z

"İnşaatçılar"

  • Açıldığı tarix:

    31 dekabr 1985-ci il.

  • Xətt:

    Yaşıl

  • Yollarının uzunluğu:

    100 m

  • Ünvanı:

    A.M.Şərifzadə küçəsi

  • Memarlar:

    Zeynəb Quliyeva, Oqtay Şıxəliyev

"İnşaatçılar"stansiyası

Stansiya və tunelləri çox mürəkkəb geoloji şəraitdə inşa olunub. “Elmlər Akademiyası”ndan gələn tunelin tikintisi zamanı gözlənilməz və inanılmaz gücdə su axını başlayıb. Bu, Bakı metropoliteninin tikintisi dövründə baş vermiş ən böyük və yeganə uçqun hadisəsi olub. İnşa olunan tunel və texnika bütünlüklə uçqun altında qalıb və bundan sonra yeni plan əsasında tikinti işlərinə başlanıb. Tikinti qəza ərazisində su axınının maye azotla dondurulması üsulu ilə davam etdirilib. Stansiya bu səbəbdən metropoliten inşaatçılarının şücaətinin, fədakar əməyinin şərəfinə adlandırılıb.
2015-ci ildə stansiyanın hər iki keçidi əsaslı və yeni dizaynda təmir edilib. 
2016-cı il yanvarın 18-dən ikinci vestibüldə yerləşən eskalatorlar istismar müddətini başa vurduğu üçün dəyişdirilməsinə başlanılıb. ET tipli 3 eskalatorun əvəzinə Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Tugela” tipli iki eskalator qoyulub. Daha birinin əvəzinə daş pilləkən inşa olunub. Həmin il iyunun 1-də təmirə bağlanmış vestibül yenidən sərnişinlərin istifadəsinə verilib.
Daha sonra istismar müddətini başa vurmuş "ET-5" tipli 3 eskalatorun müasirləri ilə əvəzlənməsi məqsədilə birinci vestibüldə işlərə başlanılıb. 2017-ci il yanvar ayının 23-dən sərnişinlərin giriş-çıxışına bağlanmış maili gedişdə Almaniyanın "Thyssen Krupp" şirkətinin "Tugela" tipli avadanlığı quraşdırılıb. Həmin il aprelin 18-də birinci vestibül tamamilə yeniləşmiş görkəmi ilə sərnişinləri qəbul etməyə başlayıb. Eskalatorların maşın zalı, vestübülün kassa zalı tam yeniləşdirilib, mərmər-qranit örtüyü dəyişdirilib. Təmir müddətində keçid məntəqəsində yeni avtomat-nəzarət buraxılış köşkü və aparatları qoyulub. Əvvəlki kassa zalının qarşısında «BakıKart» kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa olunub. Həm girişdən eskalatorlara qədər, həm də eskalatorlardan çıxış qapısına qədər olan sahədə görmə məhdudiyyətli sərnişinlərin səmti asanlıqla müəyyənləşdirməsi üçün relyefli səthə malik tametdən yaradılmış zolaq tətbiq edilib.
Stansiyaya daxil olan qatarlarda Fikrət Əmirovun “Dağlar qızı Reyhan” xalq mahnısından fraqment səslənir.