilməmiş mülki müdafiə dəstələri və xəbərdarlıq toplanışı üzrə mülki müdafiə məşqi keçirilib.
“Diqqət hamıya” işarəsi üzrə təşkil edilmiş məşqdə texnoloji korpusun aidiyyəti üzrə bütün strukturlarının nümayəndələri iştirak ediblər. Məşqə Hərəkət xidmətinin baş mühəndisi Sabit Mansurov başçılıq edib.
Obyekt məşqi iki mərhələdə keçirilib – müharibə dövründə ekstremal vəziyyət əmələ gəldikdə Texnoloji korpusa təhkim olunmuş hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin funksional vəzifələri və dinc dövrdə ekstremal vəziyyət əmələ gəldikdə Texnoloji korpusa təhkim olunmuş hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin işləri.
Aidiyyəti üzrə bütün strukturlar daxil, müdafiə dəstələri məşqdə öz funksional vəzifələrini yerinə yetiriblər. Ardıcıllıq üzrə keçirilmiş bütün proseslər müəyyən edilmiş qaydalara uyğun təşkil olunub.