z

"Azadlıq prospekti"

  • Açıldığı tarix:

    30 dekabr 2009-cu il

  • Xətt:

    Yaşıl

  • Yollarının uzunluğu:

    100 m

  • Ünvanı:

    Binəqədi yolu ilə S.S.Axundov küçəsinin kəsişməsi

  • Memarlar:

    Elbay Qasımzadə, Zaur Qurbanəliyev, Maqsud Məmmədov, Xanlar Əhmədov

"Azadlıq prospekti"stansiyası

Paytaxt metrosunun üçüncü inşaat növbəsinin Şimal sahəsinin hələ Sovet dövründə layihələndirilmiş, tikintisinə 1989-cu ildən başlanmış üç stansiya və bir depodan ibarət kompleksin ikinci stansiyası olan "Azadlıq prospekti" Azərbaycanda platforması sütunsuz olan ilk metro stansiyadır. Stansiyanın yerləşdiyi yer layının süxurları, əsasən, əhəng daşından ibarət olduğundan onu sütunsuz, tağvari platformalı formada inşa etmək mümkün olub. Stansiya 14 metr dərinlikdə yerləşir.
Qazıntısına SSRİ dövründə başlanılsa da, ölkədə baş verən geosiyasi hadisələr və müttəfiq respublikaların müstəqillik əldə etməsilə dondurulmuşdu. Bu sahədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı və metro tikintisinə ayrılmış 600 milyon manata yaxın vəsait hesabına inşaat işləri 2006-cı ildə bərpa olunub və 2009-cu ildə yekunlaşdırılıb.
Ümumi uzunluğu 297 m olan stansiya kompleksi sərnişin platformasından (eni 10 m, uzunluğu 102 m), 2 vestibüldən, əsas ventilyasiya kamerasından, dönmə kamerasından, 2 yeraltı keçid və 4 giriş-çıxışdan ibarətdir.
Stansiyanın daxili sistemlərinin qurulmasında Türkiyə, Rusiya, Almaniya və digər ölkələrdən gətirilmiş avadanlıqlardan istifadə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış stansiya paytaxtın Şimal yaşayış sahələrinə doğru yol-nəqliyyat kompleksinin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Stansiyanı elektrik enerjisi ilə təmin etmək üçün ilk dəfə xüsusi planla inşa olunmuş yerüstü yeni yarımstansiya istifadəyə verilib.
Müasir üslubda inşa olunmuş stansiya estetik görünüşü ilə diqqəti cəlb edərək, metro stansiyalarının inşasında memarlıq məktəbinə əlavə cizgilər gətirib. Obyektdə müasirliyə və milli memarlıq ənənələrinə xüsusi diqqət yetirilib.
Pannolarda ölkəmizin nadir memarlıq abidələri əksini tapıb. Əsas zalın ümumi həcminə uyğun olaraq, burada irimiqyaslı ornament və dekorasiya elementləri tətbiq edilib. Stansiyada milli memarlıq elementlərindən məharətlə istifadə olunmaqla, platformadakı oturacaqlar davamlı materiallardan hazırlanıb.
Metropolitendə ilk dəfə gediş kartlarının avtomatik yüklənməsi aparatları və vestibüllərdə sensorlu interaktiv sorğu köşkləri burada tətbiq edilib. Köşklərin displeyində Azərbaycan, ingilis və rus dillərindən birini seçdikdən sonra sərnişin yola sərf edəcəyi vaxt, keçid stansiyası, gedəcəyi stansiyanın ətrafındakı obyektlər barədə ətraflı məlumat verilirdi.
“Azadlıq prospekti” “Nəsimi” stansiyası istismara verildikdən bir il sonra sərnişinləri qəbul etməyə başlayıb və bununla metropoliten tarixində ilk dəfə dalbadal iki il ərzində stansiyalar istifadəyə verilib.
Bakı metropolitenində ilk dəfə bu stansiyada Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Tugela” tipli üç eskalator quraşdırılıb.
Bakı metropolitenində daha bir yenilik başlanğıcını bu stansiyadan götürüb: məlumatların yerləşdirilməsi üçün mərkəzləşdirilmiş sistem, işıqlandırma, mühafizə və təhlükəsizlik sistemləri quraşdırılıb.
Daha bir texnoloji yeniliklə qovşaqsız rels dövrələri hesabına rabitə avadanlığının sayı xeyli azaldılaraq, həcmcə kiçik ölçülü avadanlıqdan istifadə edilib. Yeni qurğular nasazlıqları dərhal müəyyənləşdirməyə və aradan qaldırmağa imkan verib. Qatarların hərəkətinin təşkili və təhlükəsizliyini təmin edən avadanlıq da yeni texnologiyalara əsaslanmaqla həmin dövr üçün mükəmməlliyi ilə seçilib.
Stansiyaya daxil olan qatarlarda “Cəngi” milli rəqsindən fraqment səslənir.