z

"Xalqlar dostluğu"

  • Açıldığı tarix:

    28 aprel 1989-cu il

  • Xətt:

    Qırmızı

  • Yollarının uzunluğu:

    100 m

  • Ünvanı:

    Q.Qarayev prospekti

  • Memarlar:

    Rasim Əliyev, Akif Abdullayev

“Xalqlar dostluğu”stansiyası

"Bakı Soveti-Əhmədli" sahəsində Sovet hakimiyyəti dövründə açılan son iki stansiyadan biridir. Açılışı Sovet hakimiyyətinin tənəzzülə uğradığı dövrün milli zəmində münaqişələrin get-gedə vüsət aldığı bir dövrə təsadüf edir. Sovet və Respublika rəhbərliyi dövrün ictimai-siyasi və sosial hadisələrinə reaksiya verərək, sanki artıq geriyə yolu olmayan prosesləri bərpa etmək istəyini nümayiş etdirərək Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu günün ildönümündə açılan stansiyaya "Xalqlar dostluğu" adını verdi.
Stansiya orijinal memarlıq üslübü ilə seçilir. Ağ mərmərdən işlənmiş çoxüzlü sütunların ənənəvi memarlıq sənətinə yaxınlığı var. Hər üz digərinə dərin qatda qalan alüminiumlu zolaqla birləşir və bu da sütunları qədd-qamətli edir. Sütunların kapitelilərinin açılan gül forması ilə dairəvi ağ tavan elementinə dirənməklə sanki bəyaz səmaya birləşərək əbədiyyət qazanır.
Dairəvi tavan asılqanları bir-birinə nəhəng bəyaz daş tirlərlə birləşib. Tavanda daha da dərin qatda yerləşən dairəvi qızılı halqa içərisinə batırılmış çıraqlar kosmik təsəvvür yaradaraq, bu mənzərəni daha da əzəmətli edir. Hər çıraqlı tavan halqası arasında iki sütun birləşməsi və onları həm də tavanın eni boyunca qoyulmuş daha üç bəyaz tir tamamlayır. Həmin tirlər stansiya yolu divarına qədər davam edir.
Çıraqlı halqaların sütunları qızılgülləri ilə döşəmənin qranit təbəqəsinin bütün kompozisiyasını tamamlayır. İşıqlanma zamanı bu mənzərə bütün parlaqlığı, qızılı-bəyaz effekti ilə genişlik təsiri bağışlayır. Bu işıqlanma stansiya yollarına doğru süd rənginə keçməklə, sanki iki nağıllar dünyasının arzularını birləşdirir.
Üzləmə işlərində tünd qranit və açıq rəngli mərmərdən istifadə olunub. Stansiyanın yol divarlarının mərmər təbəqəsinin üzəri mövzunu tamamlayan qızılı rəngdə bəzək elementləri ilə bəzədilib ki, bu da ümumi mövzunu və rəng çalarlarını tamamlayır.
Plaftormadan vestibülə iki çıxışından birində “ET-5M” tipli iki eskalator var.
2017-ci ildə Bakıda keçirilən İslam Həmrəylik Oyunları ərəfəsində stansiyanın keçidləri əsaslı təmir olunub.
Stansiyaya daxil olan qatarlarda bəstəkar Tofiq Quliyevin “Bəxtiyar” filmində səslənən “Əziz dost” mahnısından fraqment səslənir.